Məhkəmə qərarları › İş №3(079)-14/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-14/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-14/2025 24.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru Anar Məmmədovun iştirakı ilə, xx xxxx 1995-ci ildə Babək rayonu, Qoşadizə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN kodu- xxxxxxx), subay, iki uşaq atası, işsiz, Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinin 24 yanvar 2025-ci il tarixli, 150214/2xx-xx/2022 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-66/2022 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-66/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10050 (on min əlli) manat pulun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)-66/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünün məhkəmə qətnaməsini və icraata başlamaq haqqında qərarın surətini ön cəbhə xəttində olduğuna görə qəbul edə bilmədiyini, əlavə olaraq uşaqların saxlanılması üçün aliment və banka olan borcuna görə kredit ödədiyini, bu səbəbdən hazırki iş üzrə borcunu ödəyə bilmədiyini, suallara cavabında məhkəmə qətnaməsini almadığını, lakin ilk məhkəmə prosesində iştirak etdiyini və məhkəmənin icraatında onunla bağlı iş olduğundan xəbərdar olduğunu, həmin vaxt Suqovuşanda hərbi xidmətdə olduğunu, daha sonra isə Zəngilan və Xankəndi rayonunda xidmətini davam etdirdiyini, məhkəmə qətnamsinin qeydiyyatda olduğu yerə göndərildiyini və özünə çatmadığını, məhkəmə qərarının icra nümayəndəsindən bu gün aldığını, bir il öncə icra məmuru ilə danışdığını, barəsində qətnamə və icra vərəqəsinin çıxarıldığını öyrəndiyini, öyrəndikdən sonra da borcdan heç nə ödəmədiyini, bu barədə icra məmuruna bildirdiyini, kirayə, aliment və kredit borclarını ödədiyini, öhdəlikləri çox olduğuna görə hazırki borcdan heç nə ödəyə bilmədiyini, 380 manat aliment, 320 manat kirayə və digər məhkəmə qətnaməsi üzrə kredit borcunu ödədiyini, əmək haqqının isə cəmi 900 manat olduğunu, hazırda işləmədiyini, 2024-cü ilin dekabr ayının 24-dən ordudan ehtiyata buraxıldığını, aliment borcunun əmək haqqına yönəldildyini, əslində qətnamə çıxdıqdan sonra 2024-cü ilin 24 dekabrına qədər işlədiyini, işlədiyi hərbi hissə barədə də icra məmuruna məlumat verdiyini, əmək haqqına bu işlə bağlı tutma yönəlmədiyini, mülkiyyətində heç bir əmlakının olmadığını, ancaq hərbi xidmətdə olduğunu, imkan daxilində ödənilməylə bağlı müddət verilməsini, özünün 3 uşaq atası olması, ön xətdə xidmət etməsi, Vətən müharibəsi iştirakçısı olması və əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədov məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin icra vərəqəsinin 07 iyul 2022-ci il tarixdə şöbəyə daxil olduğunu, 08 iyul 2022-ci il tarixli icraata başlama qərar qəbul edilərək qərar və bildirişin borclunun ünvanına göndərildiyini, lakin borclu orada yaşamadığından məktubun geri qaytarıldığını, bundan sonra yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərildiyini, borclunun əmlak və gəlirləri barədə sorğuların verildiyini, əmlakının müəyyən edilmədiyini, icra işindən əlavə borclunun aliment tələbi üzrə şöbədə başqa bir icra işinin olduğunu, ona görə onun əmək haqqının 70 faizinin qalıq borc bitənədək, borc bitdikdən sonra isə əmək haqqının 1/3 hissəsinin tutulması barədə qərar verildiyini, bu səbəbdən də İcra haqqında qanunun müvafiq maddəsinə əsasən iki icra sənədinə əsasən əmək haqqının 50 %-dən çoxuna tutma yönəldilə bilmədiiyindən hazırki borc üzrə tutmanın şəxsin əmək haqqına yönəldilmədiyini, aliment borcunun bitməsiylə bağlı şöbəyə məlumat verilmədiyini,hazırkı icra sənədi üzrə şəxs barəsində axtarış qərarı verildiyini, xx.xx.2025-ci il tarixdə borclunun şöbəyə təhvil verildiyini, borclunun 2024-cü ilin dekabrında işdən azad olunduğunu, iş üzrə heç bir ödəniş edilmədiyini, tələkbarın müraciətlərinin olduğunu, tələbkarın 26 dekabrda şikayət ərizəsi ilə müraciət etdiyini, icra sənədinin icra vəziyyəti ilə bağlı tələbkara məlumat göndərildiyini, icra sənədi daxil olduğu zaman şəxslə şifahi əlaqə saxlandığını və şəxsin Tərtərdə xidmət etdiyini bildirdiyini, həmin vaxtdan borclunun borcundan xəbərdar olduğunu, şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş və icraata başlama haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi təmin olunmuş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərində göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Protokola əlavə olunmuş sənədlərdən icraata başlama haqqında qərar və könüllü icra bildirişinin şəxsin yaşadığı yer üzrə icra nümayəndəliyinə göndərilməklə rəsmi qaydada verilməsinin təmin olunması müəyyən olunur. Həmçinin borclunun izahatından onun icra sənədinin mövcudluğundan və borcun məbləğindən xəbərdar olduğu müəyyən olunmuşdur. Protokola əlavə olunmuş borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda Babək Rayon Məhkəməsinin 2(079)-66/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10050 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar və icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamış, əksinə icra sənədinin icraya yönəldilməsindən keçən 2 ildən artıq müddət ərzində borclunun məhkəmə qətnaməsinin icrası üçün tamamilə hərəkətsiz qaldığı, halbuki şəxsin bütün bu müddət ərzində işləyib əmək haqqı aldığı müəyyən olunmuşdur. Məhkəmə şəxsin işləyib əmək haqqı alması halında keçən müddət ərzində məhkəmə qətnaməsini ümumiyyətlə icra etməməsini üzrsüz səbəbdən icra edilməmə olaraq qiymətləndirir. “İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 7 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 24 yanvar 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 24 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 24 yanvar 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar