Məhkəmə qərarları › İş №3(079)-108/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-108/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-108/2023 22.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Naxçıvan rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu BDPNEW), orta təhsilli, evli, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, Babək rayonu Zeynəddin bələdiyyəsinin sədri işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 10 avqust 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 08 avqust 2023-cü il tarixli, 1252 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 avqust 2023-cü il tarixli, 013223 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdi. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında əvvəlki bələdiyyə sədrinin səhhətində problem olduğundan işdən çıxdığını, bir müddət həmin vəzifənin boş qaldığını, lakin sonra bununla bağlı müəyyən çətinliklər yarandığından icra hakimiyyətinin təklifi əsasında Zeynəddin bələdiyyəsinin sədri seçildiyini, özünün əvvəlcədən bu vəzifənin məsuliyyətindən məlumatsız olduğunu, üç ildir ki, bələdiyyə sədri işlədiyini, işlədiyi dövr ərzində təqribən 50-60 həyətyanı torpaq sahəsi barədə sərəncam verildiyini, əvvəllər qərarların vaxtında verilməməsi ilə bağlı hər hansı problem yaranmadığını, lakin son dövrlər sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul edildiyini, özünün həmin qərarları bütün sənədləşmə işləri qurtardıqdan, yəni torpaq komitəsi və daşınmaz əmlak komitəsindən sənədləri aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə göndərəcəyini düşündüyünü, 10 may və 02 iyun 2023-cü il tarixli qərarları göndərməmişdən 5 gün öncə şöbə rəisi Xəyal müəllimə zəng edib protokolu olduğunu dediyini, sonuncunun isə ona “sən gəlsən də idarədə olmayacağam, yoxlamalardayam, özüm onsuz də ora yoxlamaya gələcəyəm” dediyini, özünün həftənin birinci günü Xəyal müəllimə zəng etdiyini, onların isə həftənin beşinci günü, yəni 7 avqust 2023-cü ildə Zeynəddin bələdiyyəsinə yoxlamaya gəldiyini, həmin vaxt ona irad tutulduğunu, qərarın müəyyən müddətdə verilməli olmasından xəbərsiz olduğunu, əslində özünün bələdiyyə sədri işləmək istəmədiyini, bununla bağlı bir neçə dəfə müraciət etdiyini, amma müraciətinin qəbul edilmədiyini, bu günədək bu vəzifə ilə bağlı əmək haqı almadığını bildirmişdi. Şəxs barəsində olan inzibati xəta haqqında iş materiallarını qanunvericiliyin tələbləri daxilində araşdıran məhkəmə müəyyən edir ki, Şəxs Babək rayonu Zeynəddin bələdiyyəsinin 10 may 2023-cü il tarixli, 07 nömrəli və 02 iyun 2023-cü il tarixli, 09 nömrəli qərarlarının surətini “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsində müəyyən edilmiş müddətdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə təqdim etməmişdi. Qeyd edilən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olan əməldir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdi. Belə ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş; - Babək rayon Zeynəddin bələdiyyəsinin 06 avqust 2020-ci il tarixli, 31 nömrəli protokolunun və eyni tarixli, nömrəli qərarının təsdiq edilmiş surətlərindən Şəxs həmin bələdiyyənin sədri seçilməsi; - Babək rayon Zeynəddin bələdiyyəsinin 10 may 2023-cü il tarixli, 07 nömrəli protokolunun təsdiq edilmiş surətindən bələdiyyə üzvlərinin həmin tarixdə keçirdiyi iclasda sahibkarlıq məqsədi ilə Babək rayonu, Zeynəddin kəndində yerləşən 175 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq rəylərin alınmasından örtü Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə və Babək Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciət etməsinin qərara alınması; - Babək rayon Zeynəddin bələdiyyəsinin 10 may 2023-cü il tarixli, 07 nömrəli məktubdan həmin bələdiyyənin yuxarıda qeyd edilən 10 may 2023-cü il tarixli, 07 nömrəli protokolunun və ondan çıxarışların surətlərinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 07 avqust 2023-cü ildə göndərilməsi; - Babək rayon Zeynəddin bələdiyyəsinin 02 iyun 2023-cü il tarixli, 09 nömrəli protokolunun təsdiq edilmiş surətindən bələdiyyə üzvlərinin həmin tarixdə keçirdiyi iclasda sahibkarlıq məqsədi ilə Babək rayonu, Zeynəddin kəndində yerləşən 50 kvadrat metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq rəylərin alınmasından örtü Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə və Babək Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciət etməsinin qərara alınması; - Babək rayon Zeynəddin bələdiyyəsinin 02 iyun 2023-cü il tarixli, 14 nömrəli məktubundan və 07 avqust 2023-cü il tarixli aktdan həmin bələdiyyənin yuxarıda qeyd edilən 02 iyun 2023-cü il tarixli, 09 nömrəli protokolunun və ondan çıxarışların surətlərinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 07 avqust 2023-cü ildə göndərilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İİ hissinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; -144-cü maddəsinin İ hissəsinin mahiyyətindən görünür ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; bələdiyyənin reqlamentinin təsdiq edilməsi; bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi və bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyənin səlahiyyətləridir və həmin məsələlər bələdiyyələr iclaslarında həll edilir; - 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun preambula hissəsində qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. Sözü gedən Qanunun: - 1-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir; -2-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunlardan və normativ-hüquqi aktlardan ibarətdir; -3.1-ci maddəsində qeyd edilir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. İnzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının dairəsi isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-ci maddəsində öz əksini tapıb. Həmin normaya görə Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri: - dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktların; - bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların; - yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktların; - yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; - bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktların; - bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarların; - qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Qeyd edilən hüquq normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Babək rayon Zeynəddin bələdiyyəsi 10 may və 02 iyun 2023-cü il tarixdə bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə akt qəbul etmiş, bu aktı 5 iş günü müddətində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməli olduğu halda, həmin aktları 07 avqust 2023-cü ildə həmin orqana göndərmişdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 19 mart 2012-ci il tarixli, 1-N nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”ın 2.9-cu bəndi ilə müəyyən edilir ki, bələdiyyələr qəbul edilmiş aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günü ərzində təqdim etmədikdə, həmçinin araşdırmaların aparılmasına maneçilik törədildikdə Mərkəz və ya İdarə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə isə həmin Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsindən aydın olur ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Buna görə də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edilmişdi. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri qismində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Onun əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmədə araşdırılan sübutlardan Şəxs hazırda bələdiyyə sədri işləməsi aydın olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə onun ilk dəfə inzibati xəta törətməsini, törətdiyi əməldə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar