Məhkəmə qərarları › İş №3(079)-113/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-113/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-113/2025 08.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, Kəngərli bayram Akif oğlunun məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 (iki) uşaq atası, orta təhsilli, fərdi sahibkar (VÖEN- **********), işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 08 avqust 2025-ci il tarixli, 306253/11xx-xx/2024 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı barəsində Babək Rayon Məhkəməsinin “13” fevral 2025-ci il tarixli, 3(079)-26/2025 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, həmin icra sənədi üzrə yaranmış pul borcunu bir il ərzində təkrar ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında işsiz olduğunu, vergi ödəyicisi olmadığını, sahibkar olmadığını, evli olduğunu, 16 və 13 yaşlarında 2 övladının olduğunu, işsizliklə əlaqədar ödəniş edə bilmədiyini, alacaqlarının olduğunu, ala bilmədiyini, ödəniş edə bilmədiyini, kimisə aldatmaq niyyətinin olmadığını, ailə vəziyyətinin də yaxşı olmadığını, anası və qızının xəstə olduğunu, sentyabrdan işə başlayacağını, alacaqlarını yığsa ödəniş edə biləcəyini, amma ala bilmədiyini, telefonunu girov qoyub anasına dərman aldığını, vaxt verilməsini xahiş etdiyini, suallara cavabında cərimə tətbiq olunduğu gündən bu günədək 1400 manat ödəniş etdiyini, cəriməni də ödədiyini, hazırda heç bir işlə məşğul olmadığını, ali təhsilli olmasına baxmayaraq qarpız belə satdığını və güzəşt edilməsini xahiş etdiyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında icra sənədinin icraya daxil olduğunu və tərəflərə icraata başlama haqqında qərar göndərildiyini, borclunun müəyyən öhdəlikləri yerinə yetirmə öhdəliyi götürdüyünü, şəxsin barəsində əvvəllər də protokol tərtib edilərək 500 manat məhkəmənin qərarı ilə cərimə tətbiq edildiyini, fevral ayında cərimə olunduqdan sonra 400 manat nağd ödədiyini, borcun 1000 manatının isə tələbkarın razılığı ilə əşya ilə əvəzləşdirildiyini, dəfələrlə xəbərdarlıq edilsə də qalan borcu ödəmədiyini, zərərçəkmiş şəxsin müraciət edərək borclu barəsində tədbir görülməsini xahiş etdiyini bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki; - şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; - şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - bu icra edilməmə üzrsüz səbəbdən baş verməli; - Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli; - sonuncu qeyd edilən qərar qanuni qüvvəyə minməli; - qərarın qəbul edildiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə əməl təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-385/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat icarə haqqı və bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat məbləğində pulun və 90.50 (doxsan manat, əlli qəpik) məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsinin qət edildiyi müəyyən edilir. Digər şərtlərin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası barədə bildirişlər, sifarişli poçt göndərişinin göndərilməsi barədə reyestr və xəbərdarlığın surətlərindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədlərinin icra edilməsi üçün Şəxs rəsmi qaydada xəbərdarlıq edilməsi aydın olur. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin “13” fevral 2025-ci il tarixli, 3(079)-26/2025 nömrəli qərarından görünür ki, Şəxs yuxarıda qeyd edilən icra sənədini icra etməməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməyə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirici hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.2-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilsə də, həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Buna görə də Şəxs məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarını, Şəxs törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, barəsində əvvəllər cərimə inzibati tənbeh tətbiqinon tətbiq olunmasının şəxsə islah təsirinin mövcud olmadığını, şəxsin məsuliyyətə cəlb olunmasına baxmayaraq məhkəmə qətnaməsini keçən müddət ərzində tam icra etməməklə buna münasibətdə laqeydliyini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 avqust 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən onun tutulması həmin tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 08 avqust 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar