Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-105/2024 15.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Zeynalova Nəzakət Məmməd qızı, Şahid1 və Şahid2 iştirakları ilə, 12 avqust 1988-ci ildə Babək rayonu, Didivar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, iki azyaşlı uşaq anası, fərdi sahibkar yanında ofisiant işləyən, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 15 oktyabr 2024-cü il tarixli, 3-13-43-7/2-10824/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 15 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 04 oktyabr 2024-cü il tarixdə ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş şəxsin oğlu ilə qonşu olduğunu, onunla aralarında olan mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu, hadisənin 04 oktyabr 2024-cü il tarixdə Babək rayonu, Babək şəhərində baş verdiyini, əvvəl zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətdiyini, daha sonra isə əsəbiləşdiyindən özünün də ona qarşılıq verdiyini, həmin vaxt orada Daşınmaz Əmlak və Dövlət xidmətinin 4 əməkdaşının, şahidlər Hacı müəllimin, Tarverdi müəllimin, qarşı tərəfin, öz bacıları və uşaqlarının orada olduğunu, qarşı tərəfin ona “ sənin tayın deyiləm...” dediyini, onu əxlaqsızlıqda ittiham etməklə şər atdığını, özünün də ona “özün elə insansan ki, məni də elə görürsən, ağbirçək qadınsan ayıbdır, sənin də uşaqların var, nəyə görə mənə şər atırsan?” dediyini, başqa heç nə demədiyini, mübahisənin təqribən iki saat davam etdiyini, yaranmış səs-küyə görə oraya başqa heç kimin gəlmədiyini, səs tonunun indi danışdığı kimi ucadan olduğunu, zərərçəkmiş şəxsin oğlunun ona qarşı “sən çöldə kiminlə görüşürsən ki, həmin yolun açılmasını istəyirsən dediyini, özünün də ona “ayıb olsun, kişi qadına o sözü deyərmi?!” cavabını verdiyini, zərərçəkmiş şəxsə qarşı hər hansı fiziki müdaxilə etmədiyini, həmin vaxt əsəbi olduğunu, əməlindən peşman olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında hadisənin 05 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda oğlunun yaşadığını və həmin gün oraya getdiyini, əslində eyni torpaq sahəsində tikilmiş ayrı evlərdə yaşadıqlarını, hadisədən 1 gün əvvəl Xoşqədəmin onun oğlunun evinə gəldiyini və mübahisə yaratdığını, həmin vaxt mübahisənin sonlandığını, hadisə günü Xoşqədəmin ona hədə-qorxu gəldiyini, Xoşqədəmin ona qarşı nalayiq ifadələr işlətdiyini, həmin sözləri burada deməyə utandığını, Xoşqədəmin ona və gəlininə qarşı nalayiq ifadələr işlətdiyini, “rüşvətxorsan, dövlətin pulun yığıb ev tikmisən, səni və oğlunu öldürərəm, siz mənim qarşımda kimsiniz, mənim qarşımda at oynada bilməzsiz” dediyini, özünün isə ona heç nə demədiyini, həmin vaxt orada gəlini X5, oğlu X2, şahidlərdən Hacı müəllimin, onun sürücüsünün, Daşınmaz Əmlak və Dövlət xidmətinin əməkdaşları Elxan və Həşim müəllimin, onların sürücüsünün, qonşudan bir uşağın və polis əməkdaşlarının orada olduğunu, polis əməkdaşlarından birinin adının Cavid olduğunu, digərlərini isə tanımadığını, həmin vaxt Xoşqədəmin uca səslə danışdığını, mübahisənin 20 dəqiqə davam etdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmədiyini, qarşı tərəfə isə xəbərdarlıq edilibedilmədiyini bilmədiyini, qarşı tərəfdən heç bir şikayət və tələbinin olmadığını, sadəcə olaraq belə bir halın təkrarlanmamasını xahiş etdiyini qeyd etmişdir. Şahid2 məhkəmədə verdiyi izahatında özünün Babək rayonu, Babək şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs aparıcı mütəxəssis kimi tabeliyində işlədiyini, Zərərçəkmiş şəxs və Şəxs ilə hər hansı qohumluğunun və düşmənçiliyinin olmadığını, hadisə vaxtı xidmətdə olduğunu, həmin vaxt bələdiyyə sədrinin ona zəng edərək şikayət olduğunu və Kamran Zeynalovgilin məhəlləsinə getməli olduqlarını bildirdiyini, özlərinin bundan sonra oraya getdiklərini, həmin vaxt orada torpaqla bağlı mübahisə olduğunu, özünün əvvəlcə onları barışığa dəvət etdiyini, sonra polis əməkdaşlarının gəldiyini, özlərinin isə işə qayıtdığını, həmin vaxt Xoşqədəmin və Nəzakətin bir-birlərini təhqir etmlərini görmədiyini, Torpaq Komitəsinin əməkdaşlarının gəldikləri vaxt özlərinin mübahisə olduğu yerdən 15-20 metr kənara çəkildiklərini, polis əməkdaşları ora gəldikdən sonra özlərinin də ora yaxınlaşdığını, şəxslər arasında nalayiq ifadələr işlədilməsinin şahidi olmadığını, həmin vaxt ucadan səs-küy olduğunu, lakin bunun tərəflərin qohumları olan kənar şəxslərin müdaxiləsi ilə olduğunu, orada Babək Rayonu, Babək şəhəri X1, Daşınmaz Əmlak və Dövlət Xidmətinin əməkdaşları Elxan müəllimin, Həşim müəllimin, digər şəxslərdən isə zərərçəkmiş şəxin oğlu Kamran Zeynalovun, Xoşqədəm Məmmədovun bacılarının və anasının olduğunu qeyd etmişdir. Şahid1 məhkəmədə verdiyi izahatında özünün Babək rayonu, Babək şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sürücü işlədiyini, Zərərçəkmiş şəxs və Şəxs ilə hər hansı qohumluğunun və düşmənçiliyinin olmadığını, hadisənin Babək rayonu, Babək şəhərində təqribən 10 gün əvvəl baş verdiyini, hadisə vaxtı icra nümayəndəsi Hacı müəllimə zəng gəldiyini, bundan sonra hadisə yerinə getdiklərini, həmin vaxt orada səs-küy eşitdiyini, özünün hadisə yerindən 30 metr kənarda maşının yanında dayandığını, bu səbəbdən də səsləri aydın eşidə bilmədiyini, hadisə yerinə çatdıqları vaxt şəxslər arasında mübahisənin olduğunu, Xoşqədəmin və Nəzakətin mübahisə etdiklərini, səsin gəldiyini, lakin onların bir-birlərini təhqir etmələrini, nalayiq ifadələr işlətmələrini eşitmədiyini, mübahisə olarkən Hacı müəllimin tərəflərə yaxın dayandığını, vəzifəli şəxslərdən Babək rayon Torpaq şöbəsinin müdirinin, əməkdaşı Elxan müəllimin və digər əməkdaşlarının, Babək şəhər Bələdiyyə sədrinin, digər şəxslərdən isə Zərərçəkmiş şəxs oğlunun orada olduğunu, oraya başqa şəxslərin yığışmağını görmədiyini qeyd etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş sənədlər, zərəçəkmiş şəxsin və şahidlərin izahatı ilə sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni zamanda məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, 32.2-ci maddəsinə əsasən şəxsin himayəsində azyaşlı uşaqların olmasını və şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Belə ki, şəxsin barəsində AZEMİS-dən qohumluq məlumatları üzrə çıxarışdan onun himayəsində xx.xx.2011 və xx.xx.2009-cu il təvəllüdlü azyaşlı uşaqların olması, həmçinin digər məhkəmə və icra işləri üzrə məlumatlardan əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. Şəxsin əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, İXM-in 32.2-ci maddəsi nəzərə alınmaqla şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını və himayəsində azyaşlı uşaqların olmasını, yaşını və xətanın törədilməsinin xarakterini nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 510-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Normanın tələbindən də görünür ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Məhkəmə isə belə hesab edir ki, hazırda inzibati tənbehin məqsədinə nail olmaq üçün müstəsnalıq mövcud deyildir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxsin barəsində protokol tərtib edilməsi məqsədilə tutma tətbiq edildiyini nəzərə alan məhkəmə belə hesab edir ki, cərimənin məbləği olaraq müəyyənləşdirilməlidir. Belə ki, protokola əlavə edilmiş “15” oktyabr 2024-cü il tarixli, 0722 nömrəli tutma haqqında protokoldan Şəxs barəsində həmin tarixdə tutulma tədbiri tətbiq edilməsi görünür. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə tətbiq edilməsi məqsədə uyğundur. Şəxs Babək rayonu, Didivar kəndində yaşadığından qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib onun barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-105/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-105/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver