Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-97/2025 19.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Cəfərova (Xudiyeva) Zülfiyyə Hüsaməddin qızının və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Şahbuz rayonu, A.Remeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 1 uşaq atası, Şahbuz rayonu, Qızıl Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 19 fevral 2025-ci il tarixli, 311696/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 14 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 08 iyul 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X1 verilməsi və alimentin tutulmasının əvvəlinin “01” noyabr 2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, icra məmurunun qanuni tələbinə əməl edilməmiş, beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında imkanı daxilində aliment borcunu ödədiyini, ayda 50 manat, 100 manat, bəzən 200 manat olmaqla ödənişlər etdiyini, işi olmadığı üçün ödəniş etməkdə çətinlik çəkdiyini, lakin alimenti ödəməkdən boyun qaçırmadığını, 8-9 ay olar ki, iş üçün müraciətlər etdiyini, ancaq müraciətlərinin nəticəsiz qaldığını, həm özünün narahat edilməməyi üçün, həm də uşağı üçün alimenti ödəməyə çalışdığını, Şahbuz rayon Məhkəməsində aliment təyin olunarkən 220 manat təyin edilməsini özünün istədiyini, nikahları pozularkən işdən çıxarıldığını, əvvəllər dəmir materialların alqı-satqısı ilə məşğul olduğunu, əlavə olaraq iş üçün İlham adlı şəxsə 2000 manat pul verdiyini, 1000 manatını borc aldığını, həmin şəxsin pulu qaytaracağını bildirsə də, bu günə kimi qaytarmadığını, özünün də bu səbəbdən vəkillər kollegiyasına müraciət etdiyini, həmin şəxsə qarşı iddia qaldıraraq pulunu alıb aliment borcunu bağlayaraq hər ay da ödənişlərini edəcəyini, bir daha da onu narahat edib, təhdid etməyəcəklərini, tələbkarın onu tutdurmaqla hədələdiyini, bu vəziyyətdə burada olmağın xoşuna gəlmədiyini, borcunu birdəfəlik bağlamaq istədiyini, icra məmurunun çağırışlarına pis vəziyyətdə qalmamaq üçün gəlmədiyini, icra məmurunun aliment borcunu ödəməyini deyəcəyini, özünün də pul olmadığını, ödəyə bilməyəcəyini bildirib pis vəziyyətdə qalacağını, iş qurmaq məqsədi ilə həmin şəxsə 2000 manat pul verdiyini, həmin vaxtı pulu aliment borcuna verə biləcəyini, lakin əlavə qazanc əldə edə bilməyəcəyini, o yolla əlavə qazanc əldə edib alimenti də vaxtı-vaxtında ödəmək istədiyini, hal-hazırda işlətdiyi telefonun Xiaomi redmi markalı telefon olduğunu, özünün almadığını, hədiyyə verildiyini, aliment borcu üçün telefonunu, ya da başqa əşyasını sata bilməyəcəyini, əşyaların dəyərlərinin də yüksək olmadığını, hər dəfə ödəniş etdikcə qəbzini icra məmuruna gətirə bilməyəcəyini, işsiz olduğu üçün alimenti tam şəkildə ödəməyə gücünün çatmadığını, məqsədinin pulunu alıb, iş qurub aliment borcunu ödəmək olduğunu, alimenti ödəməkdən də heç vaxt boyun qaçırmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Cəfərova (Xudiyeva) Zülfiyyə Hüsaməddin qızı Ədliyyə Nazirliyinə borcun ödənilməsi ilə bağlı şikayətə getdiyi zaman ona şəxsin bazarda işlədiyi barədə məlumat verildiyini, bu gün şəxsin işinin olmamasının ona maraqlı olmadığını, aliment borcunu təmin etməsini istədiyini, özünün şəkərli diabet xəstəsi olduğunu, hər ay müalicəyə getdiyini, şəxsin hər ay ödəniş etmədiyini, hərdən 50 manat, 100 manat olmaqla ödənişlər etdiyini, vaxtı-vaxtında alimenti ödəməsini istədiyini, ödədiyi pullar heç uşağın hazırlıq pullarını qarşılamadığını, əvvəl Hava Limanında müqavilə ilə işlədiyini, müqavilənin müddəti bitdiyi üçün işdən çıxmalı olduğunu, halhazırda işsiz olduğunu, ailəsinin köməyi ilə uşağa baxa bildiyini, lakin çox çətin olduğunu, çatdıra bilmədiyini, atasının 3 dəfə borclunu işə düzəltdiyini, lakin heç birində işləmədiyini, işləmək istəmədiyini, alimenti də ödəməkdən yayındığını, əvvəllər işləmədiyini, sonra nikahda olduqları vaxt 1 il dəmir materialların alqı-satqısı ilə məşğul olduğunu, şəxsin ya 2 gün ərzində bütün borcunu ödəməsini, daha sonra da alimenti hər ay vaxtı-vaxtında ödəməsini, ya da həbs edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında icra işi icraatına daxil olduğu vaxt zəruri olan bütün sənədlərin şəxsə göndərildiyini, şəxsə xəbərdarlıq edildiyini, şəxsin çağırışlarına gəlmədiyini, daha sonra şəxslə əlaqə saxlanıldığını, sənədlərin şəxsə təqdim edildiyini, 100 manat, 150 manat, 200 manat, 250 manat olmaqla bir neçə dəfə ödənişlər həyata keçirdiyini, lakin şəxsin qanuni göstərişlərinə əməl etmədiyini, dəfələrlə idarə binasına çağırılmağına baxmayaraq, gəlmədiyini, heç bir çağırışa əhəmiyyət vermədiyini, məcbur qalaraq şəxsin barəsində məcburi gətirilmə ilə bağlı məhkəməyə təqdimat verildiyini, bundan sonra polis vasitəsilə gəldiyini, dəfələrlə etdiyi ödənişlərin qəbzini ona göndərməsini dediyini, lakin ödəniş qəbzlərini protokol tərtib edildikdən sonra, yəni bu gün ona təqdim etdiyini, hər ay sabit məbləğdə ödəniş həyata keçirmədiyini, 1490 manat aliment borcu olduğunu, işin 31 yanvar 2024-cü il tarixdə icraatına daxil olduğunu, həmin vaxtı şəxsin 910 manat aliment borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 14 dekabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 08 iyul 2016-cı ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X1 verilməsi və alimentin tutulmasının əvvəlinin “01” noyabr 2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 15 dekabr 2023cü il tarixli tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 8(078)-7/2025 nömrəli qərardadından görünür ki, tələbkar Cəfərova (Xudiyeva) Zülfiyyə Hüsaməddin qızının borclu Şəxs qarşı aliment tələbinə dair Şahbuz Rayon Məhkəməsinin 2(090)-297/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli icra sənədinin icrası üzrə xx.xx.1984cü ildə Şahbuz rayonu, A.Remeşin kəndində doğulmuş, Şahbuz rayonu, Qızıl Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə qeyd edir ki, Şəxs zəruri vəsaitə malik olmasına baxmayaraq icra ödənişini vaxtı-vaxtında həyata keçirməmişdir. Belə ki, şəxsin özünün verdiyi izahatında avqust ayı 2000 manat pulu iş düzəltmək üçün verdiyini bildirmiş, həmçinin icra məmuru həmin vaxt şəxsin 960 manat borcu olduğunu bildirmişdir. Şəxs həmin vəsaiti tələbkara ödəyərək aliment borcunu qarşılaya biləcəyi halda ödənişi həyata keçirməmişdir. Bununla da icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinın yaranması əsaslarından biri də icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsidir. İcra məmuru məhkəməyə verdiyi izahatında “şəxsin qanuni göstərişlərinə əməl etmədiyini, dəfələrlə idarə binasına çağırılmağına baxmayaraq, gəlmədiyini, heç bir çağırışa əhəmiyyət vermədiyini, məcbur qalaraq şəxsin barəsində məcburi gətirilmə ilə bağlı məhkəməyə təqdimat verildiyini, bundan sonra polis vasitəsilə gəldiyini” bildirmişdir. Şəxs da izahatında bu halı inkar etməyərək, hətta “icra məmurunun çağırışlarına pis vəziyyətdə qalmamaq üçün gəlmədiyini, icra məmurunun aliment borcunu ödəməyini deyəcəyini, özünün də pul olmadığını, ödəyə bilməyəcəyini bildirib pis vəziyyətdə qalacağını” bildirərək həmin halı təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-97/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-97/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver