Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-160/2023 19.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlər Şahid2 və Şahid1 iştirakı ilə, xx xxxxx 1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN kodu-xxxxxxx), evli, deməsinə görə bir uşaq atası, fəhləliklə məşğul olan, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Babək Rayon Polis İdarəsinin 19 dekabr 2023-cü il tarixli, 3-13-43-7/2-11697/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 dekabr 2023-cü il tarixli, 017973 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsi 19 dekabr 2023-cü il tarixli, 017973 nömrəli inzibati xəta haqqında protokolda Şəxs “19” dekabr 2023-cü ildə təqribən saat 0030 radələrində Babək rayonu, Cəhri qəsəbəsində küçədə səs-küy salaraq onu polis əməkdaşının onu sakitləşdirmək və nizam-intizamlı olmaq tələbinə tabe olmamasını qeyd etmişdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında dünən təsadüfən Cəhri qəsəbəsinin mərkəzində Səhman və Qəmbərlə görüşdüyünü, oturub birlikdə yemək yeməyi qərarlaşdırdıqlarını, üçü birlikdə qəsəbədə olan yeməkxanaya getdiklərini, bir az araq içib evə qayıtdıqlarını, xatırladığına görə üç nəfər birlikdə 750 qram araq içdiklərini, özünün Qəmbər və Səhmanın maşınlara əl etməsini görmədiyini, daha sonra polislərin gəldiyini, onlara “niyə özünüzü maşınların qabağına atırsınız” deyə soruşduğunu, daha sonra Qəmbərlə polisin itələşdiyini, Qəmbərin qaçdığını, polislərin isə onu tutduğunu, daha sonra polislərin Qəmbər və Səhmanı maşına qoyub apardığını, polisin ona isə “ağsaqqal sən çıx get” dediyini, lakin özünün onların arxasınca bölməyə gəldiyini, sonra polislərin ona “sən əyləş burada” dediyini, özünün də oturduğunu, bundan sonra onları polis idarəsinə apardıqlarını, əməlindən peşman olduğunu, özünün onların arasında yaşca böyük olduğunu, buna görə hadisənin vaxtında qarşısını almalı olduğunu, Qəmbərin qaçması ilə məsələnin bir az böyüdüyünü, özünün polisə qarşı hər hansı tabesizlik etmədiyini və ya söyüş söymədiyini qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 izahatında Babək Rayon Polis İdarəsinin Cəhri polis bölməsində post patrul nəfəri işlədiyini, dünən, yəni 18 dekabr 2023cü ildə saat 2000-dan bu gün saat 0800-dək Şahid1 və Həsənzadə Bəxtiyarla xidmətdə olduğunu, Babək rayonu, Cəhri qəsəbəsində xidməti maşında olarkən qabaqdan gələn maşının işıq ataraq onları saxladığını, həmin şəxsin onlara qarşıda üç nəfərin özlərini maşının qabağına ataraq qəza şəraiti yaratdığını, onlar barəsində şikayətçi olduğunu dediyini, bundan sonra özlərinin şikayətçinin göstərdiyi tərəfə doğru hərəkət etdiyini, həmin vaxt şikayət edən şəxsin də öz maşını ilə onların arxasınca gəldiyini, bu vaxt həmin şəxslərə yaxınlaşaraq onlar barəsində şikayət olduğunu deyəndə Qəmbərin onlara qarşı söyüş söyməyə başladığını, həmin vaxt onların hamısının kefli olduğunu, onlara maşına minərək bölməyə getməyi təklif etdiyini, lakin Qəmbər və Səhmanın heç onlara danışmağa imkan vermədiyini, daha sonra Qəmbərin zəmi tərəfə qaçdığını, həmin vaxt onun çığıraraq “ay Cəhri camaatı məndən iki yüz manat pul istəyirlər” dediyini, bu zaman Həsənzadə Bəxtiyarın onun arxasınca qaçdığını, daha sonra Şahid1in də onların dalınca gedərək onu tutduqlarını, onu gətirdikdən sonra X3 buraxılması istədiyini, bundan sonra onun səs-küy salmağa başladığını, Pərvizin isə əlində vedrə olduğunu və onun içərisində turşu olduğunu, həmin vaxt onun hər hansı bir səs-küy salması, söyüş söyməsi halına rast gəlmədiyini, onun kənarda durduğunu, lakin şikayətin hər üçünün barəsində olduğunu, yəni onun da özünü yola atdığını, onları daha sonra maşına mindirərək əvvəlcə bölməyə, sonra isə sərxoşluq testinə apardıqlarını bildirmişdi. Digər Şahid1 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin Cəhri Polis bölməsində post patrul nəfəri işlədiyini, dünən gecə Şahid2 və Həsənzadə Bəxtiyarla xidmətdə olduğunu, Babək rayonu, Cəhri qəsəbəsində xidməti maşınla hərəkətdə olarkən qabaqdan gələn Mercedes markalı maşının onlara işıq ataraq saxladığını, həmin şəxsin onlara qarşıda üç nəfərin özlərini maşının qabağına ataraq qəza şəraiti yaratdığını, həmin şəxsin deməsinə görə onun az qala həmin şəxsləri maşınla vuracağını, şəxsin onlar barəsində şikayətçi olduğunu dediyini, şəxsin bildirməsinə görə onların təqribən üç yüz metr qarşıda olduğunu, bundan sonra özlərinin şikayətçinin göstərdiyi tərəfə doğru hərəkət etdiklərini, həmin vaxt şikayət edən şəxsin də öz maşını ilə onların arxasınca gəldiyini, bu vaxt birinci Kəmaləddinin onlara yaxınlaşaraq barələrində şikayət olduğunu deyəndə Qəmbərin ona qarşı söyüş söyməyə başladığını, onların hamısının kefli olduğunu, onlara maşına minərək bölməyə getməyi təklif etdiyini, lakin Qəmbərin zəmi tərəfə qaçdığını, bu zaman Həsənzadə Bəxtiyarın onun arxasınca getdiyini, daha sonra özünün onların dalınca gedərək onu tutduqlarını, zəminin palçıq olduğunu, onu gətirdikdən sonra Səhmanın səsküy salmağa başladığını, bu vaxt onları maşına mindirmək istəsələr də Səhman və Qəmbərin buna əməl etmədiyini, Pərvizin isə əlində sarı rəngli vedrə olduğunu və onun içərisində turşu olduğunu, həmin vaxt onun səs-küy salması, söyüş söyməsi halına rast gəlmədiyini, onun kənarda durduğunu, Şəxs ağsaqqal kimi nə dedilərsə onun buna əməl etdiyini qeyd etmişdi. Məhkəmə işdə iştirak edən şəxsin və şahidlərin izahatını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs onun tərəfindən törətməsi istinad olunan inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq “Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs 19 dekabr 2023-cü ildə Babək rayonu, Cəhri qəsəbəsində küçədə səs-küy salması və polis əməkdaşının onun sakitləşdirmək və nizam-intizamlı olmaq tələbinə tabe olmaması öz təsdiqini tapmır. Şəxs həmin vaxt X4 və X1 ilə birlikdə spirtli içki qəbul etməsi, yəni sərxoş olması müəyyən edilsə də, həmin şəxslərə birlikdə polis işçisinin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Əksinə məhkəmədə onun özünün verdiyi izahatından, həmçinin şahid qismində dindirilmiş Şahid2, Şahid1 izahatlarından onun hadisə baş verən vaxt polislərlə mübahisə etməməsi, sakit dayanması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözü gedən Məcəllənin 53.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 19 dekabr 2023-cü il tarixli, 017973 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-160/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-160/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver