Məhkəmə qərarları › İş №3(079)-17/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-17/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-17/2022 30.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev X2 Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli, 183858/459-09/2021 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək m ü ə y y ə n e t d i : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli, 183858/459-09/2021 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 mart 2022-ci il tarixli, 010791 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2- 2(123)-6/2021 nömrəli icra sənədindən Şəxs 49.653,45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx səkkiz qəpik) manat məbləğində pulun alınaraq X3 ödənilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş Şəxs izahatından, həmçinin icra məmuru tərəfindən sonuncuya göndərilmiş 16 noyabr 2021-ci il tarixli, 459- 05/183858/2021 nömrəli,15 dekabr 2021-ci il tarixli, 459-06/183858/2021 nömrəli xəbərdarlıqlardan Şəxs icra sənədində göstərilən borc məbləğini tam icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli 183858/459-09/2021 nömrəli məktubda Şəxs icra sənədi üzrə 15 dekabr 2021-ci ildə 300 (üç yüz) manat, 24 dekabr 2021-ci ildə 200 (iki yüz) manat, 10 yanvar 2022-ci ildə 250 (iki yüz əlli) manat, 28 yanvar 2022-ci ildə 450 (dörd yüz əlli) manat, 31 yanvar 2022-ci ildə 300 (üç yüz) manat, 07 fevral 2022-ci ildə 500 (beş yüz) manat, 22 fevral 2022-ci ildə 500 (beş yüz) manat, 28 mart 2022-ci ildə 600 (altı yüz) manat, 30 mart 2022-ci ildə 400 (dörd yüz) manat ödəməsi qeyd edilir. Sonuncu qeyd edilənlərdən görünür ki, Zeynalov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)- 6/2021 nömrəli icra sənədi üzrə 2021-ci ilin dekabr ayında 500 (beş yüz) manat, 2022-ci ilin yanvar ayında 1000 (bir min) manat, həmin ilin fevral ayında 500 (beş yüz) manat və mart ayında isə 1000 (bir min) manat ödəniş etmişdi. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, habelə aralarında müddət az olmaqla, qısa fasilələrlə ödənişlər həyata keçirmişdi. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyətini, yəni məhkəmə qərarının icrası üçün onun faktiki imkanlarının olması, onun həmin icra sənədinin icra ilə bağlı hərəkətsiz qalmamasını, hər ay ən azından 500 (beş yüz) manat ödəniş etməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Zeynalov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli, 010791 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 30 mart 2022-ci il tarixli, 010791 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar