Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-125/2023 28.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2 və Şahid1 ilə xx xxxxxx 1991-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 23 avqust 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 23 avqust 2023-cü il tarixli, 3-13-43- 7/2-6817/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 28 avqust 2023-cü il tarixli, 001997 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 27 avqust 2023-cü il tarixdə təqribən saat 1150 radələrində Babək rayonu, Uzunoba kəndində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsi ictimai qaydanı pozması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokol, eləcə şahidlər Şahid2 və Şahid1 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu, 27 avqust 2023-cü ildə təqribən saat 11 radələrində həmkəndlisi Orxanın ona zəng edərək onu Uzunoba gölünün ətrafında olan çayçıdan götürüb evə aparmasını istədiyini, özünün də şəhər tərəfdən gələn yola Uzunoba gölünə tərəf gedib Orxanı götürdükdən sonra gölün kənarı ilə Cəhri qəsəbəsinə getdiyini, yolda polis nəfərinin onu saxlayıb ona həmin yola giriş qadağan olmasını bildirdiyini, özünün isə ona nişanı görmədiyini dediyini, ona maşını kənara verib saxlamasını istədiyini, bundan sonra özünün maşını sürüb getdiyini, Babək rayonu Cəhri polis bölməsinin qarşısında olanda polis maşının onun qabağına keçərək onu saxladığını, həmin vaxt anası və yoldaşı xəstə olduğundan, həmçinin on iki ildir ki, evli olmasına baxmayaraq uşağı olmadığından və bununla bağlı arvadı əməliyyat olunacağından əsəbi olduğunu, buna görə də polislə mübahisə etdiyini, həmin vaxt öz maşınında iki nəfər olduğunu, həqiqətən də orada nalayiq ifadələr işlətdiyini, amma bunu kiməsə deyil, öz maşınına ünvanladığını, əməlindən peşman olduğunu, bununla bağlı polis əməkdaşlarından üzrxahlıq etdiyini, ona törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı protokol tərtib edilmədiyini, birinci dəfədir ki, inzibati xəta törətdiyini qeyd edərək, yoldaşının xəstə olmasını, özünün evi dolandıran şəxs olmasının nəzərə alınmasını xahiş etmişdi. Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin post patrul bölməsində polis nəfəri işlədiyini, 27 avqust 2023-cü ildə Babək rayonu, Uzunoba gölü ətrafında posta olduğunu, həmin göldə son zamanlar baş verən ölüm hadisələrini görə onun ətrafında olan avtomobil yoluna girişin qadağan edildiyini və bununla bağlı yol nişanı vurulduğunu, həmin günü təqribən saat 1145 radələrində girişi qadağan olunmuş yolda VAZ 2106 markalı ağ rəngli maşın gəldiyi gördüyünü, ona həmin yola girişin qadağan olunduğunu dedikdən sonra Elvinə “maşını ver kənara saxla” dediyini, bunu deməkdə məqsədinin yol patrul xidmətinə məlumat verməsi və onları həmin yerə çağıraraq şəxs barəsində protokol yazılması olduğunu, həmin vaxt özü telefonla zəng etmək istəyəndə Şəxs ona “niyə?” sözünü deyib maşını sürüb getdiyini, bundan sonra özünün maşını ilə Babək Rayon Polis İdarəsinin Cəhri polis bölməsinə hadisə barədə məlumat vermək üçün getdiyini, yolda maşınını Elvinin idarə etdiyi maşının qarşısına verib onu saxlatdırdığını və ondan niyə maşını saxlamadığını soruşduğunu, həmin vaxt onunla Elvin arasında mübahisə yarandığını, şəxsin ucadan nalayiq ifadələr işətdiyini, sonra telefonu ilə maşının videosunu çəkəndə özünün buna icazə vermədiyini, daha sonra Elvinin ona “sən kimsən, mənim maşınımı niyə saxlayırsan?” dediyini, maşında Elvindən əlavə iki nəfərin də olduğunu, daha sonra onu əvvəlcəyə bölməyə, sonra isə idarəyə gətirdiyini bildirdi. Digər Şahid1 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin Cəhri polis bölməsində post patrul bölməsində polis nəfəri işlədiyini, 27 avqust 2023-cü ildə Uzunoba gölü ətrafında xidmətdə olduğunu, bu zaman qulasına mübahisə səsi gəldiyini, özünün səs olan tərəfə gəldiyini, orada polis nəfəri ilə Şəxs mübahisə etdiyini gördüyünü, özünün səsi eşitdiyi yerlə mübahisənin olduğu yer arasında təqribən 200 metr məsəfə olduğunu, səsin həmin məsafəyə qədər gəldiyini, ora çatanda vətəndaşın çığırdığını eşitdiyini, onun “niyə məni saxlamısan” dediyini, özünün Şəxs tərəfindən hər hansı bir söyüş deməsinin şahidi olmadığını, sonradan xəta törədən şəxsin ona və Bəxtiyara yaxınlaşaq onlar üzrxahlıq etdiyini, anası və arvad xəstə olduğu üçün əsəbi olduğunu qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə Şəxs əməlini “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Çünki işin məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, Şəxs Babək rayonu, Uzunoba kəndində olan gölün kənarında yerləşən avtomobil yolunun kənarında quraşdırılmış “Giriş qadağandır” nişanın tələbinə əməl edilməmiş, müvafiq icra hakimiyyəti orqanının nəqliyyat vasitəsi ilə daxil olması qadağan edilmiş avtomobil yoluna daxil olmuş və onun bu qanuna zidd fəaliyyətini dayandırmaq istəyən polis əməkdaşının xəbərdarlığına məhəl qoymamışdı. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə 3.1- nömrəli nişan (“Giriş qadağandır” nişanı) qadağa nişanıdır. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinin tələbinə görə qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsindən görünür ki, “Giriş qadağandır” yol nişanının tələblərinə riayət etməmə həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur və xəta törətmiş şəxs barəsində cərimə tənbeh tədbiri tətbiq edilir. Polis əməkdaşının Şəxs idarə etdiyi avtomobili saxlayaraq yol hərəkəti qaydasını pozmasını ona bildirməsi isə yolun nişanlanmasından irəli gələn tələbdir. Səlahiyyətli şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmasını xəta törədən şəxsə çatdırılması, ondan bu əməlini dayandırılmasının tələb edilməsi, şəxsin isə hüquqa zidd hərəkətini davam etdirməsi onun digər inzibati xəta əməlinin törədilməsi kimi qəbul edilə bilməz. Çünki şəxsin qanunvericiliklə müəyyən edilmiş yol nişanın tələbinə əməl etməməsi ilə yol hərəkəti qaydalarını pozmuş və həmin andan onun əməli bitmiş sayılmışdı. İnzibati xəta törətmiş şəxsin əməli qeyd edilən maddi hüquq normaları ilə əlaqələndirən məhkəmə bildirir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbindən görünür ki, həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya baxmaq səlahiyyəti məhkəməyə aid deyil. Onu qanunun tələbinə əməl etməyə çağıran polis əməkdaşının tələbinə əməl etməməsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, həmin hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.1-ci maddələrinin tələbinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi həmin əmələ münasibətdə məsuliyyəti ağırlaşdıran haldır. Yəni şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi halda bu məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bu yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -1.3-cü madəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir; -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; -53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş sənədlər, onun özünün və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, onun izahatından aydın olur ki, taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən X1 etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan əlavə məhkəmə onun evli olmasını, anası və arvadının səhhətində problem olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Çünki bunlar inzibati xətanın baş verməsinə səbəb olan haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlinin bəhs edilən hissəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə qeyd edilən məsuliyyəti ağırlaşdıran hallara rast gəlinmir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə şəxsin törətdiyini əməlin xarakterini, həmin əməllə qəsd edilən ictimai münasibətlərini, hadisənin baş verdiyi yerdə kənar şəxslərin olmasını nəzərə alaraq belə hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün şəxsin barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, onun əməlində olan məsuliyyəti yüngülləşdirici halları, həmçinin məsuliyyəti ağırlaşdıran halların olmamasını, ilk dəfə inzibati xəta törətməsini və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 04 (dörd) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə isə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 27 avqust 2023-cü il tarixli, 0592 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 28 avqust 2023-cü il tarixli, 001997 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 04 (dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 27 avqust 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-125/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-125/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver