Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-112/2023 14.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlər Şahid2 və Şahid1 iştirakı ilə, xx xxxx 1982-ci ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, bir uşaq atası Babək rayonu, Qahab qəsəbəsində qeydiyyatda olan və yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 14 avqust 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 14 avqust 2023-cü il tarixli 3-13-43- 7/2-6213/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 14 avqust 2023-cü il tarixli, 001984 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 13 avqust 2023-cü il tarixdə təqribən saat 03-04 radələrində Babək rayonu, Hacıvar kəndində ucadan səs-küy salaraq ictimai qaydanı pozması, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” və “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməllərini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında Babək rayonu, Qahab kəndində yaşadığını, 13 avqust 2023-cü ildə gecə saat 03 radələrində Naxçıvan şəhərinə gedib bazara iki yeşik armud satıb evinə geri qayıtdığını, Babək rayonu, Hacıvar kəndi istiqamətinə döndükdən sonra yolun solunda olan yol polisi maşının işıq ataraq onu saxladığını, özünün maşını təqribən Babək rayonu, Hacıvar kənd məktəbinin yanında dayandırdığını, bu zaman polis əməkdaşının ona yaxınlaşaraq sənədləri tələb etdiyini, sənədləri verdikdən sonra yol polisinin ondan sərxoşluğun müəyyən edilməsi üçün aparatı üfürməsini istədiyini, özü tərəfindən aparatı üfürdükdən sonra polis əməkdaşının ona düzgün üfürmədiyini qeyd edib, onu Naxçıvan şəhərinə təcili tibbi yardıma apardığını, bir nəfər yol polisi və iki nəfər digər polislə birlikdə təcili yardıma getdiklərini, orada da aparatı üfürməsini istədiklərini, lakin həmin vaxt özünün narahat olduğunu, bunu həkimə dediyini, həkimin onu müayinə etməsindən sonra onun qan təzyiqinin düşdüyünü dediyini, ona bir dərman verdiklərini, dərman qəbul etdikdən sonra aparatı üfürdüyünü, ondan sonra onu xəstəxanaya apardıqlarını, orada da qan analizi verdiyini, həmin vaxt analizə baxan həkimin məzuniyyətdə olduğunu və aparatın işləmədiyini bildirdiklərindən Hacıvar kəndinə qayıtdıqlarını, özünün birinci arvadının öldüyünü, həmin nikahdan bir uşağının olduğunu, onun da ayağı ilə bağlı ikinci qrup əlil olduğunu, arvadının ölümündən yeddi il keçdikdən sonra ailə qurduğundan övladının özünə bağlı olduğunu, həmin vaxt polislərə gedib uşağına yemək verib gəlməsini istədiyini, ona 5-10 dəqiqəlik icazə verəcəklərini dediklərini, amma onu Babək Rayon Polis İdarəsinə gətirdiklərini qeyd etmişdi. Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsində yol polisi vəzifəsində işlədiyini, 13 avqust 2023-cü ildə gecə saat təqribən 0430 radələrində xidmətdə olarkən bir avtomobilin Babək rayonu, Hacıvar kəndi istiqamətinə tərəf döndüyünü, onun həmin vaxt sola dönmə nişanı vurmalı olduğu halda bunu etmədiyini, buna görə də həmin avtomobili saxladığını və şəxsdən sənədləri təqdim etməsini istədiyini, bu zaman Şəxs spirt iyi gəldiyindən onda alko-testdən keçməyi təklif etdiyini, onun aparatın aidiyyəti hissəsini ağzına soxaraq üfürməli olduğunu izah etdiyi halda Rəşadın bunu etmədiyini, dodaqlarını və ya dişlərini aparata dayayıb nəfəsini ona vemədiyini, ondan bunu dəfələrlə düzgün qaydada etməsini istəsə də, Şəxs israrla öz bildiyi kimi etdiyini və çığır-bağır etdiyini, məcbur qalıb Babək Rayon Polis İdarəsinə növbətçi hissəyə məlumat verdiyini, oradan iki polis əməkdaşı gəldikdən sonra Rəşadla polis əməkdaşı Cavid Qasımov arasında gərginlik yarandığını, bu zaman Şəxs ucadan çığır-bağır etdiyini, onu hədələdiyini, daha sonra onun Naxçıvan Şəhər Təcili X6 apardıqlarını, şəxsin orada da alko-test aparatını üfürməkdən imtina etdiyini, buna görə məcbur qalıb onun qanını analizə vermək üçün respublika xəstəxanasına apardıqlarını, həmin vaxt Şəxs analiz üçün qan nümunəsi alınsa da, həkim məzuniyyətdə olduğundan analizin cavabını ala bilmədiklərini, şəxsin alko-testdən keçirilməsindən imtina etməsi anını özünün telefon vasitəsi ilə video çəkilişini apardığını qeyd etmişdi. Digər Şahid1 məhkəmədə verdiyi izahatında özünün Babək Rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsində işlədiyini, 13 avqust 2023-cü ildə növbətçi hissəyə gələn məlumat əsasında polis əməkdaşı Cavid Qasımovla birlikdə təqribən saat 0430 radələrində Babək rayonu, Hacıvar kəndinə getdiklərini, həmin vaxt yol polisi əməkdaşının Şəxs alkotest aparatını üfürməsini istədiyini, lakin Rəşadın ona əməl etmədiyini, həmin vaxt Şəxs polis Cavid Qasımova tabesizlik etdiyini və ucadan səs-küy saldığını, bundan sonra onu Naxçıvan Şəhər Təcili X6 apardıqlarını, onun orada alko-test aparatından keçirmək istədiklərini, Şəxs orada da testdən keçməyi imtina etdiyini, bundan sonra məcbur qalıb onu xəstəxanaya qan analizi vermək üçün apardıqlarını, Rəşaddan qan nümunəsi götürülsə də həkim məzuniyyətdə olduğundan analizə cavab ala bilmədiklərini, bunda sonra polis idarəsinə gəldiklərini bildirmişdi. Məhkəməyə bir ədəd kompakt diskdə olan video görüntülərdən Şəxs Naxçıvan Şəhər X1rkən sərxoşluq vəziyyətinin müayinəsindən keçmək üçün zəruri olan hərəkəti etməməsi, yəni xüsusi texniki vasitəni üfürməməsi və onun ucadan səs-küy salaraq polis əməkdaşını hədələməsi müəyyən edilir. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə məhkəmədə dindirilən şahidlərin izahatı və məhkəməyə Şahid2 təqdim etdiyi video görüntülərlə ilə sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə isə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, o, işsizdir. Məhkəmə qeyd edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə qeyd edilən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmir. Lakin məhkəmə Şəxs evli və bir uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07(yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda və idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməllərin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını, həmçinin onun ilk dəfə inzibati xəta törətməsini, barəsində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ona 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 13 avqust 2023-cü il tarixli, 0581 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 80.2-ci və 80.3-cü maddələrinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir; -115.4 və 115.4.3-cü maddəsinin mahiyyətinə görə inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll olunmalı, maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılımalı və ya sahibinə verilməlidir. Yuxarıda qeyd edilən normaların tələbindən çıxış edən məhkəmə belə hesab edir ki, hadisənin video görüntüləri olan bir ədəd kompakt disk inzibati xəta haqqında işin saxlama müddəti ərzində iş materiallarında saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyə görə Şəxs barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 13 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Hadisənin video görüntüləri olan bir ədəd kompakt disk inzibati xəta haqqında işin saxlama müddəti ərzində iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-112/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-112/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver