Məhkəmə qərarları › İş №3(079)-159/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-159/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-159/2023 19.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN kodu-xxxxxxx), evli, üç uşaq atası, işsiz, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Babək Rayon Polis İdarəsinin 19 dekabr 2023-cü il tarixli, 3-13-43-7/2-11696/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 dekabr 2023-cü il tarixli, 017974 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs “19” dekabr 2023-cü ildə təqribən saat 0030 radələrində Babək rayonu, Cəhri qəsəbəsində X3 ilə birlikdə sərxoş vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında özünün ailəsi ilə birlikdə İstanbul şəhərində yaşadığını, bura evini təmir etmək üçün gəldiyini, 19 dekabr 2023-cü ildə Səhman və Pərvizlə görüşdüyünü, içki içmək üçün Babək rayonu, Cəhri qəsəbəsində yerləşən yeməkxanaya getdiklərini, orada üçünün birlikdə 750 qram araq içdiyini, təqribən gecə saat 2 radələrində evə getmək üçün yola çıxdıqlarını, bu zaman kənd mərkəzinə gedən maşınlara ələ edərək onları da kəndə aparmalarını istədiklərini, gələn maşınlara əl etsələr də onların saxlamadığını, təqribən 5-10 dəqiqə sonra polis əməkdaşlarının gəldiyini, onlara maşına minməyi təklif etdiklərini, bunu nə məqsədlə təklif etməsindən məlumatsız olduğunu, həmin vaxt kefli olduğunu, bir çox şeyi xatırlamadığını, polislərə qarşı nalayiq ifadələr işlətdiyini, bunu sərxoş olduğu üçün etdiyini, polislərin hər birindən üzrxahlıq etdiyini, aralarında mübahisənin təqribən 5-10 dəqiqə çəkdiyini, indiyədək belə bir əməl törətmədiyini, əməlindən peşman olduğunu bildirərək, üç uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahatında Babək Rayon Polis İdarəsinin Cəhri polis bölməsində post patrul nəfəri işlədiyini, dünən, yəni 18 dekabr 2023cü ildə saat 2000-dan bu gün saat 0800-dək Şahid2 və Həsənzadə Bəxtiyarla xidmətdə olduğunu, Babək rayonu, Cəhri qəsəbəsində xidməti maşında olarkən qabaqdan gələn maşının işıq ataraq onları saxladığını, həmin şəxsin onlara qarşıda üç nəfərin özlərini maşının qabağına ataraq qəza şəraiti yaratdığını, onlar barəsində şikayətçi olduğunu dediyini, bundan sonra özlərinin şikayətçinin göstərdiyi tərəfə doğru hərəkət etdiyini, həmin vaxt şikayət edən şəxsin də öz maşını ilə onların arxasınca gəldiyini, bu vaxt həmin şəxslərə yaxınlaşaraq onlar barəsində şikayət olduğunu deyəndə Qəmbərin onlara qarşı söyüş söyməyə başladığını, həmin vaxt onların hamısının kefli olduğunu, onlara maşına minərək bölməyə getməyi təklif etdiyini, lakin Qəmbər və Səhmanın heç onlara danışmağa imkan vermədiyini, daha sonra Qəmbərin zəmi tərəfə qaçdığını, həmin vaxt onun çığıraraq “ay Cəhri camaatı məndən iki yüz manat pul istəyirlər” dediyini, bu zaman Həsənzadə Bəxtiyarın onun arxasınca qaçdığını, daha sonra Şahid2in də onların dalınca gedərək onu tutduqlarını, onu gətirdikdən sonra X2 buraxılması istədiyini, bundan sonra onun səs-küy salmağa başladığını, Pərvizin isə əlində vedrə olduğunu və onun içərisində turşu olduğunu, həmin vaxt onun hər hansı bir səs-küy salması, söyüş söyməsi halına rast gəlmədiyini, onun kənarda durduğunu, lakin şikayətin hər üçünün barəsində olduğunu, yəni onun da özünü yola atdığını, onları daha sonra maşına mindirərək əvvəlcə bölməyə, sonra isə sərxoşluq testinə apardıqlarını bildirmişdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin Cəhri Polis bölməsində post patrul nəfəri işlədiyini, dünən gecə Şahid1 və Həsənzadə Bəxtiyarla xidmətdə olduğunu, Babək rayonu, Cəhri qəsəbəsində xidməti maşınla hərəkətdə olarkən qabaqdan gələn Mercedes markalı maşının onlara işıq ataraq saxladığını, həmin şəxsin onlara qarşıda üç nəfərin özlərini maşının qabağına ataraq qəza şəraiti yaratdığını, həmin şəxsin deməsinə görə onun az qala həmin şəxsləri maşınla vuracağını, şəxsin onlar barəsində şikayətçi olduğunu dediyini, şəxsin bildirməsinə görə onların təqribən üç yüz metr qarşıda olduğunu, bundan sonra özlərinin şikayətçinin göstərdiyi tərəfə doğru hərəkət etdiklərini, həmin vaxt şikayət edən şəxsin də öz maşını ilə onların arxasınca gəldiyini, bu vaxt birinci Kəmaləddinin onlara yaxınlaşaraq barələrində şikayət olduğunu deyəndə Qəmbərin ona qarşı söyüş söyməyə başladığını, onların hamısının kefli olduğunu, onlara maşına minərək bölməyə getməyi təklif etdiyini, lakin Qəmbərin zəmi tərəfə qaçdığını, bu zaman Həsənzadə Bəxtiyarın onun arxasınca getdiyini, daha sonra özünün onların dalınca gedərək onu tutduqlarını, zəminin palçıq olduğunu, onu gətirdikdən sonra Səhmanın səs-küy salmağa başladığını, bu vaxt onları maşına mindirmək istəsələr də Səhman və Qəmbərin buna əməl etmədiyini, Pərvizin isə əlində sarı rəngli vedrə olduğunu və onun içərisində turşu olduğunu, həmin vaxt onun səs-küy salması, söyüş söyməsi halına rast gəlmədiyini, onun kənarda durduğunu, Cəfərov Pərvizə ağsaqqal kimi nə dedilərsə onun buna əməl etdiyini qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq “Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də iş materiallarında olan məhkəmə iclasında tədqiq olunan digər sübutlar və şahidlər Şahid1 və Şahid2 izahatı ilə də sübuta yetirilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, o, işsizdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan başqa məhkəmə onun ailəli və himayəsində azyaşlı uşaq olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə görə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi də məsuliyyəti ağırlaşdıran haldır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Şəhər Təcili X7 Hüquqi şəxsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, 823 nömrəli aktda Şəxs qanında alkoqolun konsentrasiyasının 0,65 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İnzibati tənbeh tətbiq edilməsinin əsas məqsədini, Şəxs törətdiyi inzibati xətanın idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, hadisənin baş verməsində onun xüsusi ilə fəal olmasını, inzibati xətanın baş verməsinə səbəb olan halları, digər yüngülləşdirici və ağırlaşdırıcı halları birlikdə nəzərə alan məhkəmə hesab edir ki, ona inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, ona 12 (on iki) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli, 0750 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, Şəxs barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdi. Bu səbəbdən də məhkəmə qeyd edir ki, onun tutulması həmin tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 12 (on iki) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 19 dekabr 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar