Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-138/2023 30.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X13 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, (Fin kod – xxxxxxx) Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, lakin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, müvəqqəti işsiz X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin “30” oktyabr 2023-cü il tarixli, 139095/2xx-xx/2022 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair “30” oktyabr 2023-cü il tarixli, 015822 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Protokol tərtib edən orqan X7 Babək Rayon Notariat ofisinin 21 iyun 2022-ci il tarixli, 8-İ-900002 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınması ilə təqsirləndirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 məhkəmədə verdiyi izahatında icra sənədinin 22 iyun 2022-ci ildə icraata daxil olduğunu, 23 iyun 2023-cü ildə isə icra sənədi üzrə icraata başlamaq haqqında qərarın tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərildiyini, icra sənədinin əvvəlcə icra məmuru Vüsal Kərimovun icraatında olduğunu, 2023-cü ilin yanvar ayında isə icra sənədini öz icraatına götürdüyünü, bu səbəbdən də həmin vaxtadək icra işində olmayan sənədlərdən məlumatsız olduğunu, icra sənədi öz icraatına daxil olduqdan sonra borclu ilə telefonla əlaqə saxlayaraq ona borc barədə məlumat verdiyini, təqribən 2- 3 dəfə onunla telefonda bu barədə danışdığını, həmin vaxt borclunun təqribən icra sənədi üzrə 700 manat borcu olduğunu, sonradan ödəniş etsə də şöbəyə qəbz təqdim etmədiyini, tələbkarın bildirməsinə görə hazırda borclunun ona 275 manat borcu olduğunu və beş aydır ki, ödəniş etmədiyini, bundan əlavə icra şöbəsində onun barəsində alimentlə də bağlı icra sənədinin olduğunu, həmin icra sənədinin icra məmuru İsmayıl müəllimin icraatında olduğunu, onunla da bağlı ödəniş etmədiyini, bu səbəbdən də X5 barəsində axtarış verdiyini, “18” oktyabr 2023-cü ildə isə polisin onu axtarış əsasında şöbəyə gətirdiyini, bundan sonra ona iki dəfə xəbərdarıq verildiyini, icra sənədlərinin bir icraatda birləşdirilmədiyini, bildiyinə görə yaxın vaxtlarda İsrayılın 2000 manatdan artıq aliment borcunu tamamı ilə ödədiyini, borclunun adına iş yeri və əmlakın aşkar edilmədiyini, amma onun özünün deməsinə görə sürücülük fəaliyyəti ilə məşğul olduğunun bildirmişdi. X10 məhkəmədə verdiyi izahatında bankdan 1000 manat məbləğində kredit götürdüyünü, bu günədək gecikmələrlə birlikdə banka 1150 manat pul ödədiyini, hazırda isə 275 manat borcu qaldığını, həmin icra sənədi üzrə sonuncu ödənişi 2 ay bundan qabaq etdiyini, ondan əvvəlki ödənişləri isə atası etdiyindən ödənişlərin vaxtından məlumatsız olduğunu, özünün əvvəllər elektron nəzarət vasitəsi daşıdığını, buna görə də gecələr sürücü işləyə bilmədiyini, bu səbəbdən də bankın əməkdaşının onun yaşadığı evə gəldiyini, ona yeni ödəniş cədvəli açıldığını və hər ay 40 manat ödəmək barədə razılığa gəldiklərini, lakin barəsində alimentlə bağlı da icra işi olduğundan təqribən bir həftə bundan qabaq 2731 manat məbləğində aliment ödədiyini, həmin ödənişi isə maşının icarəyə verərək ondan aldığı pulla verdiyini, icra məmuru tərəfindən ona iki dəfə xəbərdarlıq verilsə də işləmədiyi üçün ödəniş edə bilmədiyini, yaxın zamanda işləyib borcunu verəcəyini bildirmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Notariat ofisinin 21 iyun 2022-ci il tarixli, 8-İ-900002 nömrəli icra qeydindən X4 "xxxx" Bank Olmayan Kredit X12 Cəmiyyətinin xeyrinə 1007,23 (bir min yeddi manat, iyirmi üç qəpik) manat borcun tutulalı olması müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqlardan X5 icra sənədində göstərilən borc məbləğini tam icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən X5 icra sənədi üzrə tələbkara 732 (yeddi yüz otuz iki) manat ödəməsi qeyd edilir. Sonuncu qeyd edilənlərdən görünür ki, X3 Rayon Notariat ofisinin 21 iyun 2022-ci il tarixli, 8-İ-900002 nömrəli icra sənədi üzrə borcun mühüm hissəsini ödəmiş, hazırda onun 275,23 manat əsas borcu, 70.51 manat miqdarında isə 7 faiz icra ödənişi borcu qalmaqdadır. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, fasilələrlə ödənişlər həyata keçirmişdi. Belə ki, icra məmuru da məhkəmədə verdiyi izahatından görünür ki, o, icra sənədini icraatına qəbul edəndə, yəni 2023-cü ilin yanvar ayında X2 gedən icra sənədi üzrə borunun təqribən 700 manat borcu olsa da, hazırda borclunun tələbkara 275 manat borcu var. Bu özlüyündə borclunun ödəniş etməsi təsdiq edir. Bundan başqa "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış Babək Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(079)-175/2023 nömrəli qətnaməsindən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-cu il təvəllüdlü X14 və xx.xx.2021-cü il təvəllüdlü X1 üçün X4 hər ay bir uşağın saxlanılması üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq uşağın anası X11 ödənilməsinin qət edilməsi müəyyən edilir. Həmçinin işdə iştirak edən şəxslərin izahatlandan da aydın olur ki, X8 xəbərdarlıq verildikdən sonra o, alimentlə bağlı yaranmış 2000 manatdan artıq borcu ödəmişdi. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -54.1-ci maddəsinə görə icra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. -54.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 75-ci maddəsinin tətbiqi zamanı icra sənədinin icraya yönəldilməsi vaxtına görə hər növbədən olan tələbkarların tələblərinin təmin edilməsinin vahid ardıcıllığı müəyyən edilir. 75.8-ci maddəsində qeyd edilir ki, borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyətini, yəni məhkəmə qərarının icrası üçün onun faktiki imkanlarının olması, onun həmin icra sənədinin icra ilə bağlı hərəkətsiz qalmamasını, icra sənədi üzrə borcun mühüm hissəsi ilə bağlı ödəniş etməsini, həmçinin ondan aliment tutulması ilə bağlı icra sənədi üzrə borcunu yaxın zamanda ödəməsini nəzərə alan məhkəmə belə hesab edir ki, X3 Rayon Notariat ofisinin 21 iyun 2022-ci il tarixli, 8-İ-900002 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin “30” oktyabr 2023-cü il tarixli, 015822 nömrəli protokolu ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-138/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-138/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver