Məhkəmə qərarları › İş №3(079)-158/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-158/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-158/2023 15.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və icra məmuru X3 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Babək rayonu, Hacıvar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, (Fin kod – xxxxxxx), Babək rayonu, Hacıvar kəndində qeydiyyatda olan, deməsinə görə “Park AVM”-də administrator işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2023-cü il tarixli, 133038/4xx-xx/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 dekabr 2023-cü il tarixli, 015825 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Babək Rayon İcra və Probasiya şöbəsi inzibati xəta haqqında protokolunda Şəxs Babək Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli və 14 avqust 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli icra sənədləri üzrə borclarını ödəməkdən yayınmaqla, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyini qeyd etmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmədə verdiyi izahatında Şəxs 26 aprel 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli icra sənədi üzrə ümumilikdə Zərərçəkmiş şəxs 300 manat ödəniş etdiyini, onun barəsində 14 avqust 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli icra sənədi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmədiyini, tərəflərin arasında borcun ödənilməsi barədə razılıq əldə edildiyini, yəni borclunun tələbkara hər ay 300manat ödəməsini öhdəsinə götürdüyünü və tələbkarın bunu qəbul etdiyini bildirmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Şəxs indiyədək ona 300 manat ödəniş etdiyini, hazırda aralarında borcun ödənilməsi barədə razılıq əldə edildiyini, yəni borclunun ona hər ay 300 manat ödəməsini öhdəsinə götürdüyünü, buna görə də onun barəsində şikayətinin olmadığını bildirmişdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında tələbkarın məhkəmədə verdiyi izahata oxşar izahat vermişdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - bu icra edilməmə üzrsüz səbəbdən baş verməli; -Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli; -sonuncu qeyd edilən qanuni qüvvəyə minməli; - qərarın qəbul edildiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə əməl təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli icra sənədindən Zərərçəkmiş şəxs Şəxs qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etməsi, Şəxs 4700 manat (dörd min yeddi yüz) məbləğində pulun və 67 (altmış yeddi) manat miqdarında dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinin qət edilməsi müəyyən edilir. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli icra sənədindən X1 Şəxs qarşı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etməsi, ondan 1760 (bir min yeddi yüz altmış) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1810 (bir min səkkiz yüz on) manat məbləğində borcun və 70 (yetmiş) manat miqdarında dövlət rüsumunun alınaraq X2 ödənilməsinin qət edilməsi aydın olur İki, dörd beş və altıncı şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, xəbərdarlığın surətindən o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün ona rəsmi qaydada xəbərdarlıq edilib. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış və işə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 3(079)-97/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarından aydın olur ki, Şəxs Babək Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan və işdə iştirak edən icra məmurunun məhkəmədə verdiyi izahatdan isə görünür ki, Şəxs barəsində Babək Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli qətnaməsi əsasında verilmiş 25 sentyabr 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli icra sənədi üzrə İnzibati Xətalar Məcəlləsi 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın ilə törədilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdi. Bu isə onu deməyə imkan verir ki, Şəxs əməlində Babək Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli qətnaməsi əsasında verilmiş 25 sentyabr 2023-cü il tarixli, 2(079)-415/2023 nömrəli icra sənədinin münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli mövcud deyil. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarından, Şəxs və Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən isə təsdiq edilir ki, Babək Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli icra sənədi üzrə borclunun 4467 (bir min iki yüz) manat ödənilməmiş öhdəliyi mövcuddur. Bu qeyd edilənlər isə Babək Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(079)- 189/2023 nömrəli icra sənədinə münasibətdə iki, dörd beş və altıncı şərtlərin mövcudluğunu təsdiq edir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədinin icrası ilə bağlı icra məmurunun borcluya yazılı qaydada xəbərdarlıq təqdim etməsi sübuta yetirilir. İşdə iştirak edən şəxslərin məhkəmə verdiyi izahatlarından isə aydın olur ki, borclu Zərərçəkmiş şəxs ümumilikdə 300 manat ödəniş etmiş, həmçinin onunla aralarında hər ay 300 (üç yüz) manat ödəniş etməsi barədə razılığa gəliblər. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, habelə aralarında müddət az olmaqla, fasilələrlə ödənişlər həyata keçirmişdi. Yuxarıda qeyd edilənləri məhkəmə belə hesab edir ki, Şəxs Babək Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(079)-189/2023 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 15 dekabr 2023-cü il tarixli, 015825 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar