Məhkəmə qərarları › İş №3(079)-125/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-125/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-125/2024 02.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X3, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi 14 noyabr 2024-cü il tarixli, ******* nömrəli qərarla razı olmadığını və qanunsuz, əsassız, saxta olduğuna görə, eləcə də prosessual pozuntulara yol verdiklərinə görə ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X3 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, mən Babək rayon Nehrəm qəsəbəsində yaşayıram. Evimin qapısının ağzında kölgəlik üçün 6 ağac əkmişdim. Həmin ağaclara öz mülküm kimi qulluq edirdim ki, kölgəsində əyləşim. Həmin ağacların diametri təxminən 10-12 sm, hündürlüyü isə təxminən 3 metr idi. Ağaclardan ikisini 17 aprel 2024-cü il tarixində düz qapının ağzında olduğuna görə gediş-gəlişə mane törətdiyi üçün öz mülkiyyətim bilib kəsdim. Həmin vaxt Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı və kəndin icra nümayəndəsi X11 və X8 gəldi. Mənə bildirdilər ki, sənin bu ağacları kəsməyin qanunsuzdur. Mən də onlara izah etdim ki, həmin ağacları öz mülkiyyətim bilib zərər verdiyi üçün kəsmişəm. Mənə orada heç bir hüquq və vəzifələrimi izah etmədilər, əgər mən inzibati xəta törətmişdimsə, xətadırsa, xətanın mahiyyəti barədə həmin zaman mənə niyə məlumat vermədilər. Mənə bir sənədə imza atdırdılar və getdilər. 14 noyabr 2024-cü il tarixdə, yəni üstündən 6 ay 27 gün keçəndən sonra mənim mobil nömrəmə zəng gəldi ki, sizi Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən narahat edirlər. Sizi Naxçıvan MR Ekologiya və l'əbii Sərvətlər Nazirliyinə dəvət edirik. Mən isə oğlum Allahverdiyev Muradla Nazirliyə gəldim. Orada mənə bildirdilər ki, siz qanunsuz ağac kəsdiyinizə görə sizin barənizdə İXM-in 253.2-ci maddəsinə əsasən protokol tərtib edilib və orada dedilər ki, 2930 (iki min doqquz yüz otuz) manat cərimə olunursuz. Mən isə bildirdim ki, mən maraqlanmışam onun cəriməsi 2.000 (iki min) manatdır. O isə mənə izah elədi ki, 930 (doqquz yüz otuz) manat ağaclara dəyən ziyan, 2.000 (iki min) manat isə cərimədir. Əgər 5 gün müddət keçərsə 2100 (iki min yüz) manat olan cərimə 2300 (iki min üç yüz) manat olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu ağaclar nə bələdiyyə, nə də dövlət mülkiyyətinə aiddir. Həmin ağacları mən özüm becərmişəm, suvarma işi aparmışam. Meşə fonduna aid deyil, yabanı halda bitməyib. Özüm də təqaüdçüyəm. 360 (üç yüz altmış) manat təqaüd alıram. Həyat yoldaşım, oğlum, gəlinim və 3 azyaşlı uşaqları mənimlə yaşayır. Heç biri, heç yerdə işləmirlər, az təminatlı ailəyəm. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının tərtib etdiyi protokolla və qəbul etdiyiniz qərarla razı deyiləm, etiraz edirəm. Tam əsassız və qanunsuzdur. Ona görə qanunsuzdur və əsassızdır ki, əgər qanuni iş görürlərsə, həmin vaxt niyə protokolun bir nüsxəsini mənə vermədilər, halbuki Azərbaycan Respublikası İXM-nin tələbinə görə həmin zaman verməli idilər. Üstündən 6 ay 27 gün keçəndən sonra nə fikirləşdilərsə, məni çağırıb protokol və qərarla tanış edib, protokolun surətini yox, qərarın surətini mənə təqdim elədilər. Halbuki, bu cür xətalara İXM-in 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır.Yəni İXM-in 102.1-ci maddəsinə əsasən ekspertin rəyinə görə 1 ay müddətində araşdırma aparılmalıdır. İXM-in 102.5-ci maddəsinə əsasən icraat inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzada bilər. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əməkdaşlar isə heç vəsatət olmadan 6 ay 27 gün müddətində araşdırma aparıblar. Halbuki maksimum 2 ay müddətində araşdırma aparıla bilər. Mən belə başa düşürəm ki, bunlar cinayət işinin araşdırmasını aparıblar. Həmin zaman mən onlardan tələb etdim ki, protokolu və qərarın əslini mənə verin, onlar isə vermədilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 izahatında ərizəsində qeyd etdiyi kimi qapısının ağzında 10, 15 il əvvəl kölgəsində oturmaq üçün qarağac əkdiyini, ağacların yağış yağanda tok keçirdiyini, uşaqlara ziyan verdiyini, kanalizasiya xətti çəkəndə isə maneəçilik törətdiyini, yarpaqlarından qurd tökülüb ziyan verdiyini, eyni zamanda qapısının ağzında olduğuna görə onları öz mülkiyyəti bilib kəsdiyini, uzunluqları 3 m və daha çox olan 3-ü quru, 2-si yaş olan ağacları qanunsuz olduğunu bilmədən kəsdiyini, ağacları kəsəndən bir neçə gündən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib protokol tərtib etdiklərini, bilmədən həmin sənədə qol çəkdiyini, ona cərimə yazdıqlarını, protokolun surətini isə 14 noyabrda verdiklərini, həmin vaxt rəyi imzalasa da onunla tanış olmadığını bildirmiş və qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə izahatında 17 aprel 2024-cü il tarixdə baş vermiş ağac kəsmə hadisəsi zamanı xidmətdə özünün yox, Babək rayon müfəttişi Məmmədəli Quliyevin olduğunu, özünün Xidmətdə yeni fəaliyyətə başladığını, həmin tarixdə 3-ü quru, 2-si yaş olmaqla 5 qarağac ağacının kəsilməsi ilə bağlı ziyan haqqında inzibati aktın tərtib olunduğunu, 2 yaş ağacın diametləri hesablanaraq müvafiq qərara əsasən 300 manat ziyanın hesablandığını və şəxsin İXM-in 253.2-ci maddəsinə görə 2000 manat məbləğində cərimə olunduğunu, vətəndaşın kəsdiyi ağacın həmin anda kimin mülkiyyətində olan torpaq sahəsində yerləşməsinin müyyən edilməsi mümkün olmadığından iş materiallarının bu halın aydınlaşdırılması məqsədilə Daşınmaz Əmlak və Dövlət Reyestri Xidmətinə göndərildiyini, cavab gəldikdə ağacların bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunduğundan şəxsin barəsində protokol tərtib edildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında Qərarının 1 №-li əlavəsinə görə ağacların diametrlərinə görə ziyan məbləğinin müəyyən edildiyini, şəxsin öz mülkiyyətindəki ağacları istisna hallardan başqa özünün kəsə biləcəyini, lakin bu ağacların bələdiyyə mülkiyyətində yerləşdiyini, şəxisn qanunu bilmədən ağacları kəsməsi, həmçinin öz tikdiyi ağaclar olmaqla yüngülləşdirici hallar nəzərə alınaraq barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 rayonu Nehrəm qəsəbəsində yaşayış evinin qarşısında bələdiyyə mülkiyyətində meşə fonduna daxil olmayan sahədə 2 ədədi yaş halda olmaqla diamteri 9 və 19 sm olan 5 ədəd qarağac ağacını kəsdiyindən İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 2000 (iki min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X6 Nəzarət Xidməti tərəfindən verilmiş “meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsinə dair rəy”in surətindən görünür ki, 17 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Babək rayonu, Nehrəm qəsəbəsində yaşayış evinin qarşısında bələdiyyə mülkiyyətində Nehrəm qəsəbə sakini X3 tərəfindən ağacların kəsilərək məhv olunması faktı aşkar olunmuş, ilkin araşdırma zamanı sözügedən əraziyə baxış keçirilərkən yaş halda diametrləri 8.1-12 və 16.1-20 sm olan 2 (iki) ədəd qarağac ağacının məhv olunması aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq yaş halda 2 (iki) ədəd qarağac ağacının məhv olunması nəticəsində dəymiş ziyan 300 (üç yüz) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin baş müfəttişi Məmmədəli Quliyev və Vahid Nəcəfov tərəfindən tərtib olunmuş 17 aprel 2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin baş müfəttişi Məmmədəli Quliyev, X10 əməkdaşı X15 ərazisində reyd yoxlama zamanı Nehrəm qəsəbə sakini Qurban Allahverdiyevin yaşadığı evin qarşısında 5 ədəd diametri 21 sm, 19 sm, 9 sm, 27 sm və 20 sm olan qarağac kəsilmişdir. Həmin ağaclardan 9 və 19 sm olan ağaclar yaş haldadır. Aktın tərtib olunmasında X3 da iştirak etmiş, aktın məzmunu ilə tanış olmuş, aktın bir nüsxəsini almış və bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qərardan şikayət verən şəxsin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, İXM-in 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinin 2-ci bəndinə görə meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 10.0.1ci maddəsinə görə yaşıllıqların mühafizəsi ilə bağlı Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək fiziki və hüquqi şəxslərin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının 2.1-ci bəndində qeyd olunur ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydaların 2.4-cü bəndinə əsasən isə fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Hazırki işə baxılarkən barəsində protokol tərtib edilən şəxsin yaşıllıqların götürülməsi ilə bağlı müraciəti müəyyən olunmamışdır. Qeyd edilən 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmuş, protokolu tərtib edən orqan şikayət verən şəxsin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Beləliklə də, həmin halın baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Babək rayonu ərazisində kəsilən ağacların yerləşdiyi torpaq sahələrinin mülkiyyət növü müəyyənləşdirilmiş və Babək rayonu, Nehrəm qəsəbəsində 45.464437X39.113508 koordinatları daxilində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsi bələdiyyə mülkiyyətində yerləşir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində inzibati xəta haqqında şikayət vermiş şəxs əməlini etiraf etmiş, əksini təsdiq edən sübutlara istinad etməmişdir. Beləliklə inzibati xəta hadisəsinin törədilməsi, həmin əməlin məhz X3 tərəfindən törədilməsi və şəxsin həmin əmədə təqsiri tam sübuta yetirilmişdir və inzibati məsuliyyətdən azad etmə üçün əsaslar yoxdur. Məhkəmə şikayət verən şəxsin inzibati protokolun qanunla nəzərdə tutulmuş müddət ərzində tərtib edilməməsi ilə bağlı fikirlərinə münasibətdə qeyd edir ki, İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi 17 aprel 2024-cü il tarixdə baş vermiş inzibati xəta haqqında protokol ətraf mühitin qorunması qaydaları fəslinə daxil olan İXM-in 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmədən tərtib olunmuşdur. Eyni zamanda məhkəmə protokol tərtib edən orqanın rəhbərinin diqqətinə çatdırır ki, İXM-in; - 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. - 101.2-ci maddəsinə görə isə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. - 101.3-cü maddəsinə görə isə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.1-cü maddəsinə görə sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. - 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Göründüyü kimi ətraf mühitin mühafizəsi sahəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati araşdırmanın aparılması mümkün sayılsa da sözügedən müddət uzadılma halında belə 2 aydan artıq davam edə bilməz. Hazırki işdə isə inzibati xəta haqqında protokol inzibati xəta hadisəsinin baş verdiyi vaxtdan 7 ay sonra tərtib edilməklə inzibati xəta haqqında qanunvericiliyin tələblərinin pozulmasına yol verilmişdir. Məhkəmə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin rəhbərinin diqqətinə çatdırır ki, İXM-in 101 və 102-ci maddəsinin tələblərinə əməl edilməsinə nəzarəti artırsınlar. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, X2 İXM-in 253.2-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X2 şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin 14 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 Nəzarət Xidmətinin rəhbərinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 102-ci maddəsinin tələblərinə əməl edilməsinə nəzarəti artırsınlar. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay İsmayıl.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar