Məhkəmə qərarları › İş №3(079)-133/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-133/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-133/2023 10.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Piriyeva (Həşimova) Gülnar Teymur qızı, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu 273K0FM), orta təhsilli, evli, 1 azyaşlı uşaq anası, Naxçıvan şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, işsiz Piriyeva (Həşimova) Gülnar Teymur qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 10 oktyabr 2023-cü il tarixli, 8771/2023 nömrəli məktubu ilə Piriyeva (Həşimova) Gülnar Teymur qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 10 oktyabr 2023-cü il tarixli, 016904 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 10 oktyabr 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Piriyeva (Həşimova) Gülnar Teymur qızı 09 oktyabr 2023-ci il tarixdə Babək rayon Yarımca kəndində, xx.xx.2023-cü il tarixdə isə Babək rayon Polis İdarəsində polis əməkdaşlarına qarşı nalayiq ifadələr səsləndirməklə onların qanuni tələblərinə tabe olmamışdır. , xx.xx.2023-cü il tarixli, 0606 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx xxxxxxxx 1999-cu il təvəllüdlü Naxçıvan şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Piriyeva (Həşimova) Gülnar Teymur qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Piriyeva (Həşimova) Gülnar Teymur qızı xx.xx.2023cü il tarixdə, saat 15:10-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Piriyeva (Həşimova) Gülnar Teymur qızı məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023cü il tarixdə Turqay və Fuadla 4 fəsil adlanan restorandan qayıdarkən həmin restoranda içki qəbul etdiyindən yolda narahat olduğunu, Turqayın münasibəti olduğu oğlan olduğunu, Fuadın isə onun dostu olduğunu, şəxsi ehtiyacını qarşılamaq üçün onlardan maşını saxlamalarını xahiş etdiyini, Turqayla maşından enib biraz oradan uzaqlaşdığını, Fuadın isə maşında qaldığını, qayıdıb gələndə maşınlarının arxasında bir başqa maşının durduğunu gördüklərini, Turqayın şəxsə yaxınlaşıb nəsə problem var deyə soruşduğunu, aralarında mübahisə yarandığını hiss edib özünün onlara yaxınlaşığını, bu zaman həmin şəxsin nalayiq ifadələrlə təhqiredici formada ona “buradan uzaqlaş” dediyini, bu zaman ona “əgər sən polis əməkdaşısansa vətəndaşla necə bu cür danışa bilərsən?” deyə sual verdiyini, bu zaman polisin onun özünə şillə ilə vurduğunu, özünün də bu zaman polisin maşınına əli ilə vurduğunu, bundan sonra maşına keçdiyini, polisin o maşına oturduqdan sonra yenidən ona qarşı təhqiredici ifadə işlətdiyini, başqa əməkdaşlar tərəfindən tibbi müayinəyə aparıldığını, qanında 46% içki çıxdığını, bu barədə onsuz da əvvəlcədən onlara məlumat verib içkili olduğunu dediyini, şöbəyə aparılanda həmin polisin yenidən ona yaxınlaşıb “söykəndiyin divar səndən bahalıdır” dediyini, mübahisə yarandığından digər polis əməkdaşlarının sözügedən polisi oradan çıxartdıqlarını, saat 8-9 radələrində restoranda Turqay və onun dostu Nifti adlı şəxslə birlikdə içki içdiklərini, sözügedən şəxslərin ondan əvvəl restorana getdiklərini, 1-ə işləmiş restorandan çıxdıqlarını, Nifti adlı şəxsi Qahab kəndinə aparıb qoyduqlarını, gələndə Fuad adlı şəxsi götürdüklərini, Turqayın maşını idarə etdiyini, öz maşınlarının VAZ 2106 olduğunu, polisin maşınının isə VAZ 2107 olduğunu, polisin adının Bünyad olduğunu, şillə vuranda polis olduğunu dediyini, bu zaman əsəbləşdiyindən polisin maşınına əli ilə vurub “sən kimsən?” dediyini, içki içsə belə özünü idarə edə bildiyini, ana, atası və oğlu ilə birlikdə yaşadığını, 2015-ci ildə Məmmədov Elyaz adlı şəxslə ailə qurduğunu, 2016-cı ildə oğlu X3 dünyaya gəldiyini, 2017-ci ildə rəsmi nikahın qeyd edildiyini, 2018-ci ildə isə nikahlarının Naxçıvan Şəhər Məhkəməsində çıxarılmış qətnamə ilə pozulduğunu, oğlunun onun himayəsinə verildiyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında X11 Polis nəfəri olduğunu, Babək rayonu Yarımca kəndində yaşadığını və daima kənddə ictimai qaydaya nəzarəti həyata keçirdiyini, xx.xx.2023-cü il tarixdə 23:30 radələrində öz şəxsi avtomobili ilə evdən çıxıb kənd ərazisində hərəkətdə olduğunu, bu zaman kənd sakinlərinə məxsus olmayan avtomobil gördüyünü və avtomobilə yaxınlaşanda içində bir nəfərin olduğunu, maşının nömrəsinin ** BK *** olduğunu, 1 qadın və 1 kişinin isə kənardan gəldiyini gördüyünü, özünün mülki geyimdə olduğunu, lakin vəsiqəsinin üzərində olduğunu, oğlandan orada nə etdiklərinə dair sual verdikdə “həyat yoldaşımı ayaqyoluna gətirmişəm” dediyini, oğlana “ona bilirəm o sənin yoldaşın deyil, ondan sənə yoldaş olmaz” dediyini, həmin xanımın əvvəl Naxçıvan şəhərində əyləncə mərkəzində, ofisiant işlədiyini gördüyünü, xanımın həmin vaxt nalayiq ifadələrlə onun üzərinə yeridiyini, daha sonra telefonla kiməsə zəng vurub “al bununla danış” dediyini, bu vaxt Turqaya “qızı göndər getsin” dediyini, qız getməyib onun üzərinə gəlməkdə davam etdikdə əlinin arxası ilə onu itələdiyini, amma qətiyyən ona şillə vurmadığını, bundan sonra qızın onun maşınına yumruq, təpik vurduğunu, ona “sənin paqonun sökülməlidi” dediyini, özünün isə ona “səsini kəs, get o tərəfə, mən oğlanlarla danışıram mən” dediyini, ona qarşı nalayiq söz işlətmədiyini, şəxsi əvvəlcədən tanımadığını, qızın ona “sən işverənsən” dediyini, özünün isə vəzifə başında olduğunu qeyd etdiyini, həmin vaxt vəzifə başında olmadığını, amma qeyri-adi yad maşın görməsi səbəbindən maşına yaxınlaşdığını, polis şöbəsində isə xanımın divara qəribə formada söykəndiyini görərək divarın yeni təmir olunduğunu dediyini, bu zaman onun yenidən biədəb sözlərlə söyüş söyməkdə davam etdiyini, içkinin təsirində olduğundan nə etdiyini bilmədiyini bildirmişdir. Şahid2 izahatında X11 Polis nəfəri olduğunu, Babək şəhərində postda olduqlarını, komandirin ona zəng vurduğunu və tapşırıq əsasında Yarımca kəndinə getdiklərini, orada tanımadıqları bir qadının içkili halda nalayiq sözlər işlətdiyini, Bünyad adlı polis əməkdaşını söydüyünü, Şahid3 ilə birlikdə onu maşınla tibbi müayinəyə apardıqlarını, maşına minənə qədər nalayiq sözlər işlətsə də maşında sakit oturduğunu, daha sonra isə tibbi müayinədən sonra Babək rayon Polis idarəsinə aparanda Bünyad adlı polis əməkdaşını görüb yenə ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat vermişdir. Şahid4 izahatında xx.xx.2023-cü il tarixdə 1 ildir ki, münasibətdə olduğu Gülnarla 4 fəsil adlanan restoranda içki qəbul etdiklərindən Gülnarın yolda narahat olduğunu, ona nisbətən özünün daha az içki qəbul etdiyini və ayıq olduğunu, şəxsi ehtiyacını qarşılamaq üçün Gülnarın ondan maşını saxlamasını xahiş etdiyini, Gülnarla maşından enib biraz oradan uzaqlaşdığını, qayıtdıqda kiminsə maşının arxasında maşını ilə durduğunu gördüyünü, ona yaxınlaşdığını, şəxsin polis olduğunu demədiyini, polisin ona “burda neynirsən” deyə sual verdiyini, onunla danışarkən Gülnar xanımın yaxınlaşıb ona “siz kimsiz” deyə sual verdiyini, münaqişə yarandığını, polisin nalayiq ifadə işlətdiyini və aqressiv yanaşdığını, şillə ilə Gülnar xanımı vurduğunu, söydüyünü, Fuad adlı şəxsə “Gülnarı apar” dediyini, özünün polisə “məsələni şöbədə aydınlaşdıraq” dediyini, bundan sonra polis şöbəsinə gəldiklərini, Gülnarın isə tibbi müayinədən sonra gəldiyini, orada da həmin polis əməkdaşı ilə aralarında mübahisə olduğunu bildirmişdir. Şahid5 izahatında xx.xx.2023-cü il tarixdə gecə saatlarında bazara getmək üçün dostu Turqayla danışıb gəlib onu götürməsini xahiş etdiyini, Gülnar və Turqayla birlikdə Yarımca kəndi ilə Naxçıvan şəhərinə doğru getdiklərini, yolda Gülnar xanımın narahat olduğunu, maşından Turqayla düşdüyünü, həmin vaxt özü maşında olarkən bir maşının onlara yaxın maşını saxladığını, daha sonra Turqay və Gülnarın gəlib çıxdığını və maşından enən şəxslə aralarında mübahisə yarandığını, onun polis əməkdaşı olduğunu mübahisə qızışandan sonra öyrəndiklərini, polisin Gülnara şillə vurduğunu, xanımın bundan sonra onun maşınına əli ilə vurduğunu, polisin ona təhqiredici sözlər işlətdiyini, Gülnarın da ona qarşı xoş olmayan sözlər işlətdiyini, daha sonra polislərin gəldiyini və şöbəyə aparıldıqlarını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Piriyeva (Həşimova) Gülnar Teymur qızının təqsirləndirildiyi İXM-in 510-cu maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Həmçinin Piriyeva (Həşimova) Gülnar Teymur qızının təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Piriyeva (Həşimova) Gülnar Teymur qızının törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Piriyeva (Həşimova) Gülnar Teymur qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Piriyeva (Həşimova) Gülnar Teymur qızına inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, inzibati xəta materialına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Piriyeva (Həşimova) Gülnar Teymur qızında xx.xx.2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Şəxsin törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini - 1 azyaşlı uşağının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Piriyeva (Həşimova) Gülnar Teymur qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(079)-125/2019 nömrəli qətnaməsindən belə məlum olur ki, X4 ilə X5 arasında nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X7 anası X2 yanında saxlanılmışdır. Məhkəmə şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində həbs tətbiq edilə bilməyən şəxslər qrupuna aid olmasını nəzərə alaraq şəxsin barəsində 200 manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunsun və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar