Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-174/2025 13.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, 2 (üç) uşaq atası, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan (Fin kod – xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdi: 06 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Babək rayon, Nehrəm qəsəbə sakini Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək aparılan araşdırma nəticəsində Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 13 noyabr 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında dostu ilə kafeyə yemək yeməyə getdiyini, restoranın həyətində kabab çəkdiklərini, zərərçəkmiş şəxsin də ofisiantlarla birlikdə orada başqa bir stolda oturduğunu, ofisianta yaxınlaşıb “biz arxada yemək yeyirik, arxaya da qulluq edin” dediyini, içəriyə girib yüngülvarı yemək gətirilməsini bildirdiyini, bundan sonra zərərçəkmişin onun üstünə gəldiyini, arxadan onu səsləyərək “Sən kimsən ki, mənim stolumdan qız qaldırırsan?” dediyini, onun yanında oturan qadının ofisiant işlədiyini, zərərçəkmişə “Məni burada hamı tanıyır, mən heç kimi stoldan qaldırmıram, sadəcə stola baxılmasını bildirdim” dediyini, zərərçəkmişin ondan əl çəkmədiyini, onun içkili olduğunu, dəfələrlə səbrli olmasını xahiş etsə də söyüş söydüyünü, bundan sonra ayağa qalxanda stolun aşdığını və əli ilə şəxsin üzündən vurduğunu, bundan sonra polis əməkdaşlarını zəng edib ora çağırdığını, söyüş söydüyünə görə şəxsi vurduğunu, barəsində heç bir tədbir görülməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında özünün qaynaqçı işlədiyini, həm də toylarda müğənnilik etdiyini, hadisə günü restoranda qadın ofisiant ilə əyləşdiyini, Şəxs onların oturduğu stola yaxınlaşıb ofisiant qızın qulağına nəsə dediyini, Əbülfəzin ofisiant qıza “Gəl bizim stolda otur” dediyini, özünün isə Əbülfəzə “O bizimlə oturub, sonra sizin stola gələr” dediyini, bundan sonra aralarında problem yarandığını, Əbülfəzi söymədiyini, Əbülfəzin ona yumruq atdığını, dava zamanı stolun üstündən pul qabı və telefonunun yerə düşdüyünü, bundan sonra polisə zəng etmək istəyəndə telefonu tapa bilmədiyini, Əbülfəzin yanında oturan şəxsin də “Mənim əmimin oğluna heç kim hörmətsizlik edə bilməz” deyib hamısının birlikdə onların üstünə gəldiklərini, özünün içkili olduğunu, pivə içdiyini, Şəxs heç nə demədiyi halda gəlib onu təhqir edib vurduğunu, Əbülfəzin gözünün altından vurduğunu və 10 gün sonra sağaldığını, şəxsin barəsində tənbeh tətbiq edilməsini istədiyini bildirmişdir. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 393 saylı canlı şəxsin ekspertizası rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sol alt göz qapağı nahiyyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2025-cil tarixdə və şəraitdə əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. İXM-in 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İXM-in 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin İXM-in 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin Şəxs tərəfindən törədilməsi isə inzibati xəta haqqında protokol, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyə təqdim edilmiş ekspert rəyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə İXM-in 32.2-ci maddəsinə əsasən şəxsin himayəsində azyaşlı uşaqların olmasını və şəxsin əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasını məsuliyyəti yüngülləşdirilən hal kimi nəzərə alır. Belə ki, şəxsin barəsində AZEMİS-dən qohumluq məlumatları üzrə çıxarışdan onun himayəsində xx.xx.2009 və xx.xx.2010-cu il təvəllüdlü azyaşlı uşaqların olması, həmçinin digər məhkəmə və icra işləri üzrə məlumatlardan əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, həbsin tətbiqi ilə bağlı müstəsna halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, o, İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada 300 (üç yüz) manat cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-174/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-174/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver