Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-110/2023 11.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahid X2 iştirakı ilə xx xxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, (Fin kod – xxxxxxx) Babək rayonu, Zeynəddin kəndində yaşayan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühafizəçi işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 11 avqust 2023-cü il tarixli 3-13-43-7/2-5994/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 11 avqust 2023-cü il tarixli, 001976 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında 2010-cu ildə Şəxs ilə ailə qurduğunu, onunla birgə nikahından iki uşaq dünyaya gəldiyini, İbrahimlə 2018-ci ildə ayrıldığını, lakin aralarında mübahisələrin davam etdiyini, hazırda özünün X3 ilə ailə qurduğunu, onun birlikdə Babək rayonu, Zeynəddin kəndində yaşadığını, 08 avqust 2023cü ildə səhər saat 11 radələrində həyat yoldaşı ilə Babək rayonu, Zeynəddin kəndinə getdiyini, taksidən düşən zaman İbrahimin arxadan motosikletlə gəldiyini gördüyünü, həmin vaxt özünün əri ilə birlikdə kənd qəbiristanlığının yanından keçib ara yolla anasıgilə getmək istədiyini, yol enli olsa da bu vaxt İbrahimin əvvəlcə kənddə olan qarpız satanların yanında, sonra isə gəlib onların qarşısında durduğunu, ona və həyat yoldaşına qarşı ağıza alınmayan nalayiq ifadələr işlətdiyini, bu vaxt ərinin ona “yolunla düz get” dediyini, daha sonra İbrahimin onları yenidən söydüyünü, sonra “uşaqları səndən alacağam” dediyini, bu sözdən sonra ərinin ona “uşaqları get qanuni yolla al” dediyini, hadisənin kəndin girişində baş verdiyini, həmin yerə yaxın olan bir evin olduğunu, lakin yaxınlarda özlərindən başqa heç kimin olmadığını, bu günədək İbrahimin hərəkətlərinə onun evində olan xəstə insanla görə heç demədiyini, lakin onun əlindən bezdiyini, marşrutda gedən zaman aynadan ona baxdığını, İbrahimin əvvəllər də onun evinə girərək onu narahat etdiyini, buna görə həbs edildiyini bildirmişdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında Zərərçəkmiş şəxs bildirdiklərinin hamısının yalan olduğunu, həqiqətən də 08 avqust 2023-cü ildə motosikleti ilə kəndə gələn zaman selov deyilən yerdə Aləm və onun əri ilə qarşılaşdığını, amma onların taksidə görmədiyini, kəndin qeyd edilən yerindən keçidin əlverişli olmadığını, yəni orda məcburi piyadaya yol verməli olduğunu, bu zaman Aləm və əri həmin yolla getdiyindən, özü bazarlıq edərək evə çoxlu sumkalarla getdiyindən məcbur qalaraq onlara yol verdiyini, həmçinin həmin yola gedən zaman toz-torpaq qaldıracağından mübahisə yaranmasın deyə onların getməyini gözlədiyini, bu zaman onların aralarında pıçıldaşdığını, sonra Hakanın ona yaxınlaşaq “bizi gördün durdun?” dediyini, özünün isə ona “yox” cavabı verdiyini, bundan sonra Aləmin aləmin söhbətə qarışdığını, ona qarşı təhdid edici sözlər işlətdiyini, “gör sənin başına nə oyun açacağam” dediyini, əslində özü ilə Hakan arasında elə də ciddi mübahisə baş vermədiyini, özünü onlara qarşı hər hansı söyüş işlətmədiyini, sadəcə olaraq Aləmlə aralarında mübahisə edən vaxt Hakan söhbətə qarışdığından ona “o, səndən qabaq mənim arvadım idi, sən qarışma” dediyini, özünün marşrutda Aləmə baxmasının yalan olduğunu, çünki iki ildir ki, öz motosikleti ilə gedib-gəldiyini və marşrutdan istifadə etmədiyini, uşaqlara verdiyi alimenti azalan vaxtdan Aləmin ona qarşı qərəzli olduğunu və daim ona şər atdığını, hadisə olan yerdə çığır-bağır və söyüş olmadığını, qısa mübahisədən sonra oradan ayrıldığını qeyd etmişdi. Şahid X3 məhkəmədə verdiyi izahatında Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olduğunu, bazar ertəsi günü Aləmlə onun anasıgilə getmək istədiyini, kənd qəbiristanlığının yanından keçən zaman İbrahimin motosikletlə gəlib onların qarşısında durduğunu, bu zaman özünün ona haqlı olaraq “bizi gördün durdun?” dediyini, bundan sonra İbrahimin onlara qarşı təhqiredici ifadələr işlətdiyini, Aləm də onun arvadı olduğu üçün özünün onu müdafiə etdiyini, aralarında mübahisə yarandığını, İbrahimin Aləmə “dayan uşaqları sənin əlindən alacağam” dediyini, özünün isə “get qanuni yolla nə edirsən et” dediyini, hadisə olan yerdə özlərindən başqa heç kimin olmadığını , İbrahimin əlindən bezdiyini, onları çox narahat etdiyini bildirmişdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, işin araşdırılmış hallarından Zərərçəkmiş şəxs 08 avqust 2023-cü ildə Babək Polis İdarəsinə ərizə ilə müraciət etməsi, müraciətində Şəxs onun və həyat yoldaşının qarşısını kəsərək onlara qarşı ucadan nalayiq ifadələr işlətməsini, həyat yoldaşı ilə mübahisə etdiyini, onu sakitləşdirməyə çalışsa da ona məhəl qoymadığını bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatlardan Zərərçəkmiş şəxs ilə X3 arasında rəsmi nikah münasibətlərində olması müəyyən edilməsə də, zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi izahatından aydın olur ki, şahid X3 ilə faktiki nikah münasibətindədir. Şəxs isə onun keçmiş əridir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatardan o da müəyyən edilir ki, tərəflər arasında kifayət qədər məhkəmə mübahisəsi olmuş və onlar arasında hazırda gərgin münasibətlər davam etməkdədir. Məhkəmənin fikrincə hazırda baxılan işin xarakteri ona deməyə imkan verir ki, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə ilk olaraq Zərərçəkmiş şəxs nəzərinə çatdırır ki, birinin cəmiyyət üzvləri arasında digər şəxsə qarşı nalayiq ifadələr işlətməsi, yəni təhqir etməsi inzibati xəta əməlinin tərkibi deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübuta yetirildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Digər bir tərəfdən isə bir-biri ilə normal münasibətlərində olmayan, daha dəqiq ifadə edilərsə gərgin münasibətdə olan yalnız keçmiş ər-arvadın və ya onun yeni həyat yoldaşının izahatlarına əsaslanmaqla şəxsin təqsirli hesab edilməsi ədalətli və obyektiv hesab edilə bilməz. Çünki əvvəllər ailə münasibətlərində olmuş, sonradan ayrılmışdı. Hazırda isə aralarında əvvəlki ailə münasibətlərindən irəli gələn mübahisələrin davam edən şəxslərin bir-birinin barəsində qeyd etdikləri fikirlərin həqiqiliyi özlüyündə şübhə doğurmaqla yanaşı, qərəzli olması ehtimalını da artırır. Yəni Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əmilin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, Şəxs təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 11 avqust 2023-cü il tarixli, 001976 protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-110/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-110/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver