Məhkəmə qərarları › İş №3(079)-121/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-121/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-121/2023 21.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, 11 aprel 1970-ci ildə Naxçıvan rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, iki uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, “İmplant Dent” poliklinikasında çilingər işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 21 avqust 2023-cü il tarixli 3-13-43- 7/2-6528/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 21 avqust 2023-cü il tarixli, 001994 nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 19 avqust 2023-cü il tarixdə təqribən saat 23 radələrində Babək rayonu, Nehrəm qəsəbəsində və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzində sərxoş halda nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salaraq ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında 19 avqust 2023-cü ildə Naxçıvan şəhərində 4 litr pivə içdiyini, daha sonra yaşadığı evə gəlib, oradan isə yenidən Naxçıvan şəhərinə qayıtdığını, “Söyüdlük” adlan yeməkxana 200 qram araq və bir lirt pivə içdiyini, oradan isə Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən “Elsevər” restoranına getdiyini orada da pivə içdikdən sonra təqribən axşam 10-11 radələrində evə getmək istədiyini, yolda duran polis maşınına yaxınlaşıb onlara sayrışan işıqlarını sondürməsini tələb etdiyini, bundan sonra isə onlara qarşı söyüşlər işlətdiyini, polislərin onun evə getməsinə çalışdığını, lakin özü sərxoş olduğu üçün yenə onları söydüyünü, həmin vaxt orada çoxlu adam olduğunu, əməlindən peşman olduğunu, dünən ayıldığını və bütün günahın özündə olduğunu qeyd etmişdi. Şahid1 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsində Post Patrul xidmətində polis nəfəri işlədiyini, Şahid2 ilə birlikdə 19 avqust 2023-cü ildə Babək rayonu, Nehrəm qəsəbəsində xidmət apardığını, gecə təqribən 2330 radələrində Şəxs onlara yaxınlaşaq maşının sayrışan işıqlarının onun gözünə düşdüyünü deyərək işıqların söndürülməsini istədiyini, o, sərxoş olduğundan ona fikir vermədiklərini, bundan sonra inzibati xəta törədən şəxsin onlara qarşı nalayiq ifadə və söyüşlər işlətdiyini, həmin vaxt hadisə qəsəbənin mərkəzində baş verdiyindən orada adam çox olduğunu, bunun təqribən 4-5 dəqiqə davam etdiyini, bundan sonra növbətçi hissəyə məlumat verərək onu əvvəlcə Babək Rayon Polis İdarəsini, daha sonra isə Naxçıvan şəhərində X4 apardıqlarını, Şəxs orada da söyüş söyməyə davam etdiyini bildirdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsində Post Patrul xidmətində polis nəfəri işlədiyini, Şahid1 ilə birlikdə 19 avqust 2023-cü ildə Babək rayonu, Nehrəm qəsəbəsində xidmət apardığını, özünün maşın sürdüyünü, Aysunun isə onun yanında oturduğunu, qəsəbənin mərkəzində maşını saxlayaraq özünün mağazadan siqaret almaq istədiyini, Aysunun isə maşından düşüb siqaret çəkdiyini, özü mağazaya gedən də inzibati xəta törədən şəxsin sərxoş vəziyyətə Aysuna yaxınlaşdığını gördüyünü, ondan maşının sayrışan işıqlarının onun gözünə düşdüyünü deyərək işıqların söndürülməsini istədiyini, o, sərxoş olduğundan ona heç nə demədiklərini, bundan sonra inzibati xəta törədən şəxsin onlara qarşı nalayiq ifadə və söyüşlər işlətdiyini, həmin vaxt hadisə qəsəbənin mərkəzində baş verdiyindən orada adam çox olduğunu, bundan sonra növbətçi hissəyə məlumat verərək onu əvvəlcə Babək Rayon Polis İdarəsini, daha sonra isə Naxçıvan şəhərində X4 apardıqlarını, Şəxs orada da söyüş söyməyə davam etdiyini bildirdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş sənədlər, onun özünün və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, onun izahatından aydın olur ki, işsizdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan əlavə məhkəmə onun evli olmasını və iki uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Şəhər Təcili X5 Hüquqi şəxsi tərəfindən verilmiş 20 avqust 2023-cü il tarixli, 87 nömrəli aktda Şəxs qanında alkoqolun konsentrasiyasının 1.10 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə şəxsin törətdiyini əməlin xarakterini, həmin əməllə qəsd edilən ictimai münasibətlərini, hadisənin baş verdiyi yeri, Şəxs əməlində olan yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq belə hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün şəxsin barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli, 0583 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 20 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar