Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-112/2025 07.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8, Zərərçəkmiş şəxs1 və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1971-ci ildə Naxçıvan şəhəri, Badaşqan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 (dörd) uşaq atası, orta təhsilli, fərdi sahibkar (VÖEN-**********), işsiz, Babək rayonu, Badaşqan kəndində qeydiyyatda olmaqla yaşayan X3 (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 07 avqust 2025-ci il tarixli, 279974/10xx-xx/2024 nömrəli məktubu ilə X3 İXM-in 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 07 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı X3 Şahbuz Rayon Məhkəməsinin 2(090)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, həmin məhkəmənin 2(090)- 187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Babək Rayon Məhkəməsinin 2(079)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(079)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-25338 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı barəsində Babək Rayon Məhkəməsinin “13” may 2025-ci il tarixli, 3(079)-73/2025 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, həmin icra sənədi üzrə yaranmış pul borcunu bir il ərzində təkrar ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında verdiyi izahatında əlilliyinin olmadığını, həbs verildiyi vaxt xəstə olduğu üçün vəziyyətinin daha da ağırlaşdığını, həbsdən çıxdıqdan sonra ağırlaşdığı üçün müalicə aldığını, beyin travmasının olduğunu, əlilliyinin müəyyən olunmadığını, uşaqların saxlanılmasında iştirak etməli olduğunu anladığını, bu gün 230 manat aliment borcundan ödədiyini, avtomobilinin üzərinə həbs qoyulduğunu, bir neçə günə həbsin müddətinin bitəcəyini, onu satıb aliment borcunu ödəyəcəyini, bu ayın sonunadək isə digər avtomobilini satıb bütün borclarını ödəyəcəyini, sonuncu dəfə 13 may 2025-ci ildə barəsində inzibati həbs tənbeh növünün tətbiq edildiyini, həbsdən çıxdıqdan sonra səhhəti ilə əlaqədar borclarından ödəniş edə bilmədiyini, alimentin 2024-cü ildə təyin edildiyini, aliment təyin olunduqdan sonra heç bir ödəniş etmədiyini, 2024-cü ilin noyabr ayında “Vaz 011” markalı avtomobil aldığını, avtomobili ümumi etibarnamə əsasında 5000 manata kreditlə aldığını bildirib, yekunda isə qardaşının alma bağlarında olan təqribən 7-8 ton almanı sataraq ayın sonunadək bütün borclarını bağlaya biləcəyini, bu səbəbdən də ayın sonunadək vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında iki ildir aliment təyin olunsa da, hələ də Şəmilin aliment ödəmədiyini, iki uşağa təkcə baxdığını, böyük oğlunun Şəmil ilə qalarkən dişlərinin qırıldığını və müalicəsi üçün 160 manat pul lazım olduğunu, həmçinin onun kürəyində əyrilik olduğunu və müalicə üçün maddi imkanının olmadığını, 400 manata kirayədə qaldığını, Şəmilin 2 gündən bir marketdə alış-veriş etdiyini, Şəmilin qardaşının meyvə bağı olduğunu, oradan çıxan meyvələri satdığını, həm Şəmilin, həm də onun qardaşının qazanc əldə etdiyini, aliment borcundan indiyədək ödəniş etmədiyini bildirib, yekunda isə Şəmil Babazadənin barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclasında verdiyi izahatında X3 barəsində şöbədə 6 icra sənədinin olduğunu, alimentlə bağlı icra sənədinin 18 sentyabr 2024-cü il tarixdə icraata daxil olduğunu və icraata başlamaq haqqında qərar məktubla birlikdə tərəflərə göndərildiyini, Zərərçəkmiş şəxs1 da digər icra və probasiya şöbəsində Şəmil Babazadəyə aliment borcu olduğundan onların razılığa gəldiklərini və 05 fevral 2025-ci ilədək Şəmilin aliment borcunun əvəzləşdirilərək silindiyini, Şəmilin 1800 manat aliment borcunun qaldığını, bu gün isə onun 230 manat ödədiyini və hazırda 1570 manat aliment borcunun qaldığını, digər icra sənədləri üzrə isə heç bir ödəniş etmədiyini bildirib, yekunda isə Şəmil Babazadənin barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. X3 törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. X3 təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki; - şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; - şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - bu icra edilməmə üzrsüz səbəbdən baş verməli; - Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli; - sonuncu qeyd edilən qanuni qüvvəyə minməli; - qərarın qəbul edildiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə əməl təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 2(090)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan 03 fevral 2013-cü il təvəllüdlü X6 və 13 dekabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 05 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat miqdarında aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs1 ödənilməsi, həmin məhkəmənin 2(090)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X1 51 (əlli bir) manat miqdarında rüsumun tutularaq dövlət büdcəsinə keçirilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, Babək Rayon Məhkəməsinin 2(079)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasan iddia qaldırılan zaman ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin məhkəmənin 2(079)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən isə ekspertiza tədqiqatının dəyəri olan 90 (doxsan) manat miqdarında məhkəmə xərcinin cavabdeh X1 alınaraq X11 Muxtar Respublikası İdarəsinin AZ88NABZ******************** nömrəli hesabına ödənilməsi və Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-25338 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən isə Bank Olmayan Kredit X14 Məsuliyyətli Cəmiyyətinin X1 cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pulun tutulmasının qət edilməsi müəyyən edilir. Digər şərtlərin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası barədə bildirişlər, sifarişli poçt göndərişinin göndərilməsi barədə reyestr və xəbərdarlığın surətlərindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərinin icra edilməsi üçün X4 rəsmi qaydada xəbərdarlıq edilməsi aydın olur. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatlardan Babək Rayon Məhkəməsinin “13” may 2025-ci il tarixli, 3(079)-73/2025 nömrəli qərarından görünür ki, X8 yuxarıda qeyd edilən icra sənədlərini icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilir. Bu səbəbdən də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməyə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirici hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.2-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilsə də, həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Buna görə də X3 məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə X4 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarını, X3 törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, barəsində əvvəllər həbsin tətbiq olunmasının şəxsə islah təsirinin mövcud olmadığını, şəxsin həmçinin aliment kimi mühüm məqsədə xidmət edən aliment öhdəliyini nəzərdə tutan məhkəmə qətnamələrini icra etməməklə buna münasibətdə laqeydliyini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 07 avqust 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən onun tutulması həmin tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 07 avqust 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-112/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-112/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver