Məhkəmə qərarları › İş №3(079)-133/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-133/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-133/2024 27.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi, şikayət verən X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı cərimə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki o, faktiki olaraq Babək rayonu, Nehrəm qəsəbəsində yaşayır. Babək rayonu, Babək qəsəbəsində yerləşən Naxçıvan MR İctimai Səhiyyə Xidməti X9 2024-cü ilin yanvar ayından yarandı və həmin vaxtdan mərkəzin direktoru vəzifəsində işləyirəm. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX-nin Xidmətin 09 dekabr 2024-cü il tarixli, MN-1779524 nömrəli qərarına əsasən məni Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən yəni işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxs qismində mənim barəmdə 1700 (min yeddi yüz) manat miqdarında cərimə tətbiq edilmişdir. Belə ki, 15 oktyabr 2024-cü il tarixdə əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamada Səhiyyə Xidmətinin X9ndə çalışan işçilərin əmək stajına görə əlavə məzuniyyətin verilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 1-ci bəndinə əsasən işçinin həmin məcəllənin 114cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. 2-ci bəndinə əsasən isə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Regional Mərkəzdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçilərin əmək stajına görə əsas məzuniyyətləri daha çox müddətli olan əlavə məzuniyyəti ilə birləşdirilərək verilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli Plenum qərarına əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 vəli 6-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Belə ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 195.2-ci maddəsi ilə qeyd olunan inzibati tənbeh növündə qərar yuxarıda qeyd olunan Əmək Qanunvericiliyinin 136.2-ci maddəsi və Azərbaycan Respublikası KM-nin 17 iyun 2003-cü il tarixli qərarı ilə ziddiyət təşkil edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunur ki, 15 oktyabr tarixdə müəsissədə yoxlama aparılmış, lakin 26 noyabr 2024-cü il tarixində protokol tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolun tərtib olunması inzibati araşdırmanın aparılması üçün Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə heç bir aidiyyəti yoxdur. Həmin Qərarın surəti 12 dekabr 2024-cü il tarixdə İctimai Səhiyyə Xidmətinin X4 inzibati binasında ona rəsmi qaydada çatdırılmışdır. Məhkəmə iclasında göstərilənlərə uyğun olaraq izahat verən şikayətçi X8 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə etdiyini, işçiyə əmək məzuniyyətinin verilməməsinə görə 26 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti tərəfindən vəzifəli şəxs qismində barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, lakin yoxlamanın 15 oktyabr 2024-cü il tarixdə aparıldığını, 40 gün sonra protokol tərtib edildiyini, əmək şəraitinin zərərli olmasına görə işçiyə 6 gündən 12 günə qədər əmək məzuniyyəti verilməli olduğunu, özünün isə işçilərə 6 gün əmək məzuniyyəti verdiyini, indiyədək xidmət tərəfindən dəfələrlə yoxlama aparıldığını, lakin həmin vaxt bunun izah edilmədiyini, yekunda isə məhkəmədən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı cərimə qərarının ləğv edilərək işin icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti nümayəndəsi Nümayəndə şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında bildirdi ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətində baş məsləhətçi işlədiyini, 15 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətində yoxlama aparıldığını, həmin vaxt işçilərin əmək hüqularının pozulmasının, yəni əmək məzuniyyəti hüquqlarının pozulmasının aşkar edildiyini, xidmətin işçilərindən olan X7 və X1 6 gün əmək məzuniyyəti verildiyini, lakin əmək stajına görə əlavə məzuniyyət verilmədiyini, bununla da Əmək Məcəlləsinin 136-cı maddəsinin tələblərinin pozulduğunu, həmin məcəllədə qeyd edilmiş əmək müqaviləsinin təsdiq edilmiş formasında əmək şəraiti və əmək stajına görə hər birinə görə ayrılıqda göstərildiyini, lakin bunların müqavilədə cəmlənərək birlikdə qeyd edilmədiyini, Əmək Məcəlləsinin 136-cı maddələrinə əsasən əmək şəraiti və əmək stajına görə hesablanan məzuniyyətlərin birləşdirilməli olduğunu, işçinin eyni vaxtda məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyət hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilməli olduğunu, həmin məzuniyyət günlərinin toplanaraq birlikdə verilməli olduğunu, lakin qanunvericiliyin tələblərinə əməl edilmədiyini, bu səbəbdən də X8 barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, protokolu X2 tərtib etdiyini, xidmətin rəisi X10 isə inzibati tənbeh vermə haqqında qərar qəbul etdiyini, yekunda isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti nəzərdən keçirib, şikayət verənin və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsini dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X10 tərəfindən tərtib olunan 09 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 direktoru X3 xx.xx.2024-cü il tarixdə müəssisədə DƏMX tərəfindən aparılmış araşdırılma zamanı nöqsanlarla bağlı tərtib edilmiş aktla müəssisədə çalışan işçilərə əmək stajına görə əmək məzuniyyətinin verilmədiyi əsası ilə barəsində 26 noyabr 2024-cü il tarixli, ******* saylı protokol tərtib edilmiş və təqsirli bilinərək barəsində 09 dekabr 2024-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Bununla da, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin tələblərini pozaraq Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə inzibati xəta törətmişdir. Həmin qərardan həmçinin görünür ki, vətəndaş X8 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X4 xx.xx.2024-cü il tarixli, 46 saylı Əmrlə Mərkəzin Sağlamlıq mühafizəsi bölməsinin həkim laborantı X12 əmək məzuniyyətinə buraxılarkən, ona Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraitinə görə 6 təqvim gün olan əlavə məzuniyyət hesablanması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X4 xx.xx.2024-cü il tarixli, 53 saylı X6 bölməsinin dezinfektoru X14 əmək məzuniyyətinə buraxılarkən, ona Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən əmək şəraitinə görə 6 təqvim gün olan əlavə məzuniyyət hesablanması müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Həmin Məcəllənin 136.2.-ci maddəsinə görə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Bu maddənin ikinci hissəsinə əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Məcəllənin 136-cı maddəsinin birinci hissəsində qeyd olunur ki, bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrdə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyət hüquqlarını tanımaqla onların müddətlərinin əsas məzuniyyətlə cəmlənərək birlikdə verilməsini imperativ norma kimi müəyyənləşdirir. İşçiyə məzuniyyət verilərkən, bu hüquqlardan hər hansı birinin əsas məzuniyyətə birləşdirilməsinin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatdan kənarda qalmasına və deklarativ xarakter daşımasına zəmin yaratmış olardı. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin X4 işçiləri olan N.İmamquliyeva və A.Əliyevaya əmək şəraitinə, eyni zamanda əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri hüququ olmasına baxmayaraq onlara münasibətdə qanunla müəyyən edilmiş müddətdə əmək stajına görə əlavə məzuniyyət verilməməklə işçinin məzuniyyət hüququ pozulmuşdur. Belə ki, X8 əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı aparılan araşdırmanın nəticəsində onun həqiqətən də inzibati qanunericiliyin tələblərini pozduğu, yəni işçinin həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyət hüquqlarının olmasına baxmayaraq işçiyə yalnız əmək şəraitinə görə 6 təqvim günü müddətində əlavə məzuniyyət verildiyi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X10 tərəfindən 09 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuş və X8 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti, X3 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X8 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət verən A.Novruzovun Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunur ki, 15 oktyabr tarixdə müəsissədə yoxlama aparılmış, lakin 26 noyabr 2024-cü il tarixində protokol tərtib olunması, inzibati xəta haqqında protokolun tərtib olunması inzibati araşdırmanın aparılması üçün Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə heç bir aidiyyəti olmaması, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti tərəfindən vəzifəli şəxs qismində barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, lakin yoxlamanın 15 oktyabr 2024cü il tarixdə aparıldığını, 40 gün sonra protokol tərtib edilməsinə dair şikayət və izahatına münasibət bildirərərk qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1.-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X3 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X5 09 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X5 09 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar