Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-22/2024 29.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid2 və X1 iştirakı ilə, 15 avqust 1979-cu ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), ali təhsilli, evli, iki uşaq atası, Babək rayonu, Məzrə kəndində yaşayan, ev təmiri ilə bağlı ustalıqla məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 29 mart 2024-cü il tarixli, 3-13-43-7/2- 3117/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 29 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdi ki, Şəxs 28 mart 2024-cü ildə Babək rayonu, Məzrə kəndində Məzrə-Naxçıvan marşrutunda olan arvadı Şahid2, öz qızlarına və qayınanasına qarşı nalayiq ifadə işlətmiş və onların üzünə tüpürmüşdü. Şəxs məhkəmə iclasında verdiyi izahatında Gülnarla 22 ildir evli olduğunu, 20 gündür ki, aralarında olan mübahisəyə görə bir evin içərisində ayrı yaşadıqlarını, aralarında mübahisə yaranmasına səbəb isə qızının aldığı əmək haqqından ona 100 manat verməsi olduğunu, özünün başqa bir şəxsə borcu olduğunu, bununla bağlı əlində olan pulu tamamlamaq üçün qızından 100 manat pul aldığını, ancaq Gülnarın buna razı olmadığını, 28 mart 2024-cü ildə arvadının və qızlarının səhər saatlarında evdən çıxıb şəhərə getdiyini gördüyünü, qızlarından birinin Naxçıvan şəhərində oxuduğunu, digərinin isə orada işlədiyini, lakin arvadının şəhərə nə səbəblə getməsindən məlumatlı olmadığından ondan hara getdiyini soruşduğunu, Gülnarın isə ona cavab vermədiyini, bir evdə ayrı yaşasalar da arvadının onun xəbəri olmadan harasa getməsini kişiliyinə qəbul edə bilmədiyini, buna görə də onlar marşrutda olanda maşının qapısını açıb onlara “tü sizin üzünüzə” dediyini, həmin vaxt kəndin marşrutunda təqribən 11-12 nəfər adam olduğunu, bundan başqa əlavə söz demədiyini, hər hansı bir cığır-bağır, səs-küy olmadığını, sonradan əməlimdən peşman olduğunu, bununla bağlı ailə üzvlərindən üzrxahlıq edəcəyini, dünəndən polis idarəsində saxlanıldığından bunu edə bilmədiyini, bir ata kimi qızlarına hirslənməyə, söz deməyə ixtiyarının olduğunu düşündüyünü, işlərin bu həddə gəlib çıxmasına səbəb qayınatasının olduğunu qeyd etmişdi. Şahid2 məhkəmədə verdiyi izahatında Elnurla 22 ildir ki, evli olduğunu, onun əvvəl Bakı şəhərində olduğunu, 04 dekabr 2023-cü ildə evə qayıtdığını, Elnurun demək olar ki, evə hər gün içkili gəldiyini, onu və uşaqlarını təhqir etdiyini, qızının Naxçıvan şəhərində yerləşən “Dan yeri” marketdə işlədiyini, qızı 27 mart 2024-cü ildə işdə olarkən ürək keçməsi olduğunu, buna görə də onu dünən həkimə aparmalı olduğunu, qızı işdən icazə aldığından evdən səhər saatlarında evdən çıxdıqlarını, çünki kəndin birinci marşrutunun saat 0800 də kənddən çıxdığını, Elnur isə evə gec və içkili gəldiyindən, həmçinin son vaxtlar evin içərisində ayrı yaşadıqlarından ona bu barədə nəsə demədiyini, səhər evdən çıxıb kəndin marşrutuna gedənə kimi Elnurun onların arxasınca gəlib özünə və qızlarına qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt səhər olduğundan kəndin küçələrində kiminsə olmadığını, Elnura “həkimə gedirik, gedirsənsə atasan gəl sən də gedək” dediyini, bu zaman Elnurun əlini göyə açaraq “ çox şükür Allah bəlanızı verir” dediyini, kəndin marşrutuna kimi onun arxası ilə gəlib onu və qızlarını narahat etdiyini, sonra marşrutun qapısını açıb onların üzünə tüpürüb getdiyini bildirmişdi. Digər şahid X2 məhkəmədə verdiyi izahatında Babək rayonu, KalbaOruc Dizə kəndində yaşadığını, Məzrə-Naxçıvan marşrutunun sürücüsü işlədiyini, dünən səhər saat səkkizdə kənddən birinci marşrutun çıxmalı olduğunu, maşını məktəbin qarşısında saxladığını, Elnurun yaşadığı evlə maşının dayandığı yer arasındakı məsafənin təqribən bir kilometr olduğunu, bu zaman maşında təqribən 10 - 12 nəfər olduğunu, əvvəlcə Gülnar və onun qızlarının maşına mindiyini, daha sonra isə Elnurun gəlib maşının qapısını açaraq ailəsinə “ tü sizin üzünüzə” dediyini, onun bundan başqa hər hansı hərəkət etmədiyini, maşının qapısını örtüb getdiyini, orada hər hansı bir söyüş və ya çığır-bağır, söz-söhbətin olmadığını, onların maşına minməsinə qədər təqribən 100-150 metr görünüş məsafəsində olduğunu, həmin məsafədə də Elnurla Gülnar arasında hər hansı bir mübahisə olmasını və çığır-bağır eşitməsini görmədiyini, bundan başqa dünən kənd camaatından onlar arsında yolda və ya kənd içində hər hansı mübahisə olmasını eşitmədiyini qeyd etmişdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və məhkəmədə araşdırılmış sübutları tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, işin araşdırılmış hallarından Şahid2 28 mart 2024-cü ildə Babək Polis İdarəsinə ərizə ilə müraciət etməsi, müraciətində Şəxs mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlməsi, ailə üzvlərini nalayiq ifadələrlə təhqir edərək narahat etməsi, 28 mart 2024-cü ildə təqribən saat 08 00 radələrində Babək rayonu, Məzrə kəndində avtobusda qızları və anası ilə bilikdə olan zaman Şəxs camaat içərisində onu, anasını və qızlarını nalayiq ifadələrlə təhqir etməsini bildirmişdi. "Elektron Məhkəmə" informasiya sistemindən olan məlumatlardan, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Şahid2 izahatlarından Şəxslə Şahid2 arasında rəsmi nikah bağlanması müəyyən edilir. Həmçinin onların məhkəmədə verdiyi izahatlarından ayıdın olur ki, hazırda Şəxs ilə Şahid2 arasında ailə münasibətləri pozulmuş və onlar bir evin içərisində ayrı yaşayırlar. Məhkəmənin fikrincə hazırda baxılan işin xarakteri ona deməyə imkan verir ki, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə ilk olaraq qeyd edir ki, birinin cəmiyyət üzvləri arasında digər şəxsə qarşı nalayiq ifadələr işlətməsi, yəni təhqir etməsi inzibati xəta əməlinin tərkibi deyil, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübuta yetirildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Digər bir tərəfdən isə normal ailə münasibətlərində olmayan, daha dəqiq ifadə edilərsə gərgin münasibətdə olan yalnız ər-arvadın bir-birinə qarşı olan izahatlarına əsaslanmaqla şəxsin təqsirli hesab edilməsi ədalətli və obyektiv hesab edilə bilməz. Çünki Şəxs 28 mart 2024-cü ildə Babək rayonu, Məzrə kəndində Məzrə-Naxçıvan marşrutunda olan arvadı Şahid2, öz qızlarına və qayınanasına qarşı nalayiq ifadə işlətməsi həmin marşrutun sürücüsü və hadisənin bilavasitə şahidi olan X1 məhkəmədə verdiyi izahatı ilə öz təsdiqini tapmır. Şəxs əməlinin yönəldiyi əməlin, yəni onun Şahid2, öz övladlarına və ya anasına “tü sizin üzünüzə” ifadəsini işlətməsi şəxsin şərəf və ya ləyaqətinin alçaldılması kimi qiymətləndirilə bilən bir əməldir ki, ki, bu cinayət mühakimə icraatının predmetidir. Hazırda isə aralarında şəxsi ailə münasibətlərindən irəli gələn mübahisələrin davam edən şəxslərin bir-birinin barəsində qeyd etdikləri fikirlərin həqiqiliyi özlüyündə şübhə doğurur. Yəni Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əmilin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, Şəxs təqsiri sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 29 mart 2024-cü il tarixli, ******* protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-22/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-22/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver