Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-15/2025 28.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 28 yanvar 2025-ci il tarixli, 100989/3xx-xx/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 yanvar 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında icra sənədinin 03 may 2023-cü il tarixdə şöbənin icraatında daxil olduğunu, 04 may 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə məlumat verildiyini, şəxsə müxtəlif vaxtlarda rəsmi və qeyri-rəsmi xəbərdarlıq edilməsinə, həmçinin telefonla məlumat verilməsinə baxmayaraq 2 il ərzində borcundan ödəniş etmədiyini və bu barədə şöbəyə qəbz təqdim olunmadığını, barəsində hissə-hissə ödənişlə bağlı qərar olmadığı, şəxsin 2 il ərzində ödəniş etməməsinin və onun barəsində protokol tərtib edildikdən sonra 1500 manat ödəniş etməsinin qərəzli olaraq borcunu ödəməməsini sübut etdiyini, icra vərəqəsindən əsas borclu yaxud zamin olmasının müəyyən edilmədiyini, lakin şəxsin izahatından zamin olmasını müəyyən etdiklərini, digər borclunun Türkiyə Respublikasında yaşadığını, onun icra işinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatında olduğunu, icra sənədi üzrə iki il ərzində cəmi 2000 manat pul ödənildiyini, 4920 manat borcun qaldığını, hazırda isə şəxsin 1500 manat ödəniş etdiyini, şəxsin işlədiyini, borclunun usta yanında işlədiyini, bunu şəxsən gördükdə borcun ödənilməsi üçün ona şifahi xəbərdarlıq etdiyini, şəxsin rəsmi iş yerinin olmadığını, lakin şəxsin özünün də bildirdiyinə görə əvvəllər kafedə ofisiant və maşın ustası yanında işlədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında X2 Naxçıvan Bankdan kredit götürdüyünü, həmin vaxt özünün ona zamin durmadığını, ilkin olaraq Əli Səfərovun ona zamin durduğunu, sonradan Nurlan Abutalıbovun krediti yeniləyərkən özünün zaminlə əvəz olunduğunu, bankdan götürülən pulun hamısını əsas borclunun istifadə etdiyini, özünün həmin puldan istifadə etmədiyini, 2023-cü ildən icra sənədi barədə məlumatlı olduğunu, borcdan indiyədək ödəniş etmədiyini, hazırda isə həmin borcdan 1500 manat ödədiyini, Bankda adı sistemdə olmadığından ödənişin əsas borclunun adından vurulduğunu və qəbzdə olan baş hərflərin X2 adına uyğun olduğunu, əvvəllər bir dəfə 2024-cü ilin dekabr ayında əsas borclunun 1 dəfə 500 manat ödəniş etdiyini, bundan sonra hər ay 350 manat ödəyə biləcəyini, icra sənədi çıxdıqdan sonra Naxçıvan şəhərində yerləşən “Onur kafe”-də ofisiant işlədiyini və aylıq 600 manat əmək haqqı aldığını, lakin əmək müqaviləsi bağlamadığını və vergi ödəyicisi kimi qeydiyyata alındığını, hazırda işləmədiyini, əsas borclunun isə hazırda Türkiyə Respublikasında yaşadığını, işləmədiyi üçün borcu ödəyə bilmədiyini, əsas borclunun işləyib borcu birlikdə ödəyəcəklərini ona bildirdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(079)-253/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər X1 və Şəxs 16 avqust 2021 -ci il tarixli, İK1005897 saylı kredit müqaviləsinə əsasən 5 978.74 (beş min doqquz yüz yetmiş səkkiz manat yetmiş dörd qəpik) manat əsas borc, 908.48 (doqquz yüz səkkiz manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla: ümumilikdə 6 887.22 (altı min səkkiz yüz səksən yeddi manat iyirmi iki qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 88.87 (səksən səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu cavabdehlər X1 və Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət olunmuşdur. Barəsində icraat aparılan şəxs və icra məmurunun izahatından, həmçinin məhkəməyə təqdim olunmuş xx.xx.2025-cü il tarixli qəbzin surətindən borclu tərəfindən icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə 1500 manat ödənişin edildiyi müəyyən olunur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun tələblərinin icrası üçün səy göstərərək icra sənədi üzrə qismən icranı həyata keçirmiş, icra olunmayan hissədə isə icranın təmin edilməməsi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, Elektron İcra Sistemindən çıxarış əsasında şəxsin hazırda işləyib qazanc əldə etmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5- 1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
qəraraaldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.