Məhkəmə qərarları › İş №3(079)-138/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-138/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-138/2025 30.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X11 Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 (iki) uşaq atası, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi vəzifəsində işləyən, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 30 sentyabr 2025-ci il tarixli, 6353/5xx-xx/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 sentyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 01 sentyabr 2025-ci ildən tələbin əmək haqqına yönəldildiyini, 400 manat əmək haqqı aldığını, əmək haqqının 70 faizinin tutularaq aliment borcuna yönəldildiyini, bu günədək uşaqları görə bilmədiyini, lakin uşaqların alimentini hər ay ödədiyini, əvvəllər Bakıda işlədiyini, daha sonra uşaqları görmək üçün işdən çıxıb Naxçıvana qayıtdığını, lakin uşaqları yenə də iddiaçının göstərmədiyini, bir müddət işsiz qaldığını, daha sonra Cahan TM-də mühafizəçi işləməyə başladığını, bu günədək 4690 manata yaxın aliment ödədiyini, 2024-cü ildən aliment kəsildiyini və icra sənədindən xəbərinin olduğunu, həmin vaxtdan da alimenti ödədiyini, yığılan borcun isə aylıq ödənilən alimentdən sonra qalıq qalan borcların cəmi olduğunu, ayda 400 və ya 500 manat aliment ödədiyini, lakin hər ay 144 manat qalıq qaldığını, bu gün isə 280 manat borcdan ödədiyini, uşaqlarla görüşmədiyi üçün deyil, imkanı çatmadığı üçün alimenti tam ödəyə bilmədiyini, dəfələrlə uşaqları görmək üçün Bakıya getdiyini, amma uşaqları görə bilmədiyini, aliment məbləğinin yüksək təyin edildiyini və alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etdiyini və işin hazırda məhkəmənin icraatında olduğunu, sonda əməkhaqqının və aylıq imkanı çatdığı qədər ödəniş etməsinin nəzərə alınmasını xahiş etmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2025-ci il tarixli icra sənədinin 08 may 2025-ci il tarixdə şöbənin icraatına daxil olduğunu və icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin tərəflərə göndərildiyini, bundan sonra borclunun ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin yaşadığı yer üzrə Nizami rayon icra və probasiya şöbəsinə göndərilməsini xahiş etdiyini və icra sənədinin 21 may 2025-ci il tarixdə Nizami rayon icra və probasiya şöbəsinə göndərildiyini, qeyd olunan icra sənədinin 04 sentyabr 2025-ci il tarixdə borclunun faktiki yaşadığı yer üzrə yenidən Babək Rayon icra və probasiya şöbəsinə göndərildiyini, qeyd olunan icra sənədi üzrə tələbkarın borcun tam şəkildə ödənilməsini xahiş etdiyini, icra sənədi Nizami rayon icra və probasiya şöbəsinin icraatında olan zaman borclu iş yerindən ayrıldığından tələbin yenidən 2025-ci ilin sentyabr ayından onun əmək haqqına yönəldildiyini, borclunun bu gün 280 manat əmək haqqından tutulduğunju, həmçinin əlavə olaraq 260 manat nağd şəkildə tələbkarın hesabına ödənildiyini, hazırda borcunun 1626 manat 25 qəpik təşkil etdiyini, bu borcun Nizami rayon icra və probasiya şöbəsinin icraatında olan zaman aylıq ödənilən borclardan qalan məbləğ olduğunu, şəxsin hər ay qismən də olsa, ödəniş etdiyini, tələbkarın şifahi müraciət edərək alimentin aylıq tam şəkildə ödənilməsini tələb etdiyini və bu səbəbdən də protokol tərtib etdiyini bildirmiş, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 62.4-cü maddəsini rəhbər tutan məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2080/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3384/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin tutulmasının məbləği və icra qaydası hissəsində dəyişdirilməsi, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi və alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmış və icraya yönəldilmişdir. Protokola əlavə olunmuş borcluya təqdim edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda icra sənədi əsasında yaranmış 1626.25 manat borcun dərhal tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunmuşdur. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2025-ci il tarixli müraciətdən borclu Şəxs alimentə görə yığılmış 2126 manat borcu tam bitənədək əmək haqqından hər ay 70%, borc bitdikdən sonra icra sənədi üzrə müəyyən edilmiş qaydada alimentin tutularaq tələbkar X1 hesabına köçürülməsi və bu barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarından aydın olur ki, borclu hər ay tələbkarın xeyrinə 400 və ya 500 manat məbləğində aliment ödənişi etmiş, həmçinin Şəxs protokol tərtib edilməzdən əvvəl 280 və 260 manat olmaqla 540 manat icra sənədi üzrə ödəniş etməsi müəyyən olunmuşdur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən borclunun məlumatları üzrə çıxarışdan onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi işləyib 447 manat əmək haqqı alması, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı, icra sənədinin şəxsin əmək haqqının 70 %-nə yönəldildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.2. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İXM-in 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar