Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-135/2024 27.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X6 Yaqub oğlunun sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun katibliyi, şikayət verən X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı cərimə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki o, faktiki olaraq Babək rayonu, Yarımca kəndində yaşayır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X8” publik hüquqi şəxsinin direktoru vəzifəsini müvəqqəti icra edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX tərəfindən 10 oktyabr 2024-cü il tarixdə müəssisədə yoxlama aparılmış “Qan Bankı və X8” PHŞdə çalışan əməkdaşların hüquqlarının pozulduğu qeyd edilməklə əmək şəraiti zərərli olan işçilərə əlavə məzuniyyətlərin verilmədiyi qeyd olunmaqla Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən vəzifəli şəxs qismində mənim barəmdə 1700 (bir min yeddi yüz) manat miqdarında cərimə tətbiq edilmişdir. Qeyd olunan inzibati tənbeh qərarı ilə razılaşmır. Belə ki, “Qan Bankı və X8” PHŞ-də çalışan bütün tibbi heyətə, hətta qan köçürmə tədarükü ilə məşğul olan tibbi əməkdaşlara da 15 % miqdarında tibbi sığortanın təsdiq etdiyi 01 avqust 2023cü il tarixli qərara əsasən əmək şəraitinə görə əlavə olaraq əmək haqqına əlavə pul ödənilir. Həmin qərarın 7.1.17-ci bəndinə əsasən qan köçürmə stansiyalarında qan və onun komponentlərini tədarük edən bölmələrdə qan komponentlərini və sümük iliyini tədarük edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan rəhbər (həkim ixtisası tələb olunan), həkim, orta tibb heyəti vəzifələrində çalışan işçilərə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2004-cü il tarixli 92 nömrəli qərarında isə “Əmək şəraitinə və Əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısında qeyd olunan zərərli iş növü kimi göstərilən Qanın, qan preparatlarının və qan əvəzedicilərinin tədarükü, emalı və qurudulması üzrə işlərlə məşğul olan bokslanmış cərrahiyyə otaqlarının və bokusların işçiləri göstərilir ki, həmin qərar tibbi sığortanın və Naxçıvan MR Səhiyyə Nazirliyinin birgə təsdiq etdiyi qərara uyğun deyil və həmin qərarla ziddiyət təşkil edir. Mərkəzdə bokslanmış cərrahiyyə otaqları fəaliyyət göstərmir. Mərkəzdə işçilərlə əmək müqaviləsi bağlanan zaman əmək müqaviləsində zərərli işə görə əlavə məzuniyyət hüququ verən günlər qeyd olunmur. Həmçinin mərkəzdə qan köçürmə ilə məşğul olan və qan tədarükü bölməsində işləyən 7 nəfər tibbi əməkdaşın əmək müqaviləsinə əmək müfəttişliyinin tələbinə əsasən dəyişiklik edilərək əlavə 6 gün məzuniyyət günləri verilib və noyabr və dekabr ayları əlavə məzuniyyətə göndərilmişdir. Hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX-nin 11 dekabr 2024-cü il tarixli, MN-1779525 nömrəli inzibati tənbeh vermə haqqında qərarı yuxarıda qeyd etdiyim hallarla ziddiyət təşkil edir və qanunsuzdur. Eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunur ki, 10 oktyabr 2024-cü il tarixdə müəsissədə yoxlama aparılmış, lakin 27 noyabr 2024-cü il tarixində protokol tərtib olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokolun tərtib olunması üçün inzibati araşdırmanın aparılmasına zərurət olur ki, göstərilən hallar Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında göstərilənlərə uyğun olaraq izahat verən şikayətçi X2 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə etdiyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X8” publik hüquqi şəxsinin direktoru vəzifəsini müvəqqəti icra etdiyini, əvvəlcə həmin müəssisədə şöbə müdiri işlədiyini, 01 yanvar 2024-cü il tarixdə şöbənin ləğv edildiyini və əvəzində “Qan Bankı və X8” publik hüquqi şəxsi yaradıldığını, həmin vəzifəyə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin əmrinə əsasən 30 dekabr 2023-cü ildə 3 aylıq müvəqqəti təyin edildiyini, 2024-cü ilin mart ayında isə əmrin müddətinin qurtardığını, müddət bitdikdən sonra hər hansı vəzifəyə təyin edilmədiyini, 10 oktyabr 2024-cü il tarixdə müəssisədə yoxlama aparıldığını, həmin vaxt əməkdaşların hüquqlarının pozulduğu qeyd edilməklə əmək şəraiti zərərli olan işçilərə əlavə məzuniyyətlərin verilmədiyi qeyd olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən vəzifəli şəxs qismində barəsində 1700 manat miqdarında cərimə tətbiq edildiyini, özünün isə həmin vaxt əmək məzuniyyətində olduğunu, işçinin məzuniyyətə çıxma hüququnu bölərək bir neçə dəfə məzuniyətə çıxa biləcəyini, yoxlama aparıldıqdan sonra işçilərin məzuniyyət hüquqlarından istifadə etdiyini, yoxlama aparılarkən işçilərin əmək məzuniyyətinə çıxma vaxtlarının qurtarmadığını, zərərli işləri yerinə yetirməyə görə əmək haqlarının 15 faizi miqdarında əlavə haqq ödənildiyini, əlavə olaraq isə əmək məzuniyyətinə əlavə olaraq 6 gün əlavə məzuniyyət verildiyini, məzuniyyətə çıxan işçilərin əmrlərini şikayətə əlavə etmədiyini, işçilərə 30 gün əsas məzuniyyəti, ağır iş şəraitinə 6 gün və əlavə iş stajına görə 6 gün əlavə məzuniyyət verdiklərini, direktor səlahiyyətlərini müvəqqəti icra etdiyinə görə işə ilk 3 ay əlavə olaraq direktorun əmək haqqının 50 faizi miqdarında ona pul verildiyini, sonra isə hamısının verildiyini, özünün həmin vəzifəni kənarlaşdırılması üçün səlahiyyətli orqana müraciət etdiyini, yekunda isə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında 10 oktyabr 2024-cü il tarixdə müəssisədə yoxlama aparıldığını, həmin vaxt müəssisənin işçilərinin əmək məzuniyyəti hüquqlarının pozulmasının aşkar edildiyini, əmək şəraiti zərərli olan işçilərə əlavə məzuniyyətin verilmədiyini, bu səbəbdən də X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən vəzifəli şəxs kimi onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, yoxlama aparılarkən İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.5, 198.1.7 və 469.2-ci maddələrinin tələblərinin pozulduğunu və bunun inzibati xəta haqqında protokolda əks edildiyini, lakin şəxsə güzəşt edilərək onun barəsində yalnız İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinin tələblərinin pozulmasına görə barəsində inzibati tənbeh tətbiq edildiyini, həmin əməllərin müxtəlif vaxtlarda törədildiyini və bununla bağlı akt tərtib edildiyini, Məmmədəli Həsənovunun hazırda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X8” publik hüquqi şəxsinin direktoru vəzifəsini müvəqqəti icra etdiyini, lakin onun həmin vəzifədə işləyib-işləməməsinin araşdırılmadığını, Məmmədəli Həsənovun direktorun əmək haqqının yarısını aldığından direktor səlahəhiyyətlərini müvəqqəti icra etdiyini hesab etdiklərinin, işçilərə əmək məzuniyyəti verilməsi ilə bağlı əmrləri məhkəməyə təqdim edilmədiyini, yekunda isə qərarın ləğv edilməsini və işin yenidən araşdırılıb baxılması üçün geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin rəisi X3 tərəfindən tərtib olunan 11 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Qan Bankı və X8” publik hüquqi şəxsin direktoru X1 xx.xx.2024-cü il tarixdə müəssisədə DƏMX tərəfindən aparılmış araşdırılma zamanı nöqsanlarla bağlı tərtib edilmiş aktla müəssisədə çalışan işçilərə əmək stajına görə əmək haqlarının verilmədiyi əsası ilə barəsində 27 noyabr 2024-cü il tarixli, ******* saylı protokol tərtib edilmiş və təqsirli bilinərək barəsində 11 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlı müəssisədə bu vəzifəyə nəzarət etməli olan konkret subyekti müəyyən etməyərək səthi araşdırma apararaq müəssisədə işləyən və qeyd edilən öhdəliyi yerinə yetirmək səlahiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 192.5-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-135/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-135/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver