Məhkəmə qərarları › İş №3(079)-107/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-107/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-107/2023 09.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və böyük icra məmuru X5 iştirakı ilə xx xxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Didivar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, (Fin kod – xxxxxxx) Babək rayonu, Nəzərabad kəndində yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 avqust 2023-cü il tarixli, 97759/xx-xx/2019 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 avqust 2023-cü il tarixli, 013207 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin icra sənədinin 05 fevral 2019-cu ildə icraata daxil olduğunu, icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə borcluya verildiyini, Şəxs müəyyən dövrlər üçün aliment pulunu ödədiyini, lakin 2023-cü ilin yanvar ayında Şəxs 580 manat borclu olduğunu, 2023-cü ilin mart ayının 9-da borclunun 580 manat ödəniş etməklə borcunu tam ödədiyini, sonra 2023-cü ilin fevral ayından ödəniş etmədiyini və nəticədə 1200 manat məbləğində borcu yarandığını, borclunun icra sənədini icra etməmə səbəbi kimi səhhətində problem olmasını bildirdiyini, borclunun həqiqətən də səhhətində ciddi problemlər olduğunu, borlunun bir müddət xəstəxanada müalicə aldığını, lakin tələbkarın mütəmadi olaraq yuxarı orqanlara icra sənədinin icra edilməməsi ilə bağlı şikayətlər edərək narahatçılıq yaratdığını, bu səbəbdən də Şəxs əməlinə qiymət verilməsi üçün məhkəməyə müraciət etdiyi qeyd etmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında məhkəmə qərarına əsasən Novruzun hər ay ona 200 manat aliment ödəməli olduğunu, lakin borclunun 2023-cü ilin fevral ayından alimenti ödəmədiyini, hazırda onun 1200 manat borcu yarandığını, özünün həmin puldan imtina etmədiyini, lakin Novruzun tutulmasını da istəmədiyini, hazırda özünün bir övladının serebral iflic xəstəsi olduğunu, ona baxmaq üçün özünə pul lazım olduğunu, Novruzun uşaqlarının atası olduğunu, böyük oğlu Hüseynin onu çox istədiyini, üç gündür atasını yuxuda gördüyünü, buna görə də onun tutulmasını istəmədiyini, özünün də borclunun səhhətində ciddi problemlərinin olmasından məlumatlı olduğunu, onu Türkiyə Respublikasına müalicəyə aparacağını, Novruzun heç olmazsa ayda 200-300 manat ödəniş etməsini istədiyini, bundan aşağı məbləği qəbul etmədiyini, həmçinin başqa şəxslərdən Novruzun spirtli içki qəbul etməsini eşitdiyini, buna görə onun aliment pulu əvəzinə, içkiyə pul tapıb verməsinə əsəbləşdiyini bildirmişdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında məhkəmə qərarına əsasən Ritaya hər ay 200 manat aliment ödəməli olduğunu, lakin 2023-cü ilin fevral ayından səhhətində yaranan problemlərə görə ödəniş edə bilmədiyini, buna görə də 1200 manat borcu yarandığını, ciyərində su yığışdığını, həmçinin də onikibarmaq bağırsağında yara olduğunu, Bakı şəhərində 28 gün bir, 12-13 gün də bir ayrı-ayrı vaxtlara xəstəxanada müalicə olunduğunu, həmçinin yaxınlarda Naxçıvan şəhərində ciyərinə su yığışması ilə bağlı müalicə aldığını, onun ciyərində olan suyun çəkildiyini, xəstəxanadan 15 gün olar ki, çıxdığını, hazırda onikibarmaq bağırsağında olan ağrılar səbəbi ilə işləyə bilmədiyini, onun əməliyyat olunması üçün 5000 manat pul istədiklərini, özünün isə buna imkanının olmadığını, atasının pensiyasından hər ay tələbkara 100 manat təklif etdiyini, ancaq Ritanın onu qəbul etmədiyini, özün barışaraq ailəsini bərpa etmək istədiyini, özünün 5-6 ay olar ki, spirtli içki qəbul etmədiyini bildirmişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - bu icra edilməmə üzrsüz səbəbdən baş verməli; -Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli; -sonuncu qeyd edilən qanuni qüvvəyə minməli; - qərarın qəbul edildiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə əməl təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(079)-76/2019 nömrəli icra sənədindən Zərərçəkmiş şəxs Şəxs qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməsi, 04 fevral 2019-cu il tarixli qətnamə ilə “07” yanvar 2019-cu il tarixdən hesablanmaqla, 23 dekabr 2010-cu il tarixdə anadan olan X2 və 23 aprel 2017-ci il tarixdə anadan olan X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat miqdarında aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs ödənilməsi qət edilməsi müəyyən edilir. İki, dörd beş və altıncı şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, xəbərdarlığın surətindən o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün ona rəsmi qaydada xəbərdarlıq edilib. İnzibati xəta haqqında protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 3(079)- 07/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarından aydın olur ki, Şəxs Babək Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(079)-76/2019 nömrəli icra sənədini icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan isə təsdiq edilir ki, Babək Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(079)-76/2019 nömrəli icra sənədi üzrə borclunun 1200 (bir min iki yüz) manat ödənilməmiş öhdəliyi mövcuddur. Bu qeyd edilənlər isə iki, dörd beş və altıncı şərtlərin mövcudluğunu təsdiq edir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmurunun 19 iyun və 01 avqust 2023-cü il tarixlərdə borcluya yazılı qaydada xəbərdarlıq təqdim etməsi sübuta yetirilir. İşdə iştirak edən şəxslərin məhkəmə verdiyi izahatlarından isə aydın olur ki, borclu məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 7 günlük inzibati həbs tənbeh tədbirinə etinasız yanaşmamış və həmin qərarın çıxarılmasından sonra tələbkara olan 580 manat borcu tam ödəmişdi. İşdə olan sənədlərdən hazırda borclunun işsiz olması müəyyən edilir. Borclu isə məhkəməyə X7 xəstəlik tarixçəsindən çıxarışı, 12 iyul 2023-cü il tarixli, 041185 nömrəli tibbi xidmətə göndəriş vərəqəsini, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının stasionar epikrizini,13 iyul 2023-cü il tarixli resept blankını, 20 iyul 2023-cü il tarixli analiz nəticələrini məhkəməyə təqdim edərək, səhhətində problemlər olduğunu, onikibarmaq bağırsağında yara olması bildirərək, səhhəti ilə bağlı olaraq işləyə bilmədiyini bildirmişdi. Onun məhkəməyə təqdim etdiyi həmin sənədlərdən borclunun səhhətində qeyd edilən xəstəliyin olması və onun 13 iyul 2023-cü ildən 20 iyul 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Xəstəxanasında stasionar müalicədə olması müəyyən edilir. Məhkəmə Babək Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarının çıxarılmasından sonra 04 fevral 2019-cu il tarixli, 2(079)-76/2019 nömrəli icra sənədi üzrə borclunun səhhətində yaranış problemlərə görə ödəniş edə bilməməsini üzrlü səbəb hesab edir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 avqust 2023-cü il tarixli, 013207 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar