Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-155/2023 26.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, 10 avqust 1996-cı ildə Babək rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, (Fin kod – 5P9HOUG) Babək rayonu, Qahab kəndində qeydiyyatda olan, lakin Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 25, ev 16-da yaşayan, əvvəllər “Cahan Ticarət Mərkəzində meyvə alveri ilə məşğul olan, hazırda işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 11 dekabr 2023-cü il tarixli, 3-13-43-7/2-11283/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 dekabr 2023-cü il tarixli, 016792 nömrəli inzibati xəta haqqında protokollar onlara əlavə olunmuş sənədlərlə birlikdə 12 dekabr 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 26 avqust 2023cü ildə Babək rayonu, Kültəpə kəndində X4 məxsus evdə X5, X6 və X1 ilə birlikdə qumar oynaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş, yəni “Qumar oyununda iştirak etmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında Şahsuvar, Elməddin və Şirvan ilə həmkəndli olduğunu, onları bu vasitə ilə tanıdığını, təqribən iki il olar ki, ara-sıra toylarda qumar oynadığını, bununla bağlı əvvəllər iki dəfə inzibati qaydada məsuliyyətə cəlb edildiyini, vaxtını dəqiq xatırlamasa da İlmanın özünü doğradığı gün Babək rayonu, Kültəpə kəndində yaşayan Müslümün evində Elməddin, İlman və Şahsuvarla birlikdə qumar oynadığını, həmin vaxt özünün orada çox qalmadığını, qumarı kart ilə oynadıqlarını, kartın kimə məxsus olduğunu bilmədiyini, həmin günü özünün nə udduğunu, nə uduzduğunu, Şirvanın həmin günü orada iştirak etmədiyini, Müslümün evində bir dəfə qumar oynadığını, onunda sonuncu olduğunu bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qumar oyununda iştirak etmək, yəni qumar oynamaq inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin qeyd hissəsinin 1-ci hissəsinə görə isə həmin Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş X5, X2, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edilmişdi. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri qismində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsində fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalı olması qeyd edilsə də, məhkəmə qeyd edir ki, Şəxs təqsirli bilindiyi maddənin sanksiyasından cərimənin konkret miqdarının müəyyən etməklə, həmin əmələ görə 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilməli olması aydın olur. Yuxarıda qeyd edilən normanın tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Şəxsin təqsirləndirildiyi əməlin-maddi hüquq normasının sanksiya hissəsindən oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməsinin əlavə tənbeh növü kimi imperativ tətbiq edilməli olması aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələbinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən Şəxs məxsus oyun ləvazimatının olması, habelə onun tərəfindən qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir olması müəyyən edilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-155/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-155/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver