Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-16/2023 03.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1, oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Qahab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, (Fin kod – xxxxxxx) Babək rayonu, Naxışnərgiz kəndində yaşayan, Babək rayonu, Naxışnərgiz bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinə 23 yanvar 2023-cü ildə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi şikayət daxil olmuşdu. Şəxs şikayətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə tətbiq edilmiş cərimə tənbeh növünün ləğv edilməsini və mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdi. O, şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 30 iyun 2022-ci il tarixli 22/626 saylı məktubla, 28 iyun 2022-ci il tarixli 008964 saylı "İnzibati tənbeh vermə haqqında "qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə mənə fiziki şəxs kimi altı yüz manat cərimə tərtib etmişdir. Qeyd edim ki, 12 iyun 2022-ci il tarixdə mənim təsərrüfatıma Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən yazılan protokol yalan və böhtan xarakteri daşıyır. Mənə yaylaqda heç bir protokol yazılmayıb və heyvanlarımın sayğısı da heç kim tərəfindən aparılmayıb yaylaqdan çıxarılmasına dair heç bır göstəriş olmayıb. Mən hamıdan sonuncu 12 iyunda yaylağa getdim həmişə getdiyim vaxtdan 3-4 gün də gec, həmin vaxt bir nəfər ekologiyanın mütəxəssisi və bir polis nümayəndəsi gəlmişdi. Mənimlə söhbət apardılar ki, indiki halda nə etmək olar məndə bildirdim ki, bütün yaylaq sənədləri əvvəlcədən verilməli idi. Mən yaylaqla bağlı 760 baş xırda buynuzlu heyvanım olduğu haqda arayış sənədini təqdim etmişəm. Arayışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etdikdən sonra mənə bildirdilər ki, qanuna görə 400 (dörd yüz) manat icarə haqqı ödəməlisən. Mən bildirdim ki, nağd verməyəcəm. Dedilər apar bank şöbəsinə keçir. Mən də xx.xx.2022-ci il tarixdə 67 saylı qəbzlə 400 manatı ekologiya nazirliyinin hesabına keçirdim. Yaylağa nə vaxt getməyimiz haqda nə mənə, nə də rayon İH-nə və ya yerli icra nümayəndəliyinə yazılı və ya şifahi heç bir məlumat verilməmişdir. Məlumat üçün bildirim ki, hər ilin iyun ayının 8-10-da yaylaq marşrutları verilirdi. Bunu əvvəlki illərin sənədləri də təsdiq edə bilər(arayış və sənədlər əlavə edilir). Mən ekologiya nazirliyinin mütəxəssisi Kamran Əliyevə bildirdim ki, marşrutumu verin, mən gedim öz ərazimi qoruyum, dedi olmaz hamı iyun ayının 10-da gedəcək sonra öyrəndim ki, digər hüquqi şəxslər iyunun 08-də gediblər. Mən yaylaq mütəxəssisi K. Əliyevə müraciət etdim ki, havalar quraq keçir qoyun quzu aranda heç nə tapmır yesin, heyvanın qarnı doymur aranda məhv olur mənim sənədimi verin mən gedim, mənə bildirdi ki, 300(üç yüz) manat əlavə pul verəcəksən. Mən pul verməyəcəyimi bildirdim və çıxıb getdim. Bildirdim ki, marşrut sənədimi verməsəniz mən gedirəm Ali Məclisə. 16 iyun 2022-ci il tarixdə mənim sənədlərimi verdilər. Yuxarıda göstərdiyim səbəblərdən mən 21 iyun 2022-cı il tarixdə 22/581 saylı məktubla Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəvət olundum saat 3dən 5-ə qədər oturdum şöbə müdiri Azər Məmmədovun otağında mənimlə heç bir cərimə ilə bağlı söhbət aparmadı. Məktub nazirliyin hüquq şöbəsinin müdiri Qasımov Qəhrəmanın adından daxil olduğundan ona bildirdim ki, məni niyə çağırmışsan? Dedi nazir deyəcək mən bilmirəm nə məsələdir. Mən cənab nazirin qəbuluna girib gəlib deyəcəyəm. Saat 5-də mən şöbə müdiri A. Məmmədova narazılığımı bildirdim, qeyd etdim ki, mən Babək rayonu, Naxışnərgiz bələdiyyəsinin sədriyəm, rayondan çağırırlar kəndlərə bölgü əsasında su veriblər mən getməliyəm oradan çıxıb rayona getdim. Bütün bunlardan sonra mənə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 iyun 2022-ci il tarixli 22/626 saylı məktubla, 28 iyun 2022-ci il tarixli 008964 saylı "İnzibati tənbeh vermə haqqında" qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə Ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsinə görə mənə fiziki şəxs kimi altı yüz manat cərimə" tərtib edilməsinə dair məktub gəldi. Sonra öyrəndim ki, məqsədli şəkildə bütün yaylağa gedən çobanlara cərimə tərtib edilib. Mən məktubu mübahisələndirərək 14 iyul 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə getdim və bildirdim ki, məktubu iki nüsxədən ibarət yazmışam, bir nüsxəsini respublika prokurorluğuna göndərəcəyəm, bir nüsxəsini də sizə. Q.Qasımov mənə dedi ki, məktub qalsın baxılandan sonra sizə deyərəm. Mən də çıxıb getdim. 20 iyul 2022-ci il tarixdə yenidən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə getdim və dedim ki, mənim məktubuma cavab verin Q. Qasımov bildirdi ki, məktub gərək poçtla daxil ola. Mən aparıb məktubu şəhər poçtundan yola saldım. Bu günə kimi də mənim məktubuma cavab verilməyib və mənə deyirlər sənin məktubun nazirliyə daxil olmayıb. Ola bilməz ki, poçt cavablı məktubu aparıb verməsin. Poçtun qəbzi əlavə olunur. Q.Qasımov məktubda bildirdi ki, mən yalan danışıram və bunun üçün məsuliyyət daşıyıram. Mən Azərbaycan Respublikasının CM 297-ci, Mülki Prosessual Məcəlləsinin 63 və 100-cü tələblərin oxumuşam və məlumatım vardır, yazdıqlarını hər bir faktın da məsuliyyətini daşıyıram. 14 oktyabr 2022-ci il tarixdə 008964 saylı məktubla mənə pulun ödənilməsi üçün Babək rayon probasiya şöbəsindən (icra məmurları) göndəriş daxil olub. Mən 17 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırmışam iddia aidiyyəti üzrə olmadığından 02 noyabr 2022-ci il tarixdə iddianı ərizə ilə geri götürmüşəm. Yenidən 05 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 saylı "İnzibati tənbeh vermə haqqında" qərarının ləğv edilməsini xahiş etmişəm, lakin inzibatı cərimənin ləğv edilməsinə dair heç bir hüquqi əsası olmadığın qeyd etmişdir. Yenidən buraxılmış müddətin bərpası ilə əlaqədar müraciət etmişəm və 05 yanvar 2023-cü il tarixli 23/01 saylı qərardad qəbul edilərək buraxılmış müddət bərpa olunmuşdur. Təbiətdən istifadənin idarə edilməsi ilə məşğul olan dövlət orqanlarının əsas vəzifəsi hüquqi və fiziki şəxslərin, biznesmenlərin, sahibkarların qarşılıqlı əlaqələri şəraitində fəaliyyət göstər vahid bir orqanizmdir. Ekoloji idarəetmə orqanlarına xüsusi səlahiyyətlərin verilməsi o demək deyildir ki, bilərəkdən bütün adamlara cərimə tərtib etsin, onların vəzifəsi əlaqələndirici, tənzimləyici, icazə verici, informasiya xidmətlərini, qoruqları, ekoloji maarifləndirməni idarə edən əlaqələri koordinasiya etsin. Ekologiyanın nümayəndəsinin funksiyası və fəaliyyətinin əsası onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur, bu isə hüquqi və fiziki şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur. Vəzifə səlahiyyətli olan orqan hüquqi tələblərin pozulması hallarını aradan qaldırmalıdır daha bilərəkdən cərimə etməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək onu müdafiə etdiyini bildirmiş, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 məhkəmədə verdiyi izahatında 12 iyun 2022-ci ildə nazirliyin əməkdaşının ərazidə yoxlamalara çıxdığını, həmin gün Şəxs müvafiq icazə almadan heyvanlarını otlaq sahəsinə aparmasının müəyyən edildiyini, halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən otlaq sahələrinin 15 iyundan açıldığını, bi səbəbdən də onun barəsində ilkin olaraq akt tərtib edildiyini, daha sonra 21 iyun 2022-ci ildə Şəxs nazirliyə dəvət edildiyini, 28 iyun 2022-ci ildə isə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, həmin qərarla onun 600 manat cərimə edildiyini, X2 əvvəlcədən icazə sənədi ilə bağlı ödəniş etsə də, sənədləşmə işlərinə görə icazə sənədinin ödəniş günü verilməsinin mümkün olmadığını, 15 iyun 2022-ci ildə isə otlaq sahələri açıqdığından ona icazə sənədinin 16 iyun 2022-ci ildə verildiyini, icazə sənədinin verilməsinədək artıq onun inzibati xəta əməlini törətdiyini, bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdi. Nazirliyin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, inzibati xəta əməli aşkarlandığı gün Şəxs otlaq sahəsini tərk etmək üçün vaxt verildiyini, bu barədə ona yazılı sənəd təqdim edilmədiyini, işə baxılması 21 iyun 2022-ci il tarixə təyin edilsə də, sonradan Şəxs ilə telefonla əlaqə saxlayıb onu nazirliyə dəvət etsələr də, o, çöldə olduğundan gələ biməyəcəyini bildirdiyini, bu səbəbdən də qərarın 28 iyun 2022-ci ildə qəbul edildiyini, həmin tarixdə keçiriləcək iclasla bağlı Şəxs rəsmi qaydada məlumat verilmədiyini bildirmişdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsi və iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İnzibati Xətalar Məcəlləsinin Maddə 541-ci maddəsinə görə ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəməyə təqdim edilmiş 23/01 nömrəli inzibati xəta haqqında iş materiallarında iş üçün əhəmiyyət kəsb edən sənədlərdən, yəni: -12 iyun 2022-ci il tarixli aktdan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının həmin tarixdə Ordubad rayonu, Xələkli yaylağına baxış zamanı Şəxs özünə məxsus 1200 (bir min iki yüz) baş xırda buynuzlu heyvanı orada xüsusi icazə almadan otarma apararkən aşkar edilməsi; - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 iyun 2022ci il tarixli, 012380 nömrəli inzibati xəta haqqında protokolundan Şəxs barəsində yuxarıda qeyd edilən inzibati xəta əməlini törətməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi; - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 iyun 2022ci il tarixli, 22/581 nömrəli məktubunun təsdiq edilmiş surətindən və 18 iyun 2022-ci il tarixli reyestrdən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 iyun 2022-ci il tarixli, 012380 nömrəli inzibati xəta haqqında protokola baxılması üçün Şəxs 21 iyun 2022-ci il tarixə nazirliyə çağırılması; -Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi; -Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 yanvar 2023-ci il tarixli, 23/01 nömrəli qərardadından Şəxs Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün buraxılmış müddətin bərpa olunması müəyyən edilir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin mahiyyətinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarında aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli qərarı həmin nazirliyin baş məsləhətçisi X2 (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdi. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qanunvericilikdə qeyd edilən hüququndan istifadə edərək Babək Rayon Məhkəməsinə müraciət etmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131-ci maddəsi ilə müəyyən edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır. Həmçinin həmin Məcəllənin 134.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; - bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; - şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə verilmiş şikayəti iş materialları ilə onları isə inzibati xətalar qanunvericiliyi ilə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola 21 iyun 2022-ci ildə baxılması üçün ona nazirlik tərəfindən 17 iyun 2022-ci il tarixli, 22/581 nömrəli məktub göndərilmişdi. Məhkəmə ilkin olaraq bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.2-ci maddəsinə görə bildirişdə; - məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair); - gəlmə vaxtı (tarix və saat) və yeri; - xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı; - xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan; - ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması; - ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı; - işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif; - ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd; - bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində məsuliyyət nəzərdə tutulduğu barədə qeyd; - xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd göstərilməlidir. Bundan başqa həmin Məcəllənin 60.3-cü maddəsi ilə müəyyən edilir ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İş materiallına əlavə edilmiş (iş vərəqə 4) olan bildirişdən onun İnzibati Xətalar Məcəlləsinin tələblərinə cavab verməməsi müəyyən olunur. Belə ki, onun gəlmə vaxtı dəqiq qeyd edilməmiş, ünvanı ünvan 1rilmiş, ən başlıcası isə ona bütün sübutların təqdim edilməsinə dair təklif ediməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünün müdafiəsinə hazırlaşmaq üçün bildiriş 5 günlük müddət ötürülməklə göndərilmişdi. Bundan başqa bildirişin rəsmi qaydada verilməsi İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilməyib. Yəni iş materiallarında onun Şəxs çatdırılması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati iş materiallarından sonuncu qeyd edilən normanın tələblərinə əməl edilməsi öz təsdiqini tapmır. Həmçinin inzibati xəta haqqında protokola baxılması 21 iyun 2022-ci il tarixə təyin edilsə də, inzibati tənbeh vermə haqqında qərar 28 iyun 2022-ci ildə qəbul edilmişdi. İş materiallarında isə iclasın təxirə salınması və bununla bağlı Şəxs məlumatlandırılması barədə hər hansı sənəd mövcud deyil. Qeyd edilən hala qiymət verərək məhkəmə hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmədən baxılması nəticəsində o, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 117.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunduğu halda, inzibati xəta haqqında iş materiallarında olan sənədlərə əsaslandıqda görünür ki, iş üzrə qərar 7 gün sonra çıxarılmışdı. İnzibati xətalar qanunvericiliyinin prinsiplərindən biri olan insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipinə görə İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (maddə 5.2). Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə başlıca olaraq onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsinin əsasları müəyyən edilmişdi. Həmin Məcəllənin 116.1-ci və 116.2-ci maddələrində göstərilir ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd edilən hüquq normasının tələbini iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə bildirir ki, göründüyü kimi şəxsin təqsirli bilindiyi əmələ görə onun barəsində qərar qəbul edilməsi zamanı cərimə tənbeh tədbiri ilkin olaraq şərti tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün Şəxs bir ayadək müddət verilməli idi. Bundan sonra həmin müddət ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqpozmanı aradan qaldırmasaydı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3cü maddəsi tətbiq edilməli idi. Yəni həmin normaya əsasən 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta haqqında iş materiallarında olan (iş vərəqə 1) 12 iyun 2022-ci il tarixli aktdan isə aydın olur ki, Şəxs onun barəsində inzibati cərimə tətbiq edilməmişdən öncə hüquqpozmanı aradan qaldırması üçün müddət verilib. Lakin bu müddətin nə qədər olmasını müəyyən etmək olmur. İşin məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs barəsində 12 iyun 2022-ci ildə inzibati xəta haqqında protokol tərtib edilsə də, ona 16 iyun 2022-ci ildə müvafiq icazə sənədi verilmişdi. Bu isə o deməkdir ki, artıq onun barəsində inzibati tənbeh haqqında qərar qəbul edilən zaman Şəxs hüquqpozmanı aradan qaldırmışdı. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətdə Babək rayonu, Naxışnərgiz bələdiyyəsinin sədri olmasını qeyd edir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin qeyd hissəsinə görə isə o, vəzifəli şəxsdir. Sözü gedən normada göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs təqsirləndirildiyi maddənin sanksiya hissəsindən aydın olur ki, qanunvericilik həmin inzibati xətanı törədən şəxslər barəsində təyin ediləcək tənbehin həddini şəxslərin növündən asılı olaraq fərqləndirir. Yəni fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Bu qeyd edilənlər isə özlüyündə inzibati tənbeh tətbiq edən orqanın işin hallarını hər tərəfli araşdırmaması, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasını deməyə imkan verir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilən halların aradan qaldırılması, yəni inzibati araşdırma aparmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olduğundan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Şəxs şikayəti qismən əsaslı sayılmalıdır. Çünki o, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə tətbiq edilmiş cərimə inzibati tənbeh növünün ləğv edilməsini tələb etməklə dolayı yolla həmin qərarın ləğvi istəmişdi. Həmçinin onun şikayətində qeyd etdiyi cərimə tənbeh növünün mümkünsüz sayılması ilə bağlı məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində belə bir hüquqi nəticə mövcud deyil (maddə 114). Bütün bunların nəticəsi olaraq məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsi ilə müəyyən edilir ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Sözü gedən Məcəllənin 84.1-ci maddəsinə görə isə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 130, 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 28 iyun 2022-ci il tarixli, 008964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilsin. Şikayət qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-16/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-16/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver