Məhkəmə qərarları › İş №3(079)-27/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-27/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-27/2021 17.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi ilə xx xxxx 1950-ci ildə Naxçıvan rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – xxxxxxx) Babək rayonu, Xəlilli kənd sakini, pensiyaçı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m : Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin “12” avqust 2021-ci il tarixli, 1/737 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 17 avqust 2021-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs “26” iyul 2021-ci ildə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş, yəni “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd edilən Məcəllənin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi inzibati xəta əməlinin dispozitiv şərtlərindən aydın olur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsindən məlum olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi qeyd edilən Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə yaranır. Hüquq normasından da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: - nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı onun barəsində əvvəllər inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin əməli təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş, iş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilməsi barədə protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, 06 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında 26 iyul 2021-ci ildə Naxçıvan şəhərində Milli Yeməklər adlanan yerdə bir bakal pivə içdiyini, daha sonra özünə məxsus olan maşınla yaşadığı evə, yəni Babək rayonu, Xəlilli kəndində gedərkən yolda onu Şıxmahmud kəndinə çatmağa az qalmış polislərin onu saxladığını, bundan sonra onu müayinə etmək məqsədi ilə xəstəxanaya apardıqlarını, orada sərxoş olmasının müəyyən edildiyini, bundan sonra polislərin ondan sürücülük vəsiqəsini ondan alğını, ötən il də eyni əmələ görə barəsində inzibati qaydada cərimə qərarının qəbul edildiyini, həmin cəriməni ödədiyini, tutduğu əməldən peşman olduğunu qeyd edərək, hazırda pensiyaçı olduğu və yaşlı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun tarixli 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.1 və 3.2-ci bəndlərinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 2.4-ci bəndi ilə müəyyən edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilməsi” barədə 26 iyul 2021-ci il tarixli, 34 nömrəli protokoldan görünür ki, Şəxs hərəkət və davranışında sərxoşluq əlamətləri olduğundan o, alkotestr müayinəsindən imtina etmiş və bu səbəbdən də o, tibbi müayinəyə göndərilmişdi. Naxçıvan Şəhər Təcili X3 hüquqi şəxs tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli, 2559 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan aydın olur ki, Şəxs qanında alkoqolun konsentrasiyası 0.63 promillidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə görə barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. İnzibati xəta haqında protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin 06 sentyabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından isə müəyyən edilir ki, Şəxs 06 sentyabr 2020-ci ildə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsinə görə onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərarın qəbul edilməsindən bir il keçməyib. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron informasiya sistemindən çıxarılmış məlumatdan da aydın olur ki, Şəxs 06 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 333.1-ci maddəsində qeyd edilən inzibati xəta əməlini törətmiş və onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və cərimə ödənilmişdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi cərimə və həbs tənbeh növü qeyd edilmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsi ilə müəyyən edilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hüquq normasının tələbindən görünür ki, Şəxs barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Belə ki, o, hazırda 65 yaşını tamam edib. Bu səbəbdən də Şəxs barəsində təqsirləndirildiyi inzibati xəta əməlində nəzərdə tutulmuş digər tənbeh növü olan cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Onun əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmədə araşdırılan sübutlardan aydın olur ki, Şəxs hazırda 71 yaşındadır, deməsinə görə 250 manat məbləğində pensiya alır. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Bundan əlavə şəxsin təqsirləndirildiyi əməlin-maddi hüquq normasının sanksiya hissəsindən aydın olur ki, həmin əməlin törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılmasının əlavə tənbeh növü kimi təyin edilməsi imperativ xarakter daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinin tələbinə görə fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş əşyaların və sənədlərin götürülməsi barədə 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs məxsus AE seriyalı, 878839 nömrəli sürücülük vəsiqəsi götürülmüşdü. Şəxs tərəfindən inzibati xəta əməlinin törədilməsi zamanı ona məxsus olan AE seriyalı 878839 nömrəli sürücülük vəsiqəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.2-ci maddəsinə əsasən götürüldüyündən məhkəmə bildirir ki, qərar qanuni qüvvəyə mindikdən sonra sürücülük vəsiqəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə isə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli fərmanının 4.9-cu bəndinə əsasən həmin Məcəllənin 152.2, maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla onun barəsində 420 (dörd yüz iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsi tərəfindən verilmiş AE seriyalı, 878839 nömrəli sürücülük vəsiqəsi bu qərar qanuni qüvvəyə mindikdən sonra onu verən orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar