Məhkəmə qərarları › İş №3(079)-122/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-122/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-122/2023 23.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1 və Şahid2 ilə xx xxxx 2001-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, subay, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi qaydada təsərrüfatla məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 23 avqust 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 23 avqust 2023-cü il tarixli, 3-13-43- 7/2-6626/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 23 avqust 2023-cü il tarixli, 001995 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 22 avqust 2023-cü il tarixdə təqribən saat 1250 radələrində Babək Rayon Polis İdarəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozması, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” və “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməllərini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokol, eləcə şahidlər Şahid1 və Şahid2 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında 21 avqust 2023-cü ildə Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən müəllimin ona zəng etdiyini, idarədə Canpolad Əliyevin barəsində istintaq olunan cinayət işi üzrə sonuncunun ona satdığı 8 ədəd stolu və 5 ədəd su çəninin səhər polis idarəsinə gətirilməsini istədiyini, həmçinin izahat da verməli olduğunu və bunun yarım saat çəkə biləcəyini dediyini, özünün isə həmin gün bostanına qaban girdiyi üçün oranı mühafizə etdiyini, ertəsi gün, yəni 22 avqust 2023-cü ildə təqribən saat 12-də polis idarəsinə gəldiyini, həmin vaxt maşınına qarpız yığdığını, növbətçi hissənin ona aşağıda gözləməsini bildirdiyini, idarənin zirzəmisində olan çayxanada oturduğunu, həmin vaxt orada üç nəfər polis işçisinin olduğunu, onlara üç dəfə Elşən müəllimlə görüşmək istədiyini bildirdiyini, Elşən müəllimlə görüşməkdə məqsədinin isə özünün bostanı və qarpızları başsız olduğundan onun izahatının alınmasının tezləşdirilməsi olduğunu, lakin polis əməkdaşlarının ona “otur yerində, bizə deyəndə səni buraxacağıq” dediyini, həmin vaxt təqribən 20 dəqiqə olardı ki, polis idarəsində olduğunu, bundan sonra özünün pillələri iki-iki yuxarı qaldığını, həmin vaxt polislərdən Fərid adlı şəxsin onu arxadan tutduğun və onu vurduğunu, sonradan Araz adlı polisin də gəldiyini, onu növbətçi hissəyə təhvil verdiklərini, özünün orada söyüş və nalayiq ifadə işlətmədiyini, sonradan səhvini başa düşdüyünü, əməlindən peşman olduğunu bildirmişdi. Şahid1 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin post patrul bölməsində polis nəfəri işlədiyini, 22 avqust 2023-cü ildə Şahid2 ilə Babək Rayon Polis İdarəsində xidmət apardığını, həmin günü rayonda baş verən oğurluq hadisəsi ilə bağlı Şəxs idarəyə çağırıldığını, özlərinin idarənin zirzəmi qatında olan şəxslərə nəzarət etdiklərini, Şəxs da orada olduğunu, onlara Elşən müəllimlə görüşmək istədiyini bildirdiyini, özləri olduqları yerdə isə müvəqqəti nəzarətdə saxlanılan şəxslərin olduğundan həmin şəxsləri yuxarıdan çağırdıqları halda oradan çıxmağa icazə verdiklərini və bunu da Bayrama dediyini, buna baxmayaraq onun idarədə səs-küy salaraq oranın normal iş fəaliyyətini pozduğunu, sonra isə yuxarı qaçdığını, onu pilləkənlərdə tutduqlarını, bundan sonra da onun çığır-bağır etdiyini, daha sonra onu növbətçi hissəyə təhvil verdiklərini bildirmişdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin post patrul bölməsində polis nəfəri işlədiyini, 22 avqust 2023-cü ildə Şahid1 ilə orada xidmət apardığını, həmin günü rayonda baş verən oğurluq hadisəsi ilə bağlı Şəxs idarəyə çağırıldığını, özünün iki nəfər polis əməkdaşı və Şəxs ilə birlikdə idarənin zirzəmi qatında olduğunu, Bayramın onlara Elşən müəllimlə görüşmək istədiyini bildirdiyini, özünün isə ona yuxarıdan çağırdıqları halda oradan çıxmağa icazə verdiklərini dediyini, buna baxmayaraq onun idarədə səs-küy salaraq oranın normal iş fəaliyyətini pozduğunu, sonra isə yuxarı qaçdığını, Fəridin onu tutduğunu, bundan sonra da Bayramın çığır-bağır etdiyini, bunun təqribən 3-4 dəqiqə davam etdiyini, daha sonra onu növbətçi hissəyə təhvil verdiklərini qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə isə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, əmək fəaliyyəti ilə məşğul olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Yuxarıda qeyd edilənləri və inzibati tənbehin tətbiq edilmə məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda və idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməllərin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını, onun əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ona 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli, 0589 nömrəli tutma haqqında protokoldan Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilməsi müəyyən edilir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyə görə Şəxs barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 22 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar