Məhkəmə qərarları › İş №3(079)-123/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-123/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-123/2023 24.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, (Fin kod – xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Bakı şəhəri, Nizami rayonu, Bakıxanov qəsəbəsi, Cəlal Əliyev keçəsi, ev 51-də yaşayan, "Elektron Məhkəmə" informasiya sistemində olan məlumata əsasən "xxxx" Məhdud məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 24 avqust 2023-cü il tarixli, 195102/694 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, 013209 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmədə verdiyi izahatında icra sənədinin 21 avqust 2023-cü ildə icraatına daxil olduğunu, icraata başlanmaq haqqında qərar, tələbin könüllü icrası barədə bildirişin məktubla birlikdə borcluya rəsmi qaydada verildiyini, icra sənədi üzrə isə borclunun 1320 manat borcu olduğunu, onun ümumiyyətlə ödəniş etmədiyini, əvvəllər şöbənin icra məmuru İsmayıl Əliyevin icraatında onun barəsində müvəqqəti alimentin tutulması barədə icra sənədinin olduğunu, həmin icra sənədinin şöbəyə 19 may 2023-cü ildə daxil olduğunu, daha sonra həmin icra sənədinin icraatına xitam verildiyini, hazırki icra sənədini şəxsin elektron icra sistemində borclu barəsində olan iş yeri üzrə icraya yönəlmədiyini, Şəxs əvvəlki icra sənədinin icrası ilə bağlı barəsində axtarış verildiyini, onun həmin icra sənədi ilə bağlı 22 avqust 2023-cü ildə şöbəyə gətirildiyini qeyd etmişdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında Ofelya ilə 2017-ci ildə ailə qurduğunu, onunla birgə nikahından bir uşaq dünyaya gəldiyini, tələbkarla dörd il birlikdə yaşadığını, daha sonra onunla ayrıldığını, özünün əvvəlcə onunla aralarında bağlanmış nikahın pozulması üçün iddia qaldırdığını, lakin Ofelya həmin vaxt işə qəbul edilmək ərəfəsində olduğundan ondan tələbinin geri götürməsini xahiş etdiyini, tələbkarla qohumluq münasibətlərində olduğunu, yəni anasının xalası nəvəsi olduğundan buna görə də nikahın pozulması barədə iddiasından imtina etdiyini, sonra özünün 2020-ci ilin oktyabr ayından X5 getdiyini və orada 2022-ci ilin aprel ayının 8-dək yaşadığını, orada olan dövr ərzində tələbkarın onlunla barışmaq istədiyini, lakin özü xarici dövlətdə olduğundan və onun valideynlərinin ailə işlərinə qarışmasına görə bunun baş tutmadığını, sonradan özünün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət işi başlandığını eşitdiyini, buna görə Azərbaycana qayıtdığını, hazırda həmin işə baxıldığını, həmin işdə özünü təqsirli bilmədiyini, başqa şəxslərin günahı ucbatından onun barəsində cinayət işi başlandığını, bu səbəbdən də barəsində qətimkan tədbiri seçildiyi və yaşayış yerindən kənara çıxa bilmədiyini, yəni polisin nəzarətində olduğunu, tez-tez korrupsiyaya qarşı mübarizə idarəsinə və məhkəməyə çağırıldığını, hazırda özünün tələbatlarının onun təqsirli bilinməsinə səbəb olan şəxslərin ödədiyini, çünki özünün yeyinti ilə məşğul olmadığını, həmin cinayət işi ilə bağlı nikahın pozulması ilə bağlı işə baxılmasında da iştirak edə bilmədiyini, həmçinin işləyə də bilmədiyini, alimentlə bağlı qərardan da gec xəbərinin olduğunu, barəsində qətimkan tədbiri seçilməsinə baxmayaraq onun barəsində axtarış verildiyini, bundan sonra alimenti ödəməyə çalışacağını qeyd etmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(003)-1348/2023 nömrəli icra sənədindən 05 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müvəqqəti alimentin tutulması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(003)-1348/2023 nömrəli qərardadı nəzərə alınmaqla 23 fevral 2023-cü ildən tarixdən cavabdeh Şəxs hər ay 220 manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqdan Şəxs icra sənədində göstərilən borc məbləğini tam icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə ilkin olaraq onu bildirir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən icra sənədinin Babək Rayon İcra və Probasiya şöbəsinə 21 avqust 2023-cü ildə daxil olması müəyyən edilir. İcra məmuru isə ona xəbərdarlığı 23 avqust 2023-cü ildə, yəni protokolu tərtib etməzdən bir gün öncə təqdim etmişdi. Bundan başqa həm icra məmurunun məhkəməyə təqdim etdiyi Elektron icra sistemindən çıxarılmış 24 avqust 2023-cü il tarixə olan məlumatdan, həm də "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış 24 avqust 2023-cü il tarixə olan məlumatdan görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbər işləyir və aylıq əmək haqqı 1000 (bir min) manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun işsiz olması barədə izahatına əsaslanmaqla Şəxs dediyini birbaşa sübut kimi qəbul etmək olmaz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir: - 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İcra məmurunun məhkəmədə verdiyi izahatından isə görünür ki, icra sənədini şəxsin iş yeri üzrə icraya yönəltməmişdi. Şəxsin "Elektron Məhkəmə" informasiya sistemində iş yerinin mövcud olması isə onun əmək müqavilənin xitam verilməməsini deməyə imkan verir. Yəni tələbin yönələ biləcəyi əmək haqqı mövcuddur. Bundan başqa "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan həqiqətən də Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin barəsində cinayət təqibinin mövcud olması onun müəyyən hüquqi məhdudiyyətlərlə üzləşməsinə səbəb ola bilər ki, bunlardan biri cinayət prosessual qanunvericiliyin tələbinə görə hər bir cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsidir. Hazırki vəziyyətdə də Şəxs barəsində belə bir prosessual məcburiyyət tədbirinin mövcud olmaması istisna deyil. Məhkəməyə onun barəsində məhz hansı qətimkan tədbirinin seçilməsi barədə sübut təqdim edilməsə də, məhkəmə bunun şəxsin ziyanına şərh edə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə Xəzər Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(003)-1348/2023 nömrəli icra sənədini üzürlü səbəbdən icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 24 avqust 2023-cü il tarixli, 013209 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar