Məhkəmə qərarları › İş №3(079)-13/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-13/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-13/2025 24.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Naxçıvan rayonu, Qahab kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin kod xxxxxxx), evli, fərdi sahibkar, VÖEN – **********, Babək rayonu, Qahab kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 10 dekabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs Babək rayonu, Qahab kənd sakini Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat təxminən 10 radələrində aralarında olan mübahisə zamanı həmkəndlisi Şəxs onu yumraqla vuraraq xəsarət yetirdiyi bildirmiş, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Qahab kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Babək rayonu, Qahab kəndində yaşadığını, fərdi sahibkarlıqla məşğul olduğunu, əlilliyinin olmadığını, zərərçəkmiş şəxsin onun həmkəndlisi olduğunu, bir gün səhər ailəsi ilə birlikdə fermaya getdiklərini, həmin zaman orada 2 atın olduğunu və tayanı yediyini, oğlundan atların kimə məxsus olduğunu soruşduğunu, onun isə atların Zərərçəkmiş şəxs məxsus olduğunu bildirdiyini, özünün Xaliqə zəng edib gəlib atları aparmasını istədiyini, bundan sonra zərərçəkmiş şəxsin ora gəldiyini və atları aparıb fermadan 100 metr aralıda bir-birinə yaxın bağladığını, özünün isə ona atların dolaşa biləcəyini bildirdiyini, Xaliqin isə “heç nə olmaz” dediyini, Xaliqin atlardan birini isə daşa bağladığını, sonra Xaliqin işi olduğunu dediyini və getdiyini, daha sonra atların yenə açılıb fermaya gəldiyini, buna görə yenidən Xaliqə zəng etdiyini, həmin vaxt telefonda Xaliqlə mübahisə etdiklərini və bir-birlərini təhqir etdiklərini, telefonun şəbəkəsi az olduğundan təpənin üzərinə çıxıb 102 qaynar xəttinə zəng etdiyini və şikayətini bildirdiyini, sonra polis əməkdaşlarının gəlib onun izahatını aldığını, həmin hadisədən 5 gün sonra fermaya gedən vaxt yenə orada at olduğunu gördüyünü, buna görə atı tutub bağladığını və kəndin bələdiyyəsinə zəng edib şikayətini bildirdiyini, sonra izahatını alan polis əməkdaşına zəng edib şikayətini ona da bildirdiyini, atı ora bağlamaqda məqsədinin atın ona məxsus tayanı dağıtması olduğunu, sonra Xaliqin gəlib ona “get işinlə məşğul ol, sən köpmüsən, sənin köpünü alacağam” dediyini, özünün isə Xaliqə “get, dövlət məmuru ilə gəl” dediyini, həmin vaxt Xaliqin əlində ağac parçası olduğunu və Xaliqin ona qarşı nalayiq ifadələr işlətdiyini və fermaya daxil olaraq atın yanına tərəf getdiyini, buna görə də onun yaxasından tutub itələdiyini, sonra onun əlindəki ağacı almağa çalışdığını, Xaliqin isə ağac parçasını özünə tərəf çəkdiyini, həmin vaxt ağacın ona dəydiyini, lakin hansı nahiyəsindən dəyməsini bilmədiyini, sonra Xaliqin onu təhqir edə-edə polis əməkdaşına zəng edib onu döydüyünü bildirdiyini, Xaliqi vurmadığını və tam olaraq döymədiyini, özünü qorumaq istədiyini, ağac parçasının ona dəyib xəsarət yetirə biləcəyini, Xaliqi vurmadığını, ağac parçasının Xaliqə dəyməsini görmədiyini, həmin vaxt oğlunun onlara tərəf gəldiyini, arvadının isə aralıda olduğunu, əvvəllər Xaliq ilə aralarında ədavət olmadığını, Xaliqlə aralarında barışıq olmadığını və bunun üçün addım atmadıqlarını, Xaliqin bildirdiklərinin yalan olduğunu, səhvi olmadığı üçün əməlindən peşman olmadığını və qarşı tərəfdən də barışıq istəmədiyini bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında Babək rayonu, Qahab kəndində yaşadığını, fərdi sahibkarlıqla məşğul olduğunu, əlilliyinin olmadığını, Şəxs onun həmkəndlisi olduğunu, onun yalan izahat verdiyini, özünün atlarının itməsi ilə bağlı Babək Rayon Polis İdarəsinə müraciət etdiyini, atları hara bağlayırsa Hünərin onları açıb tayasına bağladığını, şəkillərini çəkdiyini və həmin görüntülərdən istifadə etdiyini, 2 atı birlikdə daşa bağlamağın mümkün olmadığını, bu hissədə deyilənin məntiqinin olmadığını, hər atın öz çarmıxı olduğunu, atları bələdiyyəyə məxsus olan torpaq sahəsinə bağladığını, hadisənin 10 dekabr 2024-cü il tarixdə baş verdiyini, həmin gün də ekspertizadan keçdiyini, atlarından biri itdiyindən Şəxs bibisinin oğluna zəng etdiyini və ondan Hünərə zəng edib atın onda olub-olmamasını soruşmasını istədiyini, 10-15 dəqiqə gözlədikdən sonra ondan xəbər gəlmədiyini, buna görə bibisinin oğluna yenidən zəng etdiyini, onun isə Hünərin telefona cavab vermədiyini ona bildirdiyini, buna görə Şəxs məxsus fermaya getdiyini, həmin vaxt atın ac-susuz şəkildə onun fermasına bağlanmasını gördüyünü, buna görə Hünərin oğluna “gəl itlərin qabağına, dizlərim ağrıyır, dikə çıxa bilmirəm, itlər ziyan vermədən atımı verin gedim” dediyini, Şəxs oğlunun isə atasının atı açıb aparmağına icazə vermədiyini ona dediyini, özünün də “at nə zərər vurubsa artıqlamasıyla ödəyim, atı verin” dediyini, onlar atı vermədikdə fermaya girib atını götürmək istədikdə Hünər Məmmədovun yuxarıdan gələrək onun qarnından təpiklə vurduğunu, ardınca çənəsindən 2 dəfə yumruqla vurduğunu, oğlunun isə ona toxunmadığını, özünün Hünərə qarşılıq vermədiyini, səhhətində problem olduğunu, ayaqlarında ağrı olduğundan ona qarşılıq vermək gücündə də olmadığını, bundan sonra özünün avtomobilinə əyləşdiyini və boğazından qan axa-axa polis idarəsinə getdiyini, əlindəki ağac parçasını atı gətirmək üçün əlində saxladığını, hadisə vaxtı özünün yanında heç kimin olmadığını, Şəxs oğlunun və yoldaşının orada olduğunu, oğlunun təqribən 30-60 metr aralıda olduğunu, Şəxs oğlunun Hünərin onu vurmasını görüb-görmədiyini bilmədiyini, Hünərin onu ilk olaraq qarnından təpiklə vurduğunu, özünün isə onu vurmadığını, Şəxs həmin vaxt “vəzifəli adam var, kimsə mırtıma düşəndə ondan dobrusun alıb, gedib döyürəm” dediyini, əvvəllər də aralarında problemlər olduğunu, bunun isə onun davamı olduğunu, Hünərlə aralarında barışıq olmadığını bildirmiş, yekunda qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 309 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmışdir. Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli, 309 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş çənə nahiyəsinin alt səthinin səthi əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir, müddəti məhkəmə-tibbi müayinəsindən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İXM-in 12.2-ci maddəsinə görə Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş 19 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-ə göndərildiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin İXM-in 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə inzibati xəta haqqında protokol, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmələ aidiyyətinin olmaması ilə bağlı izahatını iş üzrə müəyyən olunmuş digər sübutlarla birlikdə tədqiq edərək həqiqətə uyğun olmayan hesab edir. Belə ki, barəsində icraat aparılan şəxs özü aralarında yaranmış mübahisə zəminində zərərçəkmiş şəxsin onun tövləsindən öz atını götürmək istədikdə onu itələdiyini etiraf etmiş, bununla birlikdə şəxsin əlində olan əşyanın yıxılanda onun çənəsinə dəymiş olmasının mümkünlüyünü qeyri-müəyyən şəkildə ifadə etmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin hadisənin baş verdiyi tarixdə də tibbi müayinədən keçməsini, müayinənin nəticəsini, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadəsini birlikdə tədqiq etdikdə həqiqətən də Şəxs zorakı hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs xx.xx.2024-cü il fiziki ağrıya məruz qalması halı müəyyən olunmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 400 (dörd yüz) manat cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Belə ki, İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həbsin tətbiqini zəruri edən müstəsna hallar mövcud deyildir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyildir. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar