Məhkəmə qərarları › İş №3(079)-103/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-103/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-103/2024 08.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərlinin iştirakları ilə, xx.xx.1993-cü ildə Babək rayonu, Qoşadizə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 (iki) uşaq atası, orta təhsilli, işsiz, Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 3048.22 manat borcun və 49.06 manat dövlət rüsumunun cavabdehlər Şəxs və X1 alınaraq “Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatına ödənilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən isə barışıq sazişinin şərtlərinə əsasən Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 200 manat olmaqla ümumilikdə 400 manat alimentin xx.xx.2023-cü il tarixdən tutularaq uşaqların anası Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 23785 manat bir, 1800 manat da bir olmaqla alacağı pulun olduğunu, belə ki, Naxçıvan şəhərində məscidin və büstün inşasında işlədiyini, lakin pulunu ala bilmədiyini, pulunu alıb ay sonuna qədər bütün borcunu bağlayacağını, əmək müqaviləsi ilə işlədiyi vaxtlarda hər ay 300 manat ödəniş etdiyini, hazırda isə işləmədiyini, suallara cavabında isə 2 uşağının olduğunu, alimentin 2023-cü ilin avqust ayından hesablanmaqla oktyabr ayından təyin edildiyini, belə ki, alimentin miqdarı ilə bağlı mediasiya sessiyasında razılığa gəldiklərini, aliment təyin edilən zaman Bakı şəhərində “X8” oğlunun yanında anbardar işlədiyini və 355 manat əmək haqqı aldığını, 1 həftə bundan əvvəl həmin işdən ayrıldığını, işlədiyi müddətdə ödənişləri etdiyini, 2300 manat borcun Naxçıvan şəhərində olarkən işləmədiyi müddətdə yarandığını, 2024-cü ilin fevralından sonra hər ay 300 manat ödədiyini, bəzən 500-600 manat belə ödədiyini, belə ki, əlavə olaraq balıqçılıqla da məşğul olduğunu, Bakıya getməmişdən öncə əvvəlki Gəmiqaya şirkətində işlədiyini, sonra 2023-ci ü ilin avqust ayında işdən çıxıb Bakıya getdiyini, Finca Bankdan götürdüyü kreditə görə aylıq 192 manat olmaqla 4-5 ay banka ödəniş etdiyini, əməlindən peşman olduğunu bildirmiş, borcunu ödəməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında şəxsin aylıq 500 manat ödəməli olduğunu, alimentin keçən ilin avqust ayından barışıq sazişi ilə müəyyən edildiyini, sonuncu dəfə 2024-cü ilin sentyabr ayının 16-sı 300 manat ödənildiyini, 1 il ərzində 2900 manat aliment ödədiyini, aylıq 500 manat ödəyərsə razılaşa biləcəyəini, şəxsin barəsində tədbir görülməsi ilə bağlı yazılı şəkildə icra şöbəsinə müraciət etdiyini, lakin hazırda ondan şikayətinin olmadığını və barəsində inzibati tənbehin tətbiqini istəmədiyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əsgərli İsmayıl məhkəmə iclasında verdiyi izahatında Naxçıvan şəhər məhkəməsinin 2(078)-611/2024 nömrəli icra vərəqəsinin 03 may 2024-cü il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat göndərildiyini, şəxsə borcla bağlı məlumat verildiyini, şəxsin alimentlə bağlı aylıq 500 manat ödəyəcəyini bildirsə də maddi imkanının olmadığını bildirib aylıq 300 manat ödədiyini, Babək Rayon məhkəməsinin 2(079)-368/2024 nömrəli icra vərəqəsinin isə 01 iyul 2024-cü il tarixdə icraata qəbul edildiyini, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat göndərildiyini, şəxsə mövcud olan aliment borcunu ödəyib daha sonra həm kredit təşkilatına həm də aliment borcunun aybaay ödənilməsinin bildirildiyini, lakin 3-4 ay ərzində heç bir ödənişin olunmadığını, tələbkarın isə 02 oktyabr 2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək şəxsin ona 2300 manat aliment borcunun olduğunu bildirdiyini, şəxsin gəlirinin az olduğuna görə tələbin gəlirə yönəldilə bilmədiyini, belə ki, özünün aylıq ödədiyi məbləğin əmək haqqına yönəldiləcəyi halda tutulandan daha az ola biləcəyini, əmlakının müəyyən edilmədiyini, şəxsin aylıq 300-400 aliment borcundan ödədiyini, lakin kredit borcu ilə bağlı iki ay əvvəl icra sənədinin icraya yönəldilməsinə baxmayaraq aliment borcunu ödəmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildirişlər və xəbərdarlıqların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi üçün bütün lazımi tədbirlər icra qurumu tərəfindən görülmüşdür. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, şəxsin öz izahatı əsasında və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla onun “X8 OĞLU” adlı fərdi sahibkar yanında işlədiyi və 350 manat gəlirinin olduğu müəyyən olunmuşdur. Eyni zamanda Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-368/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdən icraya yönəldilməsinə baxmayaraq ödəniş etmədiyi, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə isə hər ay ödənilməli olan aliment borcu üzrə aylıq ödənişləri tam yerinə yetirmədiyi və borcunun yarandığı müəyyən olunmuşdur. Beləliklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün, icra məmurunun və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı İXM-in 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə araşdırması zamanı şəxsin aldığı əmək haqqının miqdarı (350 manat) və hər ay ödənilməli olan aliment miqdarı (400 manat), bununla bərabər şəxsin hər ay ödənilməli olan aliment borcunu qismən icra etməsi nəzərə alındıqda məhkəmə onun barəsində tənbeh tətbiq edərkən həbsin tətbiqi ilə bağlı müstəsna halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə sözügedən halları nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015ci il tarixli Qərarı). İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunsun və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar