Məhkəmə qərarları › İş №3(079)-104/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-104/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-104/2024 11.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Babək rayonu, Şıxmahmud kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 (dörd) azyaşlı uşaq atası, orta təhsilli, fərdi sahibkar VÖEN nömrəsi - **********, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Babək Rayon Notariat Ofisinin 8İ-3778 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Notariat Ofisinin 8İ-3778 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2787 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 3019 manat 36 qəpik pulun və 25 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3044.36 manat pulun tutularaq N nömrəli hərbi hissəyə ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşadığını, evli olmaqla 4 (dörd) azyaşlı övladı olduğunu, onların 2, 5, 8 və 11 yaşlarında olduğunu və özünün himayəsində olduğunu, ailə vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini, hazırda 1500 manat ödəyə biləcəyini, qalan borcunu isə bu ayın sonunadək ödəyə biləcəyini, 2023-cü ilin dekabr ayında borcun müəyyən olunduğunu, özünün bundan 7 ay sonra xəbərdar olduğunu, həmin vaxt borcla bağlı məlumatının olmadığını, bununla bağlı xəbərnamələri özünün imza edib götürdüyünü, yalnız xəbərnamələrdən birinin onun ailə üzvlərinin imza edib götürdüyünü, adına gələn bütün sənədlərdən xəbərdar olduğunu, borc müəyyən edildiyi vaxt Babək rayonu, Şıxmahmud kəndində yaşadığını, icra qeydi çıxdıqdan sonra ödəniş aparmadığını, ödənişi maddi imkanı olmadığından, həmçinin himayəsində 4 uşağın olmasına görə edə bilmədiyini, 3 ay olar ki, Babək rayonu Şıxmahmud kəndində yerləşən “Sərvan” marketi kirayə işlətdiyini, 10 sentyabr 2024-cü ildə xəbərdarlıq verilməsindən sonra qardaşının 2 dəfə əməliyyat olunduğunu, bu səbəbdən də ödəniş edə bilmədiyini, əməlindən peşman olduğunu və əlilliyi olmadığını qeyd etmiş, 1500 manatı bugün, qalan borcu isə ay sonuna qədər ödəməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əsgərli İsmayıl məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Notariat ofisinin 8İ-2565 nömrəli, 01 dekabr 2023-cü il tarixli icra qeydinin 05 dekabr 2023-cü ildə şöbənin icraatına daxil olduğunu, bununla bağlı icraata başlamaq haqqında qərar qəbul edildiyini və borcluya məlumat verildiyini, 12 yanvar 2024-cü ildə borclu ilə əlaqə saxladığını və borcu ödəmədiyindən şöbəyə gəlməsini təklif etdiyini, borclunun isə borcunu ödəməyəcəyini bildirdiyini, 25 yanvar 2024-cü ildə xəbərdar edildiyini, lakin borcu ödəmədiyindən yenidən 23 avqust 2024-cü ildə polis vasitəsilə şöbəyə gətirildiyini və həmin vaxt qəbulda olduğunu və borcunu 10 sentyabr 2024-cü ilədək ödəyəcəyinə dair söz verərək iltizama imza etdiyiini, lakin yenə də sözünə əməl etmədiyini, bu səbəbdən də bu gün polis vasitəsilə yenidən şöbəyə gətirildiyini, həmin vaxt ona yazılı xəbərdar edildiyini, borcunu ödəməsini istədikdə isə 8 aydır nəyə görə barəsində tədbir görülmədiyini qeyd etmiş, icra məmurunun humanist addımından sui-istifadə etmişdir. Zərərçəkmiş şəxs N nömrəli Hərbi Hissəyə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə ikinci şərtin mövcudluğuna münasibətdə bildirir ki, iş üzrə icra məmruu tərəfindən məhkəməyə təqdim edilmiş tarixli, nömrəli aktla Şəxs icra sənədi ilə tələb edilən bütün borc məbləğini tələbkara ödədiyi aydın olur. Belə olan halda digər orqanın qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbinin borclu tərəfindən tam yerinə yetirildiyi müəyyən olunduğundan inzibati xəta tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 11 oktyabr 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar