Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-18/2023 25.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə qərar Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə xx xxxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xətai kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, uşaq atası, (Fin kod – xxxxxxx) ünvan 1 ünvanında qeydiyyatda olan, lakin Babək rayonu, Kərimbəyli kəndində yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 45460/xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 yanvar 2023-cü il tarixli, 012309 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-292/2021 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla əvvəllər ailə qurduğunu, birgə nikahdan iki uşaq dünyaya gəldiyini, 2020-ci ildə ondan ayrıldığını, məhkəmə qətnaməsi ilə bir uşaq üçün 150 manat olmaqla ümumilikdə iki uşağa görə 300 manat aliment müəyyən edildiyini, özünün evlərdə tikinti işləri ilə bağlı usta işlədiyini, havanın isti vaxtlarında işləyib alimenti versə də, sonra iş olmadığından borcunu verə bilmədiyini, bundan sonra işləmək üçün Bakı şəhərinə getdiyini, orada işləyib 200 manat ödədiyini, lakin onun hansı ay üçün ödədiyini xatırlamadığını, hazırda 1100 manat aliment borcu yarandığını, bununla bağlı icra məmuru tərəfindən ona dəfələrlə, həm yazılı qaydada, həm də telefon vasitəsilə xəbərdarlıq edildiyini, hazırda evli olduğunu, sonuncu nikahından səkkiz aylıq bir övladı olduğunu, işsiz olduğundan aliment borcunu verə bilmədiyini bildirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmədə verdiyi izahatında 2021-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə hər ay bir uşaq üçün 150 manat miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməsinin qət edildiyini, borclunun müəyyən gecikmələrlə alimenti ödədiyini, 2022-ci ilin sentyabr ayından başlayaraq ödənişlərin dayandığını, daha dəqiqi aliment borcunun lazımınca icra edilmədiyini, belə ki, borclunun 2022-ci ilin oktyabr ayında sentyabr ayı üçün 200 manat miqdarında aliment ödədiyini, daha sonra onun Bakı şəhərinə getdiyini, o, aliment öhdəliyini yerinə yetirmədiyindən tələbkarın şikayətləri əsasında onunla telefonla əlaqə saxladığını, 2022-ci ilin dekabr ayında 200 manat pul ödədiyini, bunun da əvvəlki aylar üzrə aliment borcuna çıxıldığını, məhkəmə qərarının icrası ilə bağlı Şəxs dəfələrlə rəsmi qaydada xəbərdar etdiyini qeyd etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(060)-292/2021 nömrəli icra sənədindən müəyyən edilir ki, “05” fevral 2021-ci il tarixdən hesablanmaqla, 08 aprel 2012-ci il tarixdə anadan olan X3 və 26 mart 2015-ci il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 (üç yüz) manat miqdarında aliment tutularaq uşaqların anası X2 ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 25 yanvar 2023-cü il tarixli, 012309 nömrəli inzibati xəta haqqında protokolundan, həmçinin işdə iştirak edən şəxslərin izahatlarından məlum olur ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-292/2021 nömrəli icra sənədi üzrə 1100 (bir min yüz) manat məbləğində ödənilməmiş aliment borcu vardır. Yəni Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyini lazımınca icra etmir. Bundan əlavə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, xəbərdarlıqların surətlərindən o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün ona bir neçə dəfə rəsmi qaydada xəbərdarlıq edilib. Məhkəmə Şəxs nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə həmin Məcəllənin 172.1 və 172.1.1-ci maddələrinin mahiyyətinə görə işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətində baxılır və həll edilir. Prosessual normaların tələbindən də göründüyü kimi uşaqların, həmçinin xeyrinə aliment ödənilməli olan şəxslərin mənafeyi, onların saxlanılmasının təmin edilməsi baxımından qanunvericilik aliment tələbinə baxılması, həmçinin onun icra edilməsi ilə bağlı qısa müddət müəyyən etmişdi. Əks halda bu maddi təminata ehtiyacı olan şəxsin saxlanılması üçün formallıqdan başqa bir şey ifadə etməz. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs isə aliment öhdəliyini lazımınca icra etmir. Bu isə saxlanılması üçün xeyrinə aliment ödənilməli olan şəxsin maddi təminatlarının həyata keçirilməsi baxımından həm qanunla müəyyən edilən hüququnu, həm də qanunla müəyyən edilmiş qısa müddətlilik normasını pozur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, o, hal hazırda işləmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, onu himayəsində azyaşlı uşaq var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinin tələbinə görə inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını, Şəxs törətdiyi inzibati xətanın idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, ödənilməsi gecikmiş alimentin miqdarını, onun müxtəlif fasilələrlə aliment ödəməsini, həmçinin məsuliyyəti yüngülləşdirən halı nəzərə alan məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 yanvar 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 25 yanvar 2023cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 25 yanvar 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-18/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-18/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver