Məhkəmə qərarları › İş №3(079)-103/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-103/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-103/2023 07.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Babək qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, üç uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Babək rayonu Nehrəm qəsəbəsində yerləşən sol kənarı yeməkxanasında inzibatçı işləyən (VÖEN: **********), 3-cü qrup əlil Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 07 avqust 2023-cü il tarixli 3-13-43- 7/2-5925/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 07 avqust 2023-cü il tarixli, 001975 nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 06 avqust 2023-cü il tarixdə təqribən saat 00-0030 radələrində Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yeməkxanada X3 və X2 ilə birlikdə ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən sol kənarı yeməkxanasını işlətdiyini, 06 avqust 2023-cu ildə Babək şəhəri Şahid1 üç nəfərlə birlikdə kafeyə gəlib çay içdiyini, təqribən gecə saat 00-0030 radələrində sakini Hüseynin stoldan durduqdan sonra ona yaxınlaşaraq işçilərin yaxşı xidmət etmədiyini, onların zəif olduğunu, onlara diqqət etməsini istəyərək bunu ona bir yaxını kimi söylədiyini, bu vaxt Hüseynin onun qoluna girərək bayıra çıxdığını, aralarında mübahisə olmadığını, bir az yüngülvari söz olduğunu, lakin bunun mübahisəyə çevrilmədiyini, orada olan öz yaxınlarının Şahid1 onunla mübahisə etdiyini düşündüyünü, buna görə də onların çığır-bağır etdiyini, özünün məsələni onlara izah etməsinə qədər məsələnin böyüdüyünü, öz yaxınları ilə Hüseynin yaxınları arasında mübahisə olduğunu, özünün Hüseynə qarşı nalayiq ifadə işlətmədiyini, sadəcə olaraq orada olanları sakitləşdirmək üçün onlara hirsləndiyini, onun obyektində qalmaqal yaratmasınlar deyə öz yaxınlarına əsəbləşdiyini qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş sənədlər və şahidlər Şahid1 və Şahid2 izahatları ilə tam sübuta yetirilmişdir. Şahid1 məhkəmədə verdiyi izahatında özünün 06 avqust 2023-cü ildə dostları ilə domino oynamaq və çay içmək üçün Nehrəm qəsəbəsində yerləşən kafeyə getdiyini, orada təqribən bir saat, bir saat yarım oturduqlarını, stoldan duran zaman kafenin sahibi Hüseynə yaxınlaşaraq xidmətin zəif olduğunu, ofisiantların qulluq etmədiyi dediyini, Hüseyni üzdən tanısa da, onunla indiyədək ünsiyyətinin olmadığını, bu vaxt orada olan Hüseyn yaxınlarının onların mübahisə etdiyini düşünüb qalmaqal yaratdığını, həmin vaxt özü Hüseynlə söhbət edən vaxt Yılmaz və Rəsulun ora gəlib ona qarşı söyüş söydüyünü, adam olanı “belə-belə edərəm” deyib söyüş söydüyünü, Hüseyni orda ümumi söyüş işlətdiyini, bu ümumi deyildiyinə görə özünə götürdüyünü, bu vaxt onunla gələn dostlarının maşına mindiyini, onların bu hərəkətlərindən sonra dostlarının maşından düşüb gəldiyini, söhbətin böyüdüyünü, orada onları söydüklərini, Rəsulun əynindəki köynəyi cıraraq “sizi də belə edərəm” dediyini, bu vaxt özünün məcbur qalıb Babək şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən bibisinin oğluna zəng edərək ora polis göndərməsini xahiş etdiyini, aralarında olan çığır-bağır və söyüşün təqribən 15-20 dəqiqə davam etdiyini, daha sonra polislərin gəlib onları şöbəyə gətirdikləri bildirdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında özünün Babək Rayon Polis İdarəsində post patrul xidmətində tağım komandiri işlədiyini, 06 avqust 2023-cü ildə növbətçi hissədən ona gələn zəng əsasında Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən yeməkxanaya getdiklərini, özləri ora çatanda Şahid1 aralıda durduğunu gördüklərini, Yılmaz və Rəsulun isə ona qarşı söyüş söydüyünü, Şəxs da söyüş söydüyünü, amma onun dediyi söyüşün Şahid1 ünvanlanmadığını, sadəcə orada olanları sakitləşdirmək istədiyini və məsələni böyütməyə ehtiyac olmadığını dediyini, bu zaman ondan niyə polisə məlumat vermədiyini soruşduqda Şəxs “ ehtiyac duymadım” cavabını verdiyini, bundan sonra orada olan və savaşan şəxsləri əvvəlcə sərxoşluğun müəyyən edilməsi üçün xəstəxanaya, daha sonra isə Babək Rayon Polis İdarəsinə gətirdiklərini, Rəsulun orada da çığır-bağır etdiyini, polis əməkdaşının tələbinə tabe olmadığını, ona “mən qaziyəm, böyrümdə qəlpələrim var” dediyini bildirmişdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, onun izahatından aydın olur ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə qeyd edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə qeyd edilən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmir. Lakin məhkəmə onun ailə olmasını, himayəsində üç uşaq olmasını və 3-cü qrup əlil olması məsuliyyəti yüngülləşdirən hal hesab edir. İşin məhkəmə araşdırılmış hallarından görünür ki, Şəxs təqsirləndirildiyi əməli X3 və X2 ilə birlikdə törədib. Bu şahidlərin izahatı ilə öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə görə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi də məsuliyyəti ağırlaşdıran haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 05 (beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 06 avqust 2023-cü il tarixli, 0573 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 06 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar