Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-11/2023 16.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə qərar Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə xx xxx 1979-cu ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), natamam orta təhsilli, evli, dörd uşaq atası Babək rayonu, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsi Cəhri polis bölməsinin 16 yanvar 2023-cü il tarixli, 4/6 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 15 yanvar 2023-cü il tarixli, 010553 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 16 yanvar 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 14 yanvar 2023-cü il tarixdə təqribən saat 1805 radələrində Babək rayonu, Cəhri qəsəbəsinin mərkəzində ucadan nalayiq ifadələr işlətməsi, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” və “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməllərini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş X4 və X1 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında Babək rayonu, Cəhri qəsəbəsində yaşadığını, quyu qazmaqla ailəsini dolandırdığını, son dövrlər isə Hüseyn adlı şəxslə birlikdə işlədiyini, 14 yanvar 2023-cü ildə Babək rayonu, Cəhri qəsəbəsində Vaqif adlı şəxsin quyusunu qazıb qurtardıqdan sonra ev sahibinin onlara zəhmət haqqı olaraq 30 manat pul, həmçinin yarım litr araq verdiyini, Hüseynlə yeməkxanaya gedib orada yemək yediklərini, orada Vaqifin verdiyi arağı içdiklərini, sonra əlavə olaraq bir ədəd də yarım litrlik araq aldıqlarını və onu da içdiklərini, bundan sonra Hüseynin gedib mağazadan bir ədəd də araq aldığını, onu içməyə başladığını, lakin özünün sonuncu alınan araqdan içmədiyini, Hüseynin evə maşınla getmək qərarına gəldiyini, buna görə də qəsəbənin mərkəzinə gəldiklərini, Hüseynin orada meyvə yeşiklərini təpiklədiyini, sərxoş olduğu üçün onunla bərabər özünün də söyüş söydüyünü, bundan sonra polis əməkdaşının onlara yaxınlaşdığını, ondan evə getməsini istədiyini, həmin özünün Hüseyni dartaraq evə aparmaq istədiyini, lakin onun evə getmək istəmədiyini və bu səbəbdən də səs-küyün çox olduğunu, Hüseyni orada tək qoymamaq üçün polis dediyini etmədiyini, sonra hər ikisinin şöbəyə aparıldığını, oradan isə onları sərxoşluğun müayinəsi üçün apardıqlarını, sərxoş olduqlarından evə buraxıldıqlarını, ertəsi gün ayıldığını, həmin günü polis şöbəsinə çağırıldığını, hər iksinin barəsində sənədləşmə aparıldığını, etdiyi əməkdən çox peşman olduğunu, evli olmasını, himayəndə iki azyaşlı uşaq olmasını, elə də çox spirtli içki düşkünü olmadığını, sadəcə olaraq Hüseynlə birlikdə işlədiyi üçün onu tək qoyub getmək istəmədiyini bu səbəbdən bu əməli törətdiyini bildirmişdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə isə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, işsizdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan başqa məhkəmə onun ailə olmasını, himayəsində azyaşlı uşaq olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Şəhər Təcili X8 Hüquqi şəxsi tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli, 84 nömrəli aktda Şəxs qanında alkoqolun konsentrasiyasının 0,48 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07(yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda və idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməllərin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını, xüsusi ilə onun himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli, 0446 nömrəli tutma haqqında protokoldan, həmçinin Şəxs məhkəmədə verdiyi izahatdan aydın olur ki, Şəxs həmin tarixdə ayılmış və onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyə görə Şəxs barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 15 yanvar 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-11/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-11/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver