Məhkəmə qərarları › İş №3(079)-148/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-148/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-148/2023 04.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1962-ci ildə Azərbaycan Respublikası, Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, (Fin kod – xxxxxxx) Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olan və yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 04 dekabr 2023-cü il tarixli, 183858/4xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair “04” dekabr 2023-cü il tarixli, 015824 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədinin icrası ilə bağlı barəsində Babək Rayon Məhkəməsinin “09” fevral 2023-cü il tarixi, 3(079)-24/2023 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq, həmin icra sənədi üzrə yaranmış pul borcunu bir il ərzində təkrar ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 məhkəmədə verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədinin 29 iyul 2021-ci ildə icraata qəbul edildiyini, icra sənədinin əvvəl icra məmuru Vüsal Kərimovun, sonra Sahil Qurbanovun icraatında olduğunu, həmin icra sənədini 2023-cü ilin noyabr ayının sonunda öz icraatına qəbul etdiyini, icra işindən borclunun əvvəllər dəfələrlə xəbərdar edilməsi, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşması barədə qərar qəbul edilməsinin, borclunun əmlakının müəyyən edilməsi üçün sorğular verilməsinin, onun adına ancaq yaşayış sahəsinin olmasının müəyyən edildiyini, Şəxs barəsində əvvəllər iki dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edildiyini, birinci iş üzrə icraata xitam verildiyini, ikinci dəfə isə Şəxs barəsində 500 manat məbləğində cərimə tətbiq edildiyini, onun həmin cəriməni ödədiyini, lakin həmin qərarın qəbul edilməsindən indiyədək Şəxs icra sənədi ilə bağlı ödəniş etmədiyini, əvvəllər ödədiyi 7000 manatı tələbkar qəbul etmədiyindən gedib həmin da götürüb xərclədiyini qeyd etmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi ilə ondan 49653 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməsinin qət edildiyini, həmin qərar üzrə 09 fevral 2023-cü ilədək 7000 manat pul ödədiyini, lakin sonradan Sənan həmin pulu qəbul etmədiyindən 7000 manatı götürərək digər borclarını verdiyini, yəni həmin pulun 500 manatını barəsində təyin edilmiş cəriməyə verdiyini, 1000 manatı yoldaşı Hərgülə məhkəmə qərarı əsasında ödədiyini, 2000 manatını restoranın təhlükəsizlik kameralarının quraşdırılmasına xərclədiyini, 2000 manatını Rəfiqə adlı şəxsə olan borcuna verdiyini, qalan 1500 manatını isə xərclədiyini, 2023-cü ilin may ayında arvadı Hərgüllə aralarında olan mübahisəyə görə restoranın işləməsinə qadağa qoyulduğunu, buna görə də maddi imkanın olmadığını, həmçinin Sənana olan borcun yarısının arvadına aid olması ilə bağlı iddia qaldırdığını, həmin borcun ər-arvadın ümumi borcu hesab edildiyini, hazırda həmin işin apellyasiya məhkəməsində olduğunu, ondan kasasiya şikayəti vermək istədiyini, Hərgül borcun yarısını ona verdikdən sonra özünün də pulun yarısını düzəldib Sənana verəcəyini bildirmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi ilə Şəxs 49653 manat pul tutulub ona verilməli olduğunu, bu qərarın qəbul edilməsindən üç ilə yaxın vaxt keçdiyini, əslində özünün Məhərrəmə 49000 deyil, çox pul verdiyini, həmin pulu verməkdə məqsədinin Şəxs məxsus restoranının yarısına şərik olmaq, oradan qazanc götürərək ailəsini saxlamaq olduğunu, Məhərrəmlə ərik olduğu bir il ərzində də 7500 manat gəlir əldə etdiyini, lakin sonradan Məhərrəmin kiminsə öyrətməsi nəticəsində onunla ortaqlığı pozduğunu, məhkəmə qərarının qəbul edilməsindən üç ilə yaxın vaxt ötməsinə baxmayaraq Məhərrəmin ona bu gün, sabah edə-edə pulunu vermədiyini, artıq həmin pulun dəyərinin də qalmadığını, üç il ərzində hər il 7500 manat qazanc əldə etsə idi artıq aralarında belə mübahisə də qalmayacağını, Məhərrəmin ona indiyədək 7000 manat pul ödədiyini, bu gün məhkəmə iclasında onun verdiyi pulun da gedib götürdüyünü öyrəndiyini, onunla şərikli iş görəndə digər şəxslərin iştirakı ilə səslərini telefona yazaraq hər bir məsələni oraya qeyd etdiklərini, özünün dörd övladı olduğunu, yəni geniş ailə saxladığını, Məhərrəmlə şərik olanda hər il 7500 manat pul əldə etmədiyi düşündüyünü, bu gün həm pulundan, həm də qazancından məhrum olduğunu, 09 fevral 2023-cü ildən sonra borclu ilə aralarında bir-iki dəfə söhbət etdiklərini, Məhərrəmin ona arvadına qarşı qaldırdığı iddia üzrə qətnamənin qanuni qüvvəyə minməsini gözlədiyini dediyini qeyd etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki; - şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; - şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - bu icra edilməmə üzrsüz səbəbdən baş verməli; - Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli; - sonuncu qeyd edilən qanuni qüvvəyə minməli; - qərarın qəbul edildiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə əməl təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədindən Zərərçəkmiş şəxs Şəxs qarşı pul tələbi məhkəməyə müraciət etməsi, məhkəmənin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Şəxs 49.653.45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx beş qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs verilməsinin qət edilməsi müəyyən edilir. İki, dörd, beş və altıncı şərtlərin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş, sifarişli poçt göndərişinin göndərilməsi barədə reyestr və xəbərdarlığın surətlərindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməsi üçün Şəxs rəsmi qaydada xəbərdarlıq edilməsi aydın olur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 3(079)- 24/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Zeynalov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin yuxarıda qeyd edilən icra sənədini icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdi. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarından müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2- 2(123)-6/2021 nömrəli icra sənədi üzrə borclunun 49.653.45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx beş qəpik) manat ödənilməmiş öhdəliyi mövcuddur. Bu qeyd edilənlər isə iki, dörd, beş və altıncı şərtlərin mövcudluğunu təsdiq edir. Üçüncü şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, həmçinin işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilir. Borclu icra sənədini icra etməməsini maddi imkanı olmaması ilə əsaslandırsa da, məhkəmənin fikrincə onun keçən dövr ərzində tələbkara ödədiyi, lakin onun qəbul etməyərək rabitə orqanında qaldığı pulu Zərərçəkmiş şəxs bildirmədən geri götürərək, 1500 manat hissəsini üzrlü olmayan səbəblərə görə xərcləməsi, həmçinin həmin borcun ər-arvadın birgə borcu sayılması barədə qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsinə əsaslanaraq hərəkətsiz qalması, həmin qətnamə qanuni qüvvəyə minmə ehtimalında belə yenə də ona aid olan hissə ilə bağlı heç ödəniş etməməsi Şəxs icra sənədini üzürlü səbəbdən icra etməməsini deməyə imkan vermir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməyə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirici hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1 və 33.1.2-ci maddələrinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilsə də, həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Normanın tələbindən də görünür ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Məhkəmə isə belə hesab edir ki, hazırda Şəxs barəsində Babək Rayon Məhkəməsinin 3(079)-24/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qərarı ilə cərimə inzibati tənbeh tədbiri tətbiq edilsə də, bu inzibati tənbehin məqsədinə nail olmağa imkan verməmişdi. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Buna görə də Şəxs məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Qanunvericiliyin qeyd edilən normalarını, Şəxs törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04 dekabr 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən onun tutulması həmin tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 04 dekabr 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar