Məhkəmə qərarları › İş №3(079)-10/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-10/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-10/2023 16.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1 və Şahid2 iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Masis rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, 1 azyaşlı uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Babək rayonu Cəhri qəsəbəsində yaşayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin 16 yanvar 2023-cü il tarixli, 4/6 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 16 yanvar 2023-cü il tarixli, 010552 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 16 yanvar 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 14 yanvar 2023ci il tarixdə saat təxminən 18:05-də Cəhri qəsəbəsində ucadan səs-küy salan zaman polis əməkdaşı onu nizam-intizamlı olmağa dəvət etsə də, o, polisin qanuni tələblərinə tabe olmayaraq uca səslə nalayiq ifadələr səsləndirməyə davam etmişdir. 15 yanvar 2023-ci il tarixli, 0448 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx xxxxxxx 1977-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 15 yanvar 2023-cü il tarixdə, saat 10:05-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 16 yanvar 2023-ci il tarixdə, saat 10:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 14 yanvar 2023-cü il tarixdə Cəhri qəsəbəsində həyət evində quyu qazdığını, quyunu özünün qazdığını, torpağını isə X2 çəkdiyini, işlərini bitirdikdən sonra aldıqları pulla Cəhri qəsəbəsində yerləşən yeməkxanaya getdiklərini, orada 1 litr araq alıb içdiklərini, arağın böyük qismini özünün içdiyini, daha sonra saat 18 radələrində Cəhri qəsəbəsinin mərkəzinə gəldiklərini, oradan da araq, smetan və çörək aldıqlarını, həmin arağı da içib bitirdikdən sonra özünü idarə edə bilmədiyini, Polad adlı kənd sakininin orada meyvə və siqaret satdığını, ondan nisyə siqaret aldığını, daha sonra isə boş meyvə yeşiklərini təpiklə vurduğunu, Nazimlə birlikdə səs-küy salaraq nalayiq söhbətlər etdiklərini, polis əməkdaşlarının onlara yaxınlaşıb bu kimi hərəkətlərin yolverilməz olduğunu onlara izah etdiyini və sakitəşmələrini bildirdiyini, onun isə həmin hərəkətlərini davam etdirdiyini, daha sonra içkili olduğu üçün nə baş verdiyini xatırlamadığını, polis əməkdaşlarının onu sərxoşluq müayinəsinə apardıqlarını da ayıldıqdan sonra öyrəndiyini, bütün bunlara görə peşman olduğunu, orada olan şəxslərdən üzr istədiyini, həmin vaxt heç kimin əmlakına və ya sağlamlığına heç bir ziyan vurmadığını, heç kimə hədə-qorxu gəlmədiyini, xx.xx.2023-cü il tarixdə barəsində tutma tətbiq edilərək protokol tərtib olunduğunu, 15 yanvar 22023-cü il tarixdə azad olunduğunu, özünün evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 1 azyaşlı övladının olduğunu, əlilliyinin olmadığını, bütün bunlar nəzərə alınmaqla barəsində yüngül tənbeh tədbirinin görülməsini xahiş etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında 1 həftədir ki, Babək rayonu Cəhri qəsəbəsində açıq ərazidə meyvə yeşikləri qoyub meyvə satdığını, Hüseyni daha əvvəl bir dəfə də gördüyünü və onu “quyu qazan” olaraq tanıdığını, 14 yanvar 2023-cü il tarixdə Cəhri qəsəbəsinin mərkəzində Hüseyn və Nazim adlı şəxslərin içkili vəziyyətdə ucadan nalayiq söhbətlər edərək gəzişdiyini gördüyünü, Hüseynin ona yaxınlaşıb nisyə siqaret istədiyini və səhəri gün verəcəyini bildirdiyini, siqareti satdıqdan sonra onun kənara yığdığı boş meyvə yeşiklərini təpiklə vurub dağıtdığını, bu zaman Nazimin ona mənimlə işinin olmamasını bildirdiyini, səsküydən ehtiyat edərək oradan uzaqlaşanda polis əməkdaşlarının Hüseynə yaxınlaşaraq ondan cəmiyyət içində özünü yaxşı aparmasını tələb etdiklərini, Hüseynin isə oradan getməyəcəyini bildirdiyini eşitdiyini, hər ikisinin içkili olduğunun hiss olunduğunu, Hüseynin onun əmlakına ziyan vurmadığını bildirmişdir. Şahid2 Cəhri qəsəbə sakini olduğunu, 14 yanvar 2023-cü il tarixdə axşamçağı meyvə almaq üçün qəsəbənin mərkəzinə gəlib meyvə aldığını, orada olanda Hüseynin içkili halda başqa bir şəxslə ünvansız nalayiq ifadələr işlədərək aşağı-yuxarı gedib-gəldiyini, Hüseynin Polad adlı meyvə satanın meyvə yeşiklərini təpiklə vurduğunu gördüyünü, onlara yaxınlaşıb belə hərəkətlərin yolverilməz olduğunu onlara bildirdiyini, Hüseynin isə “buranın ağası mənəm, istədiyimi edə bilərəm” dediyini, bundan bir neçə dəqiqə sonra Polis əməkdaşlarının onlara yaxınlaşıb söhbət etdiyini, Hüseynin isə onlarla birlikdə getməyəcəyini deyərək eyni hərəkətlərə davam etdiyini, Hüseynin kiminsə əmlakına ziyan vurduğunu və ya kiməsə hədə-qorxu gəldiyinin şahidi olmadığını, işlətdiyi nalayiq ifadələri isə kimsənin adını çəkmədən işlətdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi İXM-in 510-cu maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, inzibati xəta materialına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Həmçinin şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.5-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin ifadələri və Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış əsasında müəyyən olunur ki, inzibati xəta bir qrup şəxs tərəfindən törədilmişdir. Şəxsin törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini - 1 azyaşlı uşağının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməli və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halları nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli, 0448 nömrəli tutma haqqında protokoldan, həmçinin Şəxs məhkəmədə verdiyi izahatdan aydın olur ki, Şəxs həmin tarixdə ayılmış və onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 15 yanvar 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar