Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-166/2023 27.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi məhkəmə iclas katibi X4 iclas katibi katibliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, (Fin kod – xxxxxxx) Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan, lakin Bakı şəhəri, ünvan 1-da yaşayan, "Elektron Məhkəmə" informasiya sistemində olan məlumata və özünün bildirməsinə əsasən işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 27 dekabr 2023-cü il tarixli, 167556/6xx-xx/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 dekabr 2023-cü il tarixli, 015826 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Babək Rayon İcra və Probasiya şöbəsi inzibati xəta haqqında protokolda Şəxs Babək Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli və Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(001)-746/2023 nömrəli icra sənədləri üzrə borclarını ödəməkdən yayınmaqla, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyini qeyd etmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli icra sənədi üzrə Şəxs 3164,44 manat pulun və 50.41 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməli olduğunu, bununla bağlı borcluya dəfələrlə xəbərdarlıq və “SMS” bildiriş verildiyini, onun əri və qayınanası Sevilə bu barədə məlumat verildiyini, icra sənədləri ilə bağlı borclunun məlumatı olduğunu, ona bu barədə xəbərnamələr göndərildiyini, lakin nəticə verilmədiyini, buna görə də barəsində axtarış verildiyini, onun axtarış əsasında 24 dekabr 2023-cü ildə şöbəyə gətirildiyini, icra sənədlərinin icrası ilə bağlı borcluya 3 gün müddət verilsə də, onun ödəniş etmədiyini bildirərək, yekunda borclunun barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmədə verdiyi izahatında Kontakt Homdan notbuk aldığını, onun qiymətini xatırlamadığını, həmin vaxt “Art Jalüz”də pərdəçi işlədiyini, 500 manat əmək haqqı aldığını, notbuku aldıqdan təqribən iki ay sonra işdən çıxdığını, buna görə ödəniş edə bilmədiyini, Fazilə Ələkbərovaya isə olan əl borcundan ümumiyyətlə xəbərinin və məlumatının olmadığını, təqribən 2023-cü ilin dekabr ayının 12-13-də Kontakt Homun işçisinin ona zəng edərək borcunun olduğunu bildirdiyini, ona ödəniş edəcəyini dediyini, 2024-cü ilin yanvar ayının 8-dən başlayaraq hər ay 100 manat ödəməyə çalışacağını bildirdiyini, ərinin əvvəllər taksi sürücüsü işlədiyini, hazırda isə həm ərinin, həm də özünün işsiz olduğunu, ailəni oğlunun gündəlik 20 manat qazancı ilə dolandırdıqlarını, özünün 3 ildir ki, işləmədiyini, icra sənədləri ilə bağlı ona icra məmurunun zəng etmədiyini, özü Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhəri, ünvan 1 ünvanında yaşadığını, buna görə də icra sənədlərindən məlumatsız olduğunu, 24 dekabr 2023-cü ildə Naxçıvana dayısının yas mərasiminə gələn zaman sahə müvəkkilinin ona borc ilə bağlı barəsində axtarış olduğunu dediyini, həmin vaxt icra sənədlərindən xəbəri olduğunu, icra məmurunun zəng etdiyi və SMS bildiriş verdiyi telefon nömrəsinin özünə yox, Babək rayonu, Cəhri qəsəbəsində yaşayan anasına məxsus olduğunu, hazırda 4 övladının olduğunu qeyd edərək, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(001)-746/2023 nömrəli icra sənədindən 1350 (bir min üç yüz əlli) manat məbləğində pul vəsaiti, 35 (otuz beş) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində pul vəsaitinin cavabdehlər Şəxs və X3 müştərək qaydada tutularaq iddiaçı X1 ödənilməsinin, Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəxs qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2107.44 (iki min yüz yeddi manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 957 (doqquz yüz əlli yeddi) manat ödənilməmiş hissə, cəmi 100 (bir yüz) manat cərimə olmaqla ümumilikdə, 3164.44 manat (üç min bir yüz altmış dörd manat qırx dörd qəpik) borcun və 50.41 manat (əlli manat qırx bir qəpik) manat miqdarında dövlət rüsumu cavabdeh Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinin qət edilməsi müəyyən olunur. Yuxarıda qeyd edilənlər isə ilkin şərt mövcudluğunu təsdiq edir. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 04 may və 21 iyul 2023-cü il tarixi icraata başlamaq haqqında qərarlarının, 04 may 2023-cü il tarixli, 103284/313-02/20 və 21 iyul 2023-cü il tarixli, 1675556/6xx-xx/2023 nömrəli tələbin könüllü icra barədə bildirişlərin surətindən yuxarıda qeyd edilən icra sənədlərinin şöbənin icraatına qəbul edilməsi və onun icrası üçün borcluya 10 (on) günlük müddət müəyyən edilməsi və bu icra sənədlərinin borcluya göndərilməsi aydın olur. Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədi üzrə Babək Rayon İcra və Probasiya şöbəsinin yuxarıda qeyd edilən icra sənədlərinin borcluya rəsmi qaydada verilməsi (qeydiyyatda olduğu yer üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə) öz təsdiqini tapsa da, digər - Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icra sənədlərinin ona rəsmi qaydada verilməsi öz təsdiqini tapmır. Hətta borclu məhkəmədə verdiyi izahatında Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən və icra sənədindən məlumatsız olduğunu qeyd etmişdi. Buna görə də məhkəmə Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(001)-746/2023 nömrəli qətnaməsi əsasında verilmiş 02 may 2023-cü icra sənədinin icrası ilə bağlı icra məmurunun borcluya müddət təyin etməsini və onun bu müddətdə icra sənədinin icra etməsi ilə bağlı qeyd etdiklərini əsaslı saymır. Babək Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İşdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan isə təsdiq edilir ki, Babək Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədi üzrə borcludan tutulmalı olan məbləğ ümumiyyətlə icra edilməyib. Bu qeyd edilənlər isə Babək Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədinə münasibətdə ikinci şərtin mövcudluğunu təsdiq edir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən sözü gedən icra sənədlərinin icrası ilə bağlı icra məmurunun 25 və 27 dekabr 2023-cü ildə borcluya yazılı qaydada xəbərdarlıq təqdim etməsi sübuta yetirilir. Həmçinin işin məhkəmədə araşdırılmasından borclunun Babək Rayon İcra və Probasiya şöbəsinə 24 dekabr 2023-cü ildə təqdim edilməsi müəyyən edilir. Borclu isə icra sənədlərini icra etməməsini özünün Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşaması və icra sənədlərindən məlumatsız olması və icra sənədləri üzrə olan borcun bir dəfəyə ödəmək üçün maddi imkanının olmaması ilə əsaslandırmışdı. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan X5 onun əri olması, həmçinin sonuncunun yaşayış yerinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi olmasını müəyyən etmək olur. Bu isə özlüyündə borclunun qeyd etdiyi Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşaması faktını təsdiq edir. Məhkəmə isə onun icra sənədlərinin icra etməməsi ilə bağlı onlardan məlumatsız olması ilə bağlı qeyd etdiklərini üzrlü səbəb kimi qəbul edir. İcra məmurunun borclu ilə telefonda danışması və ona SMS bildirişin göndərilməsinə münasibət bildirən məhkəmə isə qeyd edir ki, borclu bunu qəbul etməyərək SMS bildiriş, həmçinin telefonoqram verilmiş mobil nömrənin özünə yox, anasına məxsus olduğunu, anasının isə bu barədə ona nəsə demədiyini bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış borclunun adına olan əlaqə nömrələrini icra məmurunun SMS bildiriş və telefonoqram verdiyi nömrələrlə əlaqəli yoxladıqda borclunun adına həmin nömrənin qeydiyyatda olmaması aydın olur. Bundan başqa məhkəmə bildirir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan borclunun işsiz olması və dörd övladının olmasını müəyyən edilir. Həmçinin həmin məlumatlardan onun barəsində olan icra sənədləri üzrə tələbin yönələ biləcək əmlakının olması, icra sənədlərində qeyd edilən məbləği bir dəfəyə ödəməsini təsdiq edəcək üzrlü halın olması müəyyən edilmir. Yəni Şəxs Binəqədi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(001)-746/2023 nömrəli və Babək Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2(079)-309/2023 nömrəli icra sənədləri üzrə yaranmış borcu tam ödəməsi üçün maddi vəziyyətinin yetərli olması öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs hazırki vəziyyətdə sözü gedən icra sənədlərini üzürlü səbəbdən tam icra edə bilmir. Yəni hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 27 dekabr 2023-cü il tarixli, 015826 nömrəli protokolu üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-166/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-166/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver