Məhkəmə qərarları › İş №3(079)-26/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-26/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-26/2022 29.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə, xx xxxxxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Ərəfsə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, (Fin kod – xxxxxxx) Culfa rayonu, Ərəfsə kəndində qeydiyyatda olan, lakin Babək rayonu, Göynük kəndində yaşayan, fəhləliklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 29 iyun 2022-ci il tarixli, 55535/1xx-xx/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 iyun 2022-ci il tarixli, 012286 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Şəxs törətməsi istinad edilən inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Culfa Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(089)-227/2021 nömrəli icra sənədindən X2 Şəxs qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 607 (altı yüz yeddi) manat məbləğində pul alınaraq X3 verilməsinin qət edilməsi müəyyən edilir. Bu qeyd edilən isə ilkin şərtin mövcudluğunu təsdiq edir. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, inzibati xəta haqqında protokolda, ona əlavə edilmiş icra məmuru tərəfindən Şəxs göndərilmiş 12 may və 16 may 2022-ci il tarixli, 55535/1xx-xx/2022 nömrəli xəbərdarlıqlarda Şəxs icra sənədində göstərilən borcunu tam icra etməməsi qeyd edilsə də, Şəxs məhkəməyə təqdim etdiyi X2 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə təqdim etdiyi 29 iyun 2022-ci il tarixli ərizəsindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə bütün borcunu ödəmiş, hazırda Şəxs ona borcu yoxdur. Bundan başqa Şəxs isə məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Göynük kəndində yaşadığını, borclu olduğu şəxs X2 isə Babək rayonu, Məmmədrza Dizə kəndində mağaza işlətdiyini, onun mağazasından evə ərzaq məhsulları aldığını və nəticə ona borcu yarandığını, Ceyhunun onu məhkəməyə verdiyini, Culfa Rayon Məhkəməsi tərəfindən işə baxıldıqdan sonra Ceyhuna 150 manat pul ödədiyini, lakin bununla bağlı əlində rəsmi bir sənəd olmadığını, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verildikdən sonra yaranmış borcu yaxınlarının köməyi ilə bu gün qarşı tərəfə verdiyini, icra məmuru tərəfindən borcun ödənilməsi üçün üç dəfə icra şöbəsinə çağırıldığını və xəbərdarlıq edildiyini, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, evli olduğunu, iki uşağının olduğunu, arvadının da işləmədiyini, əməlindən çox peşman olduğunu, hazırda özünün evlərdə fəhləlik etməklə, arvadının isə çöllərdən ot yığıb satmaqla ailəni dolandırdıqlarını, maddi vəziyyətlərinin çox pis olduğunu, fəhləliklə əldə etdiyi qazancının ailənin ehtiyaclarını ancaq ödədiyini qeyd edərək, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilənlərdən görünür ki, Şəxs Culfa Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(089)-227/2021 nömrəli icra sənədi üzrə bütün borcunu icra etmişdi. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, əvvəl 150 (bir yüz əlli) manat ödəniş etmiş, yaranmış borcunu isə məhkəmədə işə baxılanadək tam icra etmişdi və onun məhkəmə qərarının lazımınca və vaxtında icra etməməsi üzürlü səbəbdən yaranmışdı. Bu isə o deməkdir ki, hazırda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 29 iyun 2022-ci il tarixli, 012286 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar