Məhkəmə qərarları › İş №3(079)-11/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-11/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(079)-11/2021 24.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx xxxxxx 2020ci il tarixli, 067-19061 nömrəli məktubu ilə daxil olmuş Şəxs barəsində toplanmış inzibati xəta haqqında materialı işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyən etdim: İnzibati xəta haqqında materialdan belə məlum olur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin polis kapitanı Əkbər İbayev tərəfindən xx.xx.1971-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən xüsusi karantin qaydalarının pozulmasına görə MN-0633225 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin tarixli inzibati tənbeh vermə haqqında qərarla Şəxs barəsində 100 (yüz) manat məbləğində cərimə tənbeh növü seçilmiş, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2020-ci il tarixdə icrası üçün Babək rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Babək rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ilə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən (borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə) inzibati tənbeh vermə haqqında qərar onu vermiş orqana - Səbail Rayon Polis İdarəsinə qaytarılmış, qərardan şikayət vermə qaydası izah olunmuşdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə Səbail Rayon Polis İdarəsindən xx.xx.2020-ci il tarixli, 067-19061 nömrəli məktub daxil olmuşdur. X1 Respublikası Babək rayonu, Cəhri kənd sakini xx.xx.1971-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunmuş sərt karantin rejimi zamanı Bakı şəhəri, Səbail rayonu ərazisində olarkən AR İXM-in 211.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində MN-0633225 nömrəli protokol tərtib olunaraq 100 manat məbləğində cərimə olunduğu, möhlət hüququ müddətində cərimə məbləğini ödəmədiyindən barəsində toplanmış inzibati xəta haqqında materialın Babək rayon İcra və Probasiya Şöbəsinə göndərildiyi, Babək rayon İcra və Probasiya Şöbəsi tərəfindən qərarın icra olunmadan geri qaytarıldığı qeyd olunmuş, sonda isə Şəxs barəsində toplanılmış inzibati xəta haqqında materialın icra olunmasından ötrü AR İXM-in 43 və 103-cü maddələri rəhbər tutulmaqla məhkəməyə göndərildiyi bildirilmışdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakimin inzibati xəta haqqında işlərə baxarkən həll etdiyi məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini müəyyən etməkdir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla (prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq haqqında qərar qəbul olunması) inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Göründüyü kimi materiallar məhkəməyə inzibati xəta haqqında protokol əsasında deyil, müşayiətedici məktubla daxil olmuşdur. Beləliklə materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmçinin məhkəmə səlahiyyətli orqanın inzibati xəta haqqında materialın icra olunması üçün göndərilməsi barədə xahişi ilə bağlı qeyd edir ki, icra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur. Qeyd edilən qanuna əsasən inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədləri sayılır. Qanunda həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 529.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra baş idarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları tərəfindən tərtib olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 067-19061 nömrəli məktubu ilə daxil olmuş Şəxs barəsində toplanmış inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində toplanmış inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar