Məhkəmə qərarları › İş №3(079)-19/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-19/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-19/2022 12.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında QƏRAR Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə xx xxxxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Hacıvar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – xxxxxxx) Babək rayonu, Hacıvar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 12 aprel 2022-ci il tarixli, 255265/156-05/2018 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 12 aprel 2022-ci il tarixli, 012281 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Şəxs törətməsi istinad edilən inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli icra sənədindən müəyyən edilir ki, X1 Samir Təfil oğluna qarşı alimentin miqdarının artırılaraq sabit pul məbləğində tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, 03 may 2018-ci il tarixli qətnamə ilə Babək Rayon Məhkəməsinin 2(079)-90/2017 nömrəli, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, Şəxs hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat miqdarda sabit pul məbləğində aliment alınıb 12 aprel 2009-cu il tarixdə doğulmuş X3 və 08 iyul 2010-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün X2 verilməsi, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Şəxs 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bu qeyd edilən ilkin şərtin mövcudluğunu təsdiq edir. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Bundan əlavə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.3 və 13.1.4-1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəlir. Protokoldan, ona əlavə edilmiş icra məmuru tərəfindən sonuncuya göndərilmiş 07 iyul 2021-ci il tarixli, 255265/156-03/2019 nömrəli, 12 aprel 2022-ci il tarixli, 255265/156-04/2019 nömrəli xəbərdarlıqlarda Şəxs icra sənədində göstərilən aliment məbləğini tam icra etməməsi qeyd edilsə də, Şəxs məhkəməyə təqdim etdiyi 12 aprel 2022-ci il tarixli, 4493 nömrəli qəbzdən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə bütün borcunu, 1400 (bir min dörd manat) məbləğində pulu ödəmişdi. Həmçinin Şəxs məhkəmə iclasında verdiyi izahatında Gülanə Cəfərova ilə 2006cı ildə ailə qurduğunu, birgə nikahların iki uşağın dünyaya gəldiyini, 2016-cı ilə onunla boşandığını, Gülanənin alimentlə bağlı dəfələrlə məhkəməyə müraciət etdiyini, sonuncu dəfə məhkəmə qətnaməsi ilə hər uşaq üçün 100 manat miqdarında aliment müəyyən edildiyini, hər ay 200 manat ödəməli olmasına baxmayaraq maddi imkanı olmadığından hər ay 150 manat ödədiyini, əslində bu barədə Gülanənin özü ilə rəsmi qaydada olmasa da razılaşdığını, hazırda bu ayın aliment pulu istisna olmaqla 1200 manat aliment borcu olduğunu, həm ümumi yaranmış borcu, həm də bu ayın aliment borcunun yaxınlarının köməyi ilə bu gün qarşı tərəfə ödədiyini, borcu vaxtında ödəyə bilməməsi həm maddi imkanı, həm də ürəyindən əməliyyat olunması ilə bağlı olduğunu, hazırda başqa şəxslə ailə qurduğunu, həmin evlilikdən də iki uşağının dünyaya gəldiyini, özünün işsiz olduğunu, anasının pensiyası ilə dolandığını bildirərək, qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, Şəxs Babək Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(079)-173/2018 nömrəli icra sənədi üzrə bütün borcunu icra etmişdi. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, hər ay 150 (bir yüz əlli) manat ödəniş etmiş, yaranmış borcunu isə məhkəmədə işə baxılanadək tam icra etmişdi və onun məhkəmə qərarının lazımınca və vastında icra etməməsi üzürlü səbəbdən yaranmışdı. Bu isə o deməkdir ki, hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 12 aprel 2022-ci il tarixli, 012281 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar