Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-107/2024 16.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədovun iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Babək rayonu, Didivar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 (üç) azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Didivar kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 16 oktyabr 2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(079)-485/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-412/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 3838.17 manat borc və 58.39 manat dövlət rüsumunun Şəxs alınaraq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Həmçinin Babək Rayon Məhkəməsinin 2(079)-485/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış 17 iyul 2023-cü il tarixli 312nkXRD/23 nömrəli kredit müqaviləsi üzrə 2547.73 (iki min beş yüz qırx yeddi manat, yetmiş üç qəpik) manat əsas, 177.9 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat faiz, 16.52 (on altı manat , əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2742.15 (iki min yeddi yüz qırx iki manat, on beş) manat borc cavabdeh Şəxs tutularaq "xxxx" X5 Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında evli olmaqla himayəsində azyaşlı üç uşağının olduğunu, əvvəl Naxçıvan şəhərində fəhlə işlədiyini həmin vaxt ardıcıl olaraq bankın özünə 3 ay ödəniş etdiyini, işləri dayandığı üçün Qarabağa işləmək məqsədilə getdiyini, bir müddət orada işlədikdən sonra Bakı şəhərinə getdiyini, Bakı şəhərində əldə etdiyi qazancı kirayə puluna və öz dolanışığına xərclədiyini, sonra Naxçıvana qayıtdığını, hazırda 15 gün olar ki, işlədiyini, maddi imkanı olduqca hər ay 300-350 manat ödəniş edə biləcəyini, borcla bağlı məhkəmə qətnamələrindən vaxtında xəbərdar olduğunu, ümumilikdə 6889 manat borcunun olduğunu, məhkəmə qətnaməsi çıxdıqdan sonra 145 manat əsas borc, 260 manat faiz borcu və sonuncu dəfə 4 ay əvvəl bir icra sənədi üzrə icra ödənişini etdiyini, Qarabağda "xxxx" QSC-də 1 ay fəhlə işlədiyini və 900 manat əmək haqqı aldığını, bundan sonra "xxxx" MMC-də 1 ay fəhlə işlədiyini və 800 manat əmək haqqı almalı olduğunu, lakin pulunun yalnız 250 manat ala bildiyini, krediti götürüb Babək rayonu Didivar kəndində yerləşən evin təmirinə xərclədiyini, hazırda Naxçıvan şəhərində adını bilmədiyi müəssisədə fəhlə işlədiyini, lakin əmək müqaviləsinin olmadığını, əməlindən peşman olduğunu, Bakı şəhərində olarkən qardaşının borcla bağlı ödəniş etdiyini və bununla bağlı qəbzlərin şəkillərini telefon vasitəsilə ona göndərdiyini, lakin hazırda həmin qəbzlərin özündə olmadığını, qardaşının cəmi 300 manat ödəniş etdiyini, onun 260 manatının icra ödənişinə çıxıldığını, əgər imkan yaradılarsa aylara bölünməklə borcunu ödəyə biləcəyini, bütün borcu ödəməyə imkanının olmadığını qeyd etdi. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədov məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 2(079)-412/2023 nömrəli icra sənədinin 01 sentyabr 2023-cü il tarixdə, 2(079)-485/2024 nömrəli icra sənədinin isə 11 sentyabr 2024-cü il tarixdə şöbənin icraatına daxil olduğunu və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edildiyini və borclunun qeydiyyatda olduğu ünvana göndərildiyini, qeyd etdiyi icra sənədləri üzrə borclunun indiyədək ödəniş etməsi barədə qəbzləri şöbəyə təqdim etmədiyini və borcu ödəməsi barədə heç bir məlumat vermədiyini, borclunun yaşadığı yer məlum olmadığından 03 iyul 2024-cü il tarixdə qeydiyyatda olduğu ünvana baxış keçirildiyini, həmin vaxt borclunun orada yaşamadığı müəyyən edildiyindən 08 iyul 2024-cü ildə axtarış barədə qərar qəbul olunmuş və icra olunması üçün Babək Rayon Polis İdarəsinə göndərildiyini, borclunun 16 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verildiyini, həmin vaxt ondan yazılı izahat alındığını və xəbərdar edildiyini, həmçinin həmin tarixdə borclunun iltizam verərək icra sənədi üzrə borcunu ödəməsi üçün 27 sentyabr 2024-cü ilədək vaxt verilməsini xahiş etdiyini, lakin üzərinə götürüdüyü öhdəliyi yenə də icra etmədiyini, bu səbəbdən də bu gün Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət edildiyini, həmin vaxt izahatının alındığını və icra sənədləri üzrə borcu barədə xəbərdar edildiyini, 2(079)-412/2023 nömrəli icra sənədi üzrə borclunun qardaşının pulu tam ödəməyi öhdəsinə götürdüyünü, lakin pulun banka ödənilməsi barədə heç bir qəbzin təqdim olunmadığını, 12 aprel 2024-cü il tarixdə 272.75 manat icra ödənişi edildiyini, digər icra sənədi üzrə isə heç bir məbləğ ödənilmədiyini, X2 nümayəndəsi ilə əlaqə saxladığı vaxt 2(079)- 412/2023 nömrəli icra sənədi üzrə 2750.88 manat qalıq borcunun olduğunu bildirdiyini, bankın nümayəndəsinin qeyd etdiyi borcla icra sənədində qeyd edilən borcun 168 manat fərq etdiyini qeyd etmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs "xxxx" X5 Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş və xəbərdarlıqların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi üçün bütün lazımi tədbirlər icra qurumu tərəfindən görülmüşdür. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində icraat aparılan şəxs icra sənədlərinin icrasına dair sübutları məhkəməyə təqdim etməmiş, işin araşdırılması zamanı borclunun yalnız bir icra sənədi üzrə icra ödənişini etməsi, bir icra sənədinə əsasən isə cəmi 160 manat ödəniş etməsi müəyyən olunmuş, beləliklə qətnaməsinin icrası üçün borclunun mümkün bütün imkanlardan istifadə etməsi aşkar edilməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İXM-in 30.1ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə şəxsin icra sənədləri üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi üçün mövcud imkanlardan istifadə etməməsini, özünün izahatı və “AZEMİS”-dən gəlir məlumatları üzrə çıxarışlardan müəyyən vaxtlarda işləyib gəlir əldə etməsinə baxmayaraq icra sənədlərinin icrasında maraqlı olmamasını həbsin tətbiqi üçün müstəsna hal hesab edərək belə nəticəyə gəlir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. İXM-in 31.4-cü maddəsinin tələbinə görə isə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 oktyabr 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 16 oktyabr 2024-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-107/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-107/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver