Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-196/2025 07.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, protokol tərtib edən orqanın nümayəndələri Nümayəndə2 Sədrəddin oğlu və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 09 avqust 1988-ci ildə Naxçıvanda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu 4NXNXM6), orta təhsilli, evli, 2 (iki) uşaq atası, ********** VÖEN nömrəli fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 05 dekabr 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X5nin 03 dekabr 2025-ci il tarixli, 3-53-3-15/2-330/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Babək rayonu, Cəhri qəsəbəsində xx.xx.2025-ci il tarixində içməli, məişət, tullantı sularının təyinatsız axıdılması, hidrotexniki qurğuların istismar qaydalarına riayət edilməməsi, hidrotexniki qurğunun özbaşına tikilməsi nəticəsində Şəxs tərəfindən İXM-nin 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməli törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi - Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında 15 oktyabr 2025-ci il tarixdə Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X5 tərəfindən Su Məcəlləsinin tələblərinə riayət edilməsinin müəyyənləşdirilməsi məqsədilə keçirilən baxış zamanı Babək rayonu, Cəhri qəsəbəsində yerləşən və Şəxs məxsus “Fatih” yeməkxanası adı altında fəaliyyət göstərən iaşə obyektində formalaşan içməli, məişət, tullantı sularının obyektin yaxınlığından keçən hidrotexniki kollektor drenaj şəbəkəsinə axıdılması faktının müəyyən edildiyini, kollektor drenaj şəbəkəsinin toplanan qrunt sularının kənarlaşdırılması funksiyasını yerinə yetirdiyini, Cəhri qəsəbəsində qrunt sularının səviyyəsi yüksək olduğundan evlərin padval hissəsində suların çıxdığını, bunun da evlərə zərər verdiyini, kollektor drenaj şəbəkəsinin isə həmin suların toplanması məqsədi daşıdığını, həmin qrunt sularının da əkin sahələrinin suvarılması məqsədilə istifadə edildiyini, tullantı sularının plastik borular vasitəsilə arxa, oradan da kollektor şəbəkəsinə töküldüyünü, Nazirlər Kabinetinin 295 saylı qərarına əsasən qeyri-yaşayış sahələrində tullantı sularının ilkin olaraq hər bir tərəfi betonla əhatə olunan quyulara tökülməli, oradan da texniki vasitələrlə müəyyən edilmiş poliqonlara axıdılmalı olduğunu, lakin həmin obyektə yığılan məişət sularının, yəni mətbəx və kanalizasiya sularının həmin kollektor drenaj şəbəkəsinə axıdıldığını, suların axıdıldığı ərazidən 15-20 metr aralıda şəxsin nasos quraşdıraraq həmin toplanılan suyu nasos vasitəsilə çəkərək yenidən qab və əl-üz yumaq üçün istifadə etdiyini, beləliklə həmin kollektor drenaj şəbəkəsindən istifadə qaydalarının pozulduğunu, kollektor drenaj şəbəkəsinin yan hissəsinin ekskavator vasitəsilə qazıldığını, bunun oraya suların toplanması və yenidən nasos vasitəsilə çəkilərək istifadə edilməsi məqsədi daşıdığını, nasosun da qeyri-qanuni olaraq quraşdırıldığını, yerüstü su obyektlərindən götürülən suyun yalnız müvafiq icazə əsasında istifadə oluna biləcəyini, lakin şəxsin sudan istifadəyə dair müqavilə və ya icazəsinin olmadığını, videoda əks olunan görüntülərdə boruların çıxışlarının göründüyünü, yeraltı boruların bəzi yerlərdə zədələndiyini, həmin borunun çıxış hissədən arxa töküldüyünü, protokolun tərtib edilməsi məqsədilə Şəxs müvafiq sənədləri təqdim etməsinin təklif edildiyini, araşdırılma aparılması üçün bölməyə dəvət edildiyini, şəxsə həmin bildiriş və məktubun çatdırılması ilə bağlı sənədlərin məhkəməyə təqdim edildiyini, lakin şəxsin araşdırmada iştirak etmədiyini və sənədləri təqdim etmədiyini, müvafiq orqanlara məktublar ünvanlandığını, müvafiq məlumatların dövlət orqanlarından əldə edildiyini, Şəxs artıq 3 aydır ki, VÖEN-ni müvəqqəti olaraq dayandıraraq həmin obyekti idarə etdiyini, buna görə onun barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmədiyini, hazırda şəxsin vergi ödəyicisi olmadan iaşə obyektini işlətdiyini, həmin obyektin 1 sanitar qovşaq, 1 anbar, 1 mətbəx və kupelərdən ibarət olduğunu, həmin ərazidə heç bir başqa su mənbəyinin olmamasına baxmayaraq tullantı sularının orada qamışlığın yaranmasına səbəb olduğunu, Cəhri qəsəbəsində mərkəzləşdirilmiş içməli su təchizatının olmadığını, orada vətəndaşların istifadə etdiyi içməli suyun sadəcə su artezianlar və Payız kəndindən gələn kəhrizlərlə təmin edildiyini, bunların da yeraltı qrunt sularının hesabına formalaşdığını, tullantı sularının da qrunt sulara sıza biləcəyini, şəxsin əlavə vaxt istəyərək akta qol çəkmədiyini, “mənə 15-20 gün möhlət verin, hələ heç nə bilmirəm, mənim buna imkanım çatmır” kimi sözlər işlədərək qeyri-dəqiq fikir bildirdiyini, ona görə ona nöqsanı aradan qaldırması üçün əlavə vaxt verilmədiyini, Su Məcəlləsinin qanuni tələblərinin pozulduğunu bildirib protokolun təmin edilməsini xahiş etmişdir. Protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında nasos qurğularının tikintisi, artezianlar və mərkəzləşdirilmiş şəbəkə sistemi olmadan suyun götürülməsi şəxs tərəfindən suyun xüsusi məqsədlərlə istifadə edilməsi hesab olunduğunu, bunun üçün də icazə alınaraq ödəniş edilməli olduğunu, axıdılan çirkab sularının yeraltı suları da çirkləndirdiyini, Cəhri qəsəbəsində sanitar qovşaqdan sızan suların yaxınlıqdakı artezian quyusundakı suyu çirkləndirdiyini, nəticədə vaxtilə həmin qəsəbədə zəhərlənmə hadisə nəticəsində bir nəfərin həlak olduğunu, əsas məqsədlərinin əhalinin sanitar-epidemioloji salamatlığını qorumaq olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında obyektin 2007-ci ildə tikildiyini, Babək rayonu Cəhri qəsəbəsində yerləşən “Fatih” yeməkxananın mülkiyyətçisi olduğunu, fərdi sahibkar olaraq fəaliyyətini müvəqqəti olaraq dayandırdığını, amma aktivləşdirmək üçün müvafiq orqana müraciət etdiyini və yeməkxananın hazırda fəaliyyət göstərdiyini, obyekt tikiləndə Suların İstifadəsinə və X3 Xidmətinin mövcud olmadığını, nöqsanın aradan qaldırılması üçün vaxt verilməsini bildirdiyini, ona akt tərtib edərək inzibati qaydada cərimə olunacağını bildirdiklərini, həmin akta qol çəkmədiyini, sanitar qovşağın birini betonla hasarlandığını və illərdir dolmadığını, tullantı sularının axıdıldığı hissənin isə onun nasos qoyduğu hissədən 20 metr cənubşərqdə yerləşdiyini, həmin ərazilərə əvvəllər pambıq əkdiyini, suyun dolmasının qarşısının alınması üçün həmin drenajın orada quraşdırıldığını, orada əvvəllər təmiz suyun çıxdığını və qamış bitkilərinin də olmadığını, əlavə bir tikinti aparmadığını, axıdılan suların həmin borulara zərər vermədiyini, orada heç bir təyinatsız iş görmədiyini, obyekt tikiləndə ona quyu qazılmasını və çirkab sularının həmin quyuya axıdılmasını dediklərini, drenajın isə hələ lap əvvəllərdən orada olduğunu, drenajın yanında quyu qazdırdığını və suların da həmin quyuya axıdıldığını, drenajla quyu arasında məsafənin az olduğunu, quyunun əvvəllər qazıldığını, oranı hazırda bitki örtüyünün örtdüyünü, həmin quyuda bir damla belə su olmadığını, istifadə olunan az miqdarda suyun isə yerə çökdüyünü, nümayəndənin bildirdiyi yerə axıdılan suyun gedib-çatmadığını, orada drenaj şəbəkəsinin içərisində 2-3 il bundan qabaq nasos quraşdırdığını, bunun qadağan olunmasını bilmədiyini, lakin həmin nasosun artıq ötən ildən mal-heyvana su verilməsi üçün istifadə olunduğunu, heç bir qazıntı aparılmadığını, yenidən baxış keçirilərək araşdırılma aparılmasını istədiyini bildirmişdir. İnzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X4 Bölməsinin 15 oktyabr 2025-ci il tarixli aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon (6-9 saylı zonalar) ərazisində yerləşən obyekt və fərdi yaşayış evlərində xx.xx.2025-ci il tarixdə monitorinqlər keçirərkən Babək rayon, Cəhri qəsəbə sakini Şəxs məxsus Babək rayon, Cəhri qəsəbəsi ərazisində “Fatih” yeməkxanası adı altında pivəbar və çay evi kimi fəaliyyət göstərən obyektdə formalaşan içməli, məişət, tullantı sularının təmizlənmədən təyinatsız şəkildə ilkin olaraq yeraltı plastik borularla açıq arxlara nəql olunduğu, həmin arxlarda isə obyektə yaxın məsafədə keçən “Kollektor-Drenaj” şəbəkəsinə axıdılması faktı aşkar edilmişdir. Həmçinin həmin “Kollektor-Drenaj” şəbəkəsinin yuxarıda qeyd olunan çirkab sular axıdılan hissəsindən təqribi 20-30 metr yuxarı hissəsində heç bir icazə sənədi olmadan özbaşına hidrotexniki qurğu yerləşdirilərək kollektor-drenaj şəbəkəsinə yığılan suların obyektdə istifadə etmək məqsədi ilə götürüldüyü müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı ərazi Vergilər İdarəsinin 06 noyabr 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Şəxs “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında" ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə ********** saylı şahadətnamə (VÖEN) ilə "Yemakxanaların fəaliyyəti" üzrə qeydiyyatdan keçmişdir. Halhazırda onun fəaliyyəti xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 3 saylı Ərazi Vergilər İdarəsi (NMR) tərəfindən dayandırılmışdır və məcburi dövlət sosial sığorta haqqı ödəyicisi deyil. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 67 nömrəli “Torpağın icarə müqaviləsi”nin surətindən aydın olur ki, bələdiyyə mülkiyyətində olan 0.47 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 67 nömrəli icarə müqaviləsi ilə Şəxs istifadə etdiyi yeməkxananın yerləşdiyi və əhatə etdiyi torpaqdan istifadə üçün 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Babək rayonu, Cəhri qəsəbəsində yerləşən 0.4668 ha torpaq sahəsi Babək rayon Cəhri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 67 nömrəli qərarı ilə xx.xx.2021-xx.xx.2036-cı il müddətə Şəxs xeyrinə icarə əsasında yüklü edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki pasportunun surətindən Babək rayonu, Cəhri qəsəbəsində yerləşən yeməkxananın Şəxs məxsus olması aydın olur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında işin materialları ilə tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Azarbaycan Respublikasl Nazirlar Kabinetinin 30 avqust 2023-cü il tarixli 295 nömrəli Qararına əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) forma-laşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. Qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) seçiminə əsasən bu Tələblərin 1-ci və 2-ci hissələrində nəzərdə tutulan qeyri-yaşayış binalarında formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda çirkab sularının kənarlaşdırılacağı yer (son nöqtəsi) və tərkibindəki çirklən-dirici maddələrin qatılıq həddi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (dövlət ekoloji ekspertizasının rəyi) və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (sanitariya-gigiyenik və sanitariyaepidemioloji tələblərinə uyğunluq haqqında arayış) ilə razılaşdırılmalıdır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Göründüyü kimi, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün çirkab quyuları yaradılmalıdır, belə ki, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş, buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuş, obyektdə formalaşan içməli, məişət, tullantı sularının təmizlənmədən yeraltı plastik borularla açıq arxlara nəql olunduğu, həmin arxlardan isə obyektə yaxın məsafədə keçən “Kollektor- Drenaj” şəbəkəsinə axıdıldığı müəyyən olunmuşdur. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında drenajın yanında quyu qazdırdığını və suların da həmin quyuya axıdıldığını, drenajla quyu arasında məsafənin az olduğunu, quyunun əvvəllər qazıldığını, drenaj şəbəkəsinin içərisində 2-3 il bundan qabaq nasos quraşdırdığını, bunun qadağan olunmasını bilmədiyini, beləliklə özbaşına hidrotexniki qurğu tikməsini bildirərək bir növ inzibati xətanı törətməsi faktını etiraf etmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 38-ci maddəsinə əsasən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin məcəllənin 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə, su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda, su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 262.1.1-ci maddəsində su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə görə inzibati xəta tərkibi müəyyən edilmişdir. Həmin maddəyə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İXM-in 264 və 264.0.2-ci maddələrinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Belə ki, İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. İXM-in 34.3.-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.1, 262.2.3 və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-196/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-196/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver