Məhkəmə qərarları › İş №3(079)-12/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-12/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-12/2024 15.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Məzrə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası (Fin kod – xxxxxxx) Babək rayonu, Məzrə kəndində yaşayan, deməsinə görə “İpək Yolu” restoranında fəhlə işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 15 fevral 2024-cü il tarixli, 126362/4xx-xx/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə 15 fevral 2024-cü il tarixli, 015886 nömrəli nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokol tərtib edən orqan Şəxs Şərur Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(110)-436/2023 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınması ilə təqsirləndirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmədə verdiyi izahatında icra sənədinin 30 may 2023-cü ildə icraata daxil olduğunu, 31 may 2023-cü ildə icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edildiyini, elə həmin gün borclunun icra şöbəsinə gəldiyini, onlara alimentin miqdarının çox olduğunu və məhkəmə qərarından şikayət edəcəyini dediyini, lakin sonradan öyrəndiyinə görə onun məhkəmə aktından şikayət etmədiyini, icra sənədi bir neçə dəfə icra olunması üçün borclunun iş yeri üzrə göndərilsə də onun iş yeri ünvanın və adının düzgün qeyd olmamasına görə geri qaytarıldığını, buna görə də icra sənədinin 25 iyul 2023-cü ildə icra olunması üçün onun iş yeri üzrə göndərildiyini, 27 iyul 2023-cü ildə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını, borclu işdən çıxdığına görə 01 avqust 2023-cü ildə icra sənədinin geri qaytarıldığını, lakin onun son haqq-hesabından pul tutulmadığını, Şəxs 2023-cü ilin oktyabr ayında şöbəyə dəvət olunduğunu, həmin vaxt onun hər ay 500 manat ödəməyə, yəni həm alimenti, həm də yaranmış borcu ödəməyə çalışacağını dediyini, lakin ödəniş etmədiyini, 19 yanvar 2024-cü ildə tələbkarın icra şöbəsinə müraciət edərək Şəxs ona 2480 manat aliment borcu olduğunu dediyini, bu günədək onun 650 manat məbləğində ödəniş etdiyini, belə ki, borclunun 11 aprel 2023-cü ildə 200 manat, 21 noyabr 2023-cü ildə 50 manat, 04 dekabr 2023-cü ildə 150 manat və 2024-cü ilin yanvar ayında 250 manat ödəniş etdiyini, Şəxs icra sənədini icra etməmə səbəbi kimi işsiz olmasını qeyd etdiyini bildirmişdi. Şəxs məhkəmədə verdiyi izahatında Xanımla 2014-cü ildə ailə qurduğunu, onunla olan nikahdan iki uşaq dünyaya gəldiyini, 2023-cü ilin mart ayının 11-də isə ayrıldıqlarını, məhkəmənin qətnaməsi ilə ondan bir uşaq üçün 160 manat aliment tutulduğunu, özünün həmin qətnaməni 16 gün sonra aldığını, ondan şikayət etmək üçün vəkillər kollegiyasına getdiyini, həmin vaxt ondan müəyyən sənədlər istənildiyini, həmçinin dövlət rüsumu ödəməli olmasını və bundan başqa şikayətin yazılması üçün pul istədiklərini, maddi imkanı olmadığı üçün qətnamədən apellyasiya şikayəti verə bilmədiyini, məhkəmə tərəfindən alimentin miqdarı təyin edilərkən onun maddi vəziyyətinin nəzərə alınmadığını, belə ki, özünün əvvəllər Gəmiqaya MMC-də işlədiyini, 932 manat əmək haqqı aldığını, təqribən ailə qurduqdan iki ay sonra işdən çıxdığını və Türkiyə Respublikasına getdiyini, orada nəqliyə işi ilə məşğul olduğunu və təqribən günlük 43 manat qazanc əldə etdiyini, daha sonra Naxçıvana qayıtdığını, burada tikintilərdə fəhlə işləyərək günlük 20 manat qazanc əldə etdiyi, 2022-ci ildə isə Naxçıvan Şəhəri Su-kanalizasiya İdarəsində işə girdiyini, aylıq 440 manat maaşının 150 manatını kirayə verdiyini, bundan əlavə gündəlik işlə bağlı əlavə gəlirinin olduğunu, lakin bütün bunlara baxmayaraq alimentin miqdarının yüksək təyin edildiyini, maddi imkanı olmadığından onu ödəyə bilmədyini, iş yeri üzrə ona aid olmayan işlərin görülməsi tapşırıldığından özünün bunu qəbul etməyərək işdən çıxdığını, təqribən 150 manat son haqq-hesab aldığını, tələbkar uşaqlarla birlikdə qalmadığından, ona verilən pulları isə uşaqlara xərcləmədiyindən alimentlə bağlı ödədiyi pulları onun anasının və atasının kartına yüklədiyini, tələbkarın siqaret çəkdiyini və spirtli içki qəbul etdiyini, buna görə də pulu ona yox, onun valideynlərinə verdiyini, ödəniş vaxtlarının icra məmurunun dediyi vaxtlarla eyni olduğunu, sonuncu ödənişi 2023-cü ilin dekabr ayının 23-də etdiyini, həmin vaxt 250 manat ödəniş etdiyini, işdən çıxdıqdan sonra 2023-cü ilin oktyabr ayınadək işsiz qaldığını, daha sonra isə Şahbuz rayonunda mağazada işə götürüldüyünü, həmin vaxt 350 manat əmək haqqı aldığını, bundan sonra ödənişlər etdiyini, 2024-cü ilin yanvar ayında qar yağdığından və havalar soyuq keçdiyindən iş tapa bilmədiyini, buna görə də həmin ay ödəniş edə bilmədiyini, 2024-cü ilin fevral ayının 11-dən isə “İpək Yolu” restoranında işə başladığını, orada administrator işləyən Rəhim adlı şəxsin onun sinif yoldaşı olduğunu, bu vasitə ilə orada düzəldiyini, həmin işlə bağlı hələ ki, əmək haqqı almadığını, yol pulunu belə Rəhimin verdiyini bildirmişdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Şəxs ilə 2014cü ildə ailə qurduğunu, onun olan nikahından iki uşaq dünyaya gəldiyini, uşaqlardan qızının hələ balaca vaxtından öz anasının yanında qaldığını, 2023-cü ilin mart ayında Cəsarətlə ayrıldığını, evli olduqları müddətdə borclunun əvvəllər 1-2 ay Gəmiqaya şirkətində, daha sonra isə Türkiyə Respublikasında işlədiyini, həmin vaxt onun günlük 20 manat pul qazandığını, Naxçıvana qayıtdıqdan sonra onun bir müddət fəhləlik etdiyi, lakin sonradan su-kanalizasiya idarəsində işə girdiyini, həmin vaxt onun 490 manat əmək haqqı aldığını, bunun 150 manatını kirayə verdiyi, qalan pulu isə ailənin ehtiyaclarına xərclədiyini, hazırda uşaqların Şərur rayonu, Mahmudkənd kəndində öz valideynləri ilə birlikdə yaşadığını, orada məktəbə getdiklərini, həmçinin onların üç fəndən hazırlığa getdiyini, özünün isə Naxçıvan şəhərində kirayədə qaldığını, hazırda işsiz olduğundan evin kirayə pulunu verə bilmədiyini, buna görə Cəsarətdən aliment borcunu verməyi tələb etdiyini, borclunun həqiqətən də icra məmurunun dediyi məbləğlərdə pulları ödədiyini, 2023-cü ilin noyabr ayında isə Cəsarətin onun kirayə qaldığı evə gəldiyini, həmin vaxt onun evə toyuq, kartof, yağ, çay, soğan və konserv aldığını, borclunun izahatında onun siqaret çəkməsi və içki qəbul etməsini bildirdiklərinin yalan olduğunu, lakin digərlərinin düzgün olduğunu qeyd etmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(110)-436/2023 nömrəli icra sənədindən Şəxs 12 aprel 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqlardan Şəxs icra sənədində göstərilən aliment məbləğini tam icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, işdə iştirak edən şəxslərin izahatlarından borclunun tələbkara 650 (altı yüz əlli) manat ödəməsi müəyyən edilir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlatdan isə onun adına tələbin yönələ biləcək əmlak və gəlirinin olması, həmçinin aliment borcunu ödəməyə maddi imkanın yetərli olması ilə bağlı hər hansı məlumata rast gəlinmir. İşdə iştirak edən şəxslərin izahatlarından görünür ki, Şəxs işlədiyi dövrlərdə Şərur Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(110)-436/2023 nömrəli icra sənədi üzrə hərəkətsiz qalmamış və bununla bağlı ödənişlər həyata keçirmişdi. İşin məhkəmə araşdırılmasından isə aydın olur ki, Şəxs işlədiyi son üç aylıq müddətdə Zərərçəkmiş şəxs ödənişlər etmişdi ki, bunu da "Elektron Məhkəmə" informasiya sistemində onun adına əmlak və gəlirlərinin olmaması ilə qarşılıqlı şəkildə əlaqələndirdikdə, Şəxs maddi imkanının yaranmış borcu ödəməsi üçün yetərli olmamsına deməyə imkan verir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyəti, yəni məhkəmə qərarının icrası üçün onun faktiki imkanlarının olması, onun həmin icra sənədinin icra ilə bağlı hərəkətsiz qalmamasını, həmçinin icra sənədi üzrə borcunu son zamanlarda ödəməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(110)-436/2023 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 15 fevral 2024-cü il tarixli, 015886 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar