Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-128/2024 18.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X2 Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Naxçıvan rayonu, Payız kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Payız kəndində yaşayan, orta təhsilli, evli, məhkumluğu olmayan, (Fin kod – xxxxxxx), ********** VÖEN nömrəli, "SU Meliorasiya Xidməti" publik hüquqi şəxsində nəzarətçi vəzifəsində çalışan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 17 dekabr 2024-cü il tarixli, 3- 13-43/2-18837/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək rayonu, Payız kəndində yerləşən evindən və həyətindən 10 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 0,452 qram çətənə ştilləri, 01 ədəd təmiz çəkisi 18.848 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi və ümumi çəkisi-2.998 qram olan 202 ədəd çətənə (kannabis) bitkisinin toxumları cinayətin predmeti olduğundan maddi sübut kimi tanınması, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 0.352 qram çətənə ştilləri, 18.828 qram çətənə bitkisinin hissəsi və ümumi çəkisi 2.998 qram olan 202 ədəd çətənə (kannabis) bitkisinin toxumları aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayışı verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, “Marixuana (kannabis)” qurudulmayan “çətənə bitkisi” psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.14-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 208-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası (əkilməsinə və ya yetişdirilməsinə) inzibati məsuliyyətə səbəb olan əməldir. Maddənin qeyd hissəsində isə qeyd olunur ki, “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə dair 25 sentyabr 2024-cü il tarixli protokolda qeyd olunmuşdur ki, Babək rayonu Payız kəndində Şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən, Şəxs yaşadığı evin həyətində və zirzəmisində narkotik vasitə olan çətənə kolları əkdiyini və ev və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bu təklifdən sonra Şəxs, evin zirzəmisində 5 ədəd dibçəkdə əkib-becərdiyi ümumi 10 ədəd (1- 2 ədəd, 2-2 ədəd, 3-1 ədəd, 4-3 ədəd, 5-2 ədəd) və həyətyanı sahəsində əkdiyi 01 ədəd narkotik tərkibli çətənə bitkisi kollarına bənzər ümumilikdə 11 (on bir) ədəd kol və qırmızı parçaya bükülmüş vəziyyətdə çətənə toxumlarına bənzər toxumları təqdim etdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1161 nömrəli rəyinə əsasən ekspert komissiyası ekspertiza tədqiqatına təqdim edilən, üzərində “imza Zaur Talıbov; İştirakçılar ev sahibi imza Şəxs; aqronom imza Y.Quliyev; Təhvil götürdü imza S.Qarayev” ad, soyad və imzalar (04 imza) olan və üzərində “Azərbaycan Respublikasi DİN Naxçivan MR DİN zərflər üçün” dairəvi möhür əksi vurulmuş ağ dördkünc kağız parçası 05 yerdən yapışdırılmış vəziyyətdə 01 ədəd kağız zərfin içərisindəki 10 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 0,452 qram olan bitki şitilləri və 01 ədəd təmiz çəkisi - 18,848 qram olan bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi olduğu, aqronomun rəyinə əsasən təqdim olunmuş bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, Marixuana (kannabis) qurudulmayan 25 qr xeyli miqdar sayılmaqla inzibati məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarşılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan ekspert rəyləri, digər yazılı sübutlar və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında 9 və 12 yaşında 2 övladının olduğunu, Babək Su İdarəsində nəzarətçi işlədiyini, əməlindən peşman olduğunu, həyətində 1 ədəd, evin zirzəmisində isə 5 ədəd dibçəkdə olmaqla 10 ədəd çətənə bitkisi kolunu şəxsi istifadə üçün əkdiyini, toxumlarını isə ayrıca topladığını, 25 sentyabr 2024-cü il tarixdə polis əməkdaşlarının yaşadığı həyətə gəldiklərini və həmin bitkiləri və toxumları aşkar edilərək götürüldüyünü, əməlindən peşman olduğunu, ən aşağı miqdarda cərimə edilməsini xahiş etdiyini bildirmişdir. Protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında şəxsin həyətində 1 ədəd çətənə bitkisi, evin zirzəmisində isə 10 ədəd çətənə bitkisi kolu aşkar edilərək götürüldüyünü, bununla bağlı protokol tərtib edildiyini, aşkar edilən bitkilərin aidiyyəti orqanlara təhvil verdildiyini, həyətdə əkilən 1 ədəd kol üçün inzibati qaydada icraat aparıldığını, digər 10 ədəd kol üçün isə cinayət işi açıldığını bildirmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, hər bir maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin mahiyyətinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətaların xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməllər qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalardır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını, iki yetkinlik yaşına çatmayan uşağın olmasın yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil olmadığı müəyyən olunur. Göstərilən halları, əməllərin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs götürülmüş çətənə (kannabis) bitkisinin hüquqi taleyi ilə bağlı isə qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11 və 94.12-ci maddələrinin mahiyyətinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən aydın olur ki, ekspertizaya təqdim edilmiş çətənə şitillərinin təmiz çəkisi - 0,452 qram, tədqiqata sərf edilmiş 0,1 qram (hər bir obyektdən 0,01 qram olmaqla), qalıq 0,352 qram, çətənə bitkisinin hissəsinin təmiz çəkisi 18,848 qram, tədqiqata sərf edilmiş 0,02 qram, qalıq 18,828 qram olmuşdur. Qanunvericiliyin qeyd edilən normasını və işin faktiki halını rəhbər tutmaqla iş üzrə götürülmüş maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd təmiz çəkisi 18,828 qram narkotik tərkibli qurudulmamış Marixuana (kannabis) çətənə bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd təmiz çəkisi 18,828 qram narkotik tərkibli qurudulmamış Marixuana (kannabis) çətənə bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübutun məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-128/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-128/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver