Məhkəmə qərarları › İş №3(079)-112/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-112/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-112/2024 29.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, VÖEN:**********, fərdi sahibkar, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən yaranmış borcunu ödəməkdən yayınması ilə əsaslandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin 2(079)- 95/2024 tarixli, 18 fevral 2019-cu il tarixli icra vərəqəsinin 27 mart 2024-cü il tarixdə icraata daxil olduğunu, 28 mart 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə məlumatın borclunun qeydiyyatda olduğu ünvana göndərildiyini, 08 aprel 2024-cü il tarixdə borclunun əmlak və gəlirlərinin müəyyən olunması üçün onun qeydiyyatda olduğu Cəhri qəsəbəsində yerləşən evinə baxış keçirildiyini, borclunun həmin ünvanda yaşamadığı və giriş qapısının bağlı olmasının müəyyən edildiyini və müvafiq akt tərtib edildiyini, şəxsin yaşayış yeri məlum olmadığından 14 avqust 2024-cü ildə barəsində axtarış qərarı qəbul edildiyini və Babək Rayon Polis İdarəsinə göndərildiyini, şəxsin 04 oktyabr 2024-cü il tarixdə Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verildiyini, həmin vaxt şəxsin izahatı alındığını və borcu ödəməsi barədə rəsmi xəbərdarlıq edildiyini, şəxsin 29 oktyabr 2024-cü ildə yenidən şöbəyə dəvət olunduğunu və borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq edildiyini, tələbkar Zərərçəkmiş şəxs 29 oktyabr 2024-cü il tarixdə şöbəyə müraciət edərək ona ödəniləcək vəsaitin tam ödənilməsini, əks halda şəxs barəsində tədbir görülməsini xahiş etdyini, suallara cavabında tələbkara borclunun anası tərəfindən müraciət edildiyini, bankdan kredit götürüb 1400 manat ödəməyi təklif etdiyini, bununla bağlı özünün tələbkarla əlaqə saxladığını, lakin tələbkarın da bunu qəbul etmədiyini, pulun tam ödənilməsini istədiyini, daha sonra borclunun anasının da banka müraciət etmədiyini, borcdan heç bir ödəniş olunmadığını, icra sənədi üzrə şəxsin işlətdiyi nömrələrdən biri ilə əlaqə saxlanılaraq borc barədə məlumat verildiyini, onun 04 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən gətirilən zaman da borc barədə məlumatının olmadığını bildirdiyini, şəxsə həmin vaxt icraata başlamaq haqqında qərarın surətinin təqdim edildiyini, ona göndərilən icra bildirişlərinin geri qayıtdığını, həmin sənədlərin yenidən icra nümayəndəliyinə göndərilmədiyini, 08 aprel 2024-cü il tarixdə şəxsin evinə baxış zamanı giriş qapısının bağlı olmasının müəyyən edildiyini, icra nümayəndəsinə borcla bağlı icra sənədinin olmasının şifahi şəkildə bildirildiyini qeyd edərək, çıxışında müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında rəsmi gəliri olmadığından pulu ödəyə bilmədiyini, 1400 manat bu gün tələbkara təklif etdiyini, lakin tələbkarın buna razı olmadığını, suallara cavabında borcla bağlı qətnamənin çıxmasından xəbərinin olmadığını, məhkəmə sənədlərinin qeydiyyatda olduğu Babək rayonu Cəhri qəsəbəsinə olan ünvana göndərilməsindən xəbərinin olmadığını, yaxın qohumlardan da heç kimə qətnamənin verilmədiyini, özünün isə Naxçıvanda yaşamadığını, anası ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda kirayə mənzildə yaşadığını, 03 oktyabr tarixində Naxçıvana gəldiyini və 01 oktyabr 2024-cü il tarixdə icra vərəqəsindən xəbərinin olduğunu, həmin vaxtdan sonra ödəniş edə bilmədiyini, hiss-hissə ödənişlə bağlı şöbəyə təklif etsə də, qarşı tərəfin buna razı olmadığını, borcun tam ödənilməsinin tələb edildiyini, Bakı şəhərində kirayədə qaldığını, evli olmaqla iki azyaşlı uşağının olduğunu, orada logistika şirkətində sürücü işlədiyini, aldığı əmək haqqının sürdüyü reysə görə dəyişdiyini, təxminən aylıq 700-800 manat gəliri olduğunu, Naxçıvana gələnə qədər orada işlədiyini, tələbkara bugün 1400 manat verməyi təklif etsə də tələbkarın bunu qəbul etmədiyini, 2009 manat borcu olduğunu, ailəsində ondan başqa işləyən şəxsin olmadığını bildirib, çıxışında borcun tam ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş İnzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 08 may 2021-ci il tarixli, 196 nömrəli kredit müqaviləsi üzrə 850 (səkkiz yüz əlli) manat əsas, 51 (əlli bir) manat cərimə borcu, 08 may 2021-ci il tarixli 197 nömrəli müqavilə üzrə 1010 (bir min on ) manat əsas, 61 (altmış bir) manat cərimə borcu olmaqla, ümumilikdə 1972 (bir min doqquz yüz yetmiş iki) manat məbləğində borcu və 37.05 (otuz yeddi manat beş qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərində göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Məhkəmə bildirir ki, Şəxs icra sənədi üzə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə məlumatın rəsmi qaydada verilməsi öz təsdiqini tapmır. Belə ki, sözügedən sənədlərin şəxsin qeydiyyatda olduğu ünvana göndərilməsinə dair xx.xx.2024-cü il tarixli reyestrin mövcudluğu hələ sənədlərin rəsmi qaydada verilməsi hesab olunmur. Sözügedən reyestrdən həmin sənədlərin “xəbərnaməli” göndərilməsi müəyyən olunsa da protokola əlavə olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə icra işindən 01 oktyabr 2024-cü ildə məlumatının olmasını qeyd etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan məhkəməyə Şəxs qeyd etdiyi faktı təkzib edəcək faktı təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsi ilə müəyyən edilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bu norma İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa icra məmuru məhkəmədə verdiyi izahatında Şəxs mobil nömrəsi ilə əlaqə saxlanıldığını qeyd etsə də, sözügedən halı təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Yuxarıda qeyd ediləndən belə nəticəyə gəlmək olur ki, Şəxs özü barəsində Babək Rayon Məhkəməsinin 2(079)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra işinin olmasından xx.xx.2024-cü ildən məlumatlı olmuşdur. Bu səbəbdən həmin icra sənədi üzrə tələbin könüllü icra müddəti də həmin müddətdən hesablanmalıdır. Belə ki, protokola əlavə edilmiş sənədərdən sözügedən sənədlərin şəxsə xx.xx.2024-cü il tarixdə şəxsən təqdim edildiyi müəyyən olunur. Məhkəmə bildirir ki, şəxsin özünün hər hansı bir kreditora borcunun olmasını bilməsini, borclunun özü barəsində icra işinin olması ilə eyniləşdirmək düzgün olmaz. Həmçinin icra məmurunun izahatından şəxsin qeydiyyatda olduğu ünvana 2024-cü ilin aprel ayında baxış keçirilməsi nəticəsində şəxsin həmin ünvanda yaşamadığını müəyyən etdiklərini, lakin bundan sonra da könüllü icra haqqında bildiriş və icraata başlama haqqında qərarın surətinin rəsmi qaydada verilməsi üçün şəxsin qeydiyyatda olduğu yer üzrə icra nümayəndəliyinə göndərilmədiyini bildirmidşdir. Qeyd edilənlər isə onu deməyə imkan verir ki, icra məmuru tərəfindən borclunun icra işi barədə lazımi qaydada məlumatlandırılmaması, ona icra sənədlərini təqdim edilməsi onun barəsində olan icra işlərindən məlumatsız olması ilə nəticələnmişdir. Bütün bu araşdırlanlar isə onu sübut edir ki, borclunun əməlində barəsində danışılan ikinci şərt, yəni bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmək və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməklə bağlı elementlər mövcud deyildir. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar