Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-14/2022 28.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X5 və X1 iştirakları ilə, xx xxxx 1983-cü ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək rayonu, Məzrə kəndində yaşayan, işsiz, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 28 mart 2022-ci il tarixli 6/754 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 28 mart 2022-ci il tarixli, 010431 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 28 mart 2022-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 28 mart 2022-ci il tarixdə Babək rayonunun Məzrə kəndinin mərkəzində ictimai yerdə mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. 28 mart 2022-ci il tarixli, 0025 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx.xx.1983-cü il təvəllüdlü Babək rayon Məzrə kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 28 mart 2022-ci il tarixdə, saat 10:25-də inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 28 mart 2022-ci il tarixdə, saat 13:20-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayon Məzrə kəndində yaşadığını, həmin kənddə özünün və bir neçə şəxsin mal-qarasını otardığını, 28 mart 2022-ci il tarixdə səhər saatlarında kommunal xərcləri ödəmək üçün kənd mərkəzinə getməli olduğundan həmin gün çölə getmədiyini, kənd mərkəzində olarkən birlikdə malheyvan otardığı tanışı Araz Əliyevin ona zəng vurduğunu, ondan nəyə görə çölə gəlmədiyini soruşduğunu, telefonda onunla biraz zarafatlaşdıqlarını, bu zaman ağzından söyüş xarakterli nalayiq ifadələr çıxdığını, həmin vaxt ətrafda kəndin polis əməkdaşları və bir neçə kənd sakininin olduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq ictimai yerdə asayişi pozduğuna görə xəbərdarlıq edərək Babək rayon Polis İdarəsinə dəvət etdiklərini, həmin vaxt heç kimin əmlakına və ya sağlamlığına heç bir ziyan vurmadığını, telefonda danışdığı adama və ya başqasına hədə-qorxu gəlmədiyini, 28.03.2022-ci il tarixdə barəsində tutma tətbiq edilərək protokol tərtib olunduğunu, özünün evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olduğunu, əlilliyinin olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında izahat verən şahid X6 məhkəmə iclasında verdiyi izahatında 28 mart 2022-ci il tarixdə uşaqlarını məktəbə aparmaq üçün evdən çıxdığını, məktəbin Məzrə kənd İcra Nümayəndəliyinin binasına yaxın yerləşdiyini, uşaqları məktəbə qoyduqdan sonra kənd mərkəzində dayandığını, bu zaman kənd sakini kimi tanıdığı Şəxs telefonda aşağı-yuxarı gedib-gələrək uca səslə danışdığını, nalayiq ifadələr işlətdiyini, ətrafda ondan başqa kənd sakinlərinin və polis əməkdaşlarının olduğunu, polis əməkdaşlarının Adəmə yaxınlaşaraq onu nizam-intizama, daha sonra isə Polis İdarəsinə dəvət etdiklərinin şahidi olduğunu, Şəxs heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən şahid X3 28 mart 2022-ci il tarixdə yaşadığı Məzrə kəndində atasının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün yaşayış yeri haqqında arayış almaq məqsədilə Məzrə kənd İcra Nümayəndəliyinin binasına getdiyini, bu zaman kənd sakini kimi tanıdığı Şəxs telefonla danışdığını, telefonda ucadan söyüşlər söydüyünü, ətrafda ondan başqa vətəndaşların olduğunu, polis əməkdaşlarının Şəxs yaxınlaşaraq onu uzaqlaşdırdıqlarının şahidi olduğunu, Şəxs heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs oğlunun törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 28 mart 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 28 mart 2022-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-14/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-14/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver