Məhkəmə qərarları › İş №3(079)-27/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-27/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-27/2024 18.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraxanbəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod–xxxxxxx) Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan, lakin Babək rayonu, Şəkərabad kəndində yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 18 aprel 2024-cü il tarixli, 57171/2xx-xx/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə 18 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokol tərtib edən orqan Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(078)-622/2021 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, onun həmin icra sənədi üzrə yaranmış borcunu ödəməkdən yayınması ilə təqsirləndirmişdi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 məhkəmədə verdiyi izahatında icra sənədinin 23 iyun 2022-ci il tarixli qərara əsasən aidiyyəti üzrə şöbəyə göndərildiyini, həmin icra sənədi üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 11 mart 2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul etdiyini, qərarın tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərildiyini, icra sənədi şöbəyə daxil olduqdan sonra bu barədə borcluya bildiriş göndərildiyini, Şəxs əvvəllər Nəqşicahan inşaatda işədiyinə görə tələbin onun əmək haqqına yönəldiyini, lakin o, 2023-cü ilin oktyabr aynda işdən çıxdığını, borclunun bu günə olan aliment borcunun 5551 manat təşkil etdiyini, Şəxs 2024-cü ilin mart ayının 4-də 40 manat, 29-da 100 manat 98 qəpik, 01 fevral 2024-cü ildə 188 manat 10 qəpik, 26 fevral 2024-cü ildə 138 manat 60 qəpik ödədiyini, bu ilin yanvar ayında isə 210 manat tələbkara ödədiyini bildirərək onun şəklini təqdim etsə də, həmin məbləğin köçürüldüyü hesab barədə ona hər hansı bir sənəd təqdim edilmədiyini, tələbkarın isə ona həmin ay pul ödəmədiyini bildirdiyini, borclu 2023-cü ilin oktyabr ayında işdən çıxdıqdan sonra noyabr-dekabr ayında ödəniş etməsi ilə bağlı icra şöbəsinə hər hansı sənəd təqdim etmədiyini, 2023-cü il üzrə şöbəyə verilən sonuncu qəbzin tarixinin həmin ilin aprel ayına aid olduğunu və məbləğinin 49 manat 50 qəpik təşkil etdiyini, borclu işlədiyi dövr ərzində alimentin onun əmək haqqından tutulduğunu, hazırda xeyrinə aliment tutulmalı olan uşaqlardan birinin 2023-cü ilin sentyabr ayında 18 yaşı tamam olduğundan həmin vaxtdan Şəxs 200 manat məbləğində aliment tutulduğunu, icra sənədi üzrə tələb onun əmək haqqına yönələn zaman onun 4810 manat borcu olduğunu, 30 dekabr 2022-ci ildə onun işdən çıxdığını, 20 aprel 2023-cü ildə isə onun yenidən işə girdiyini, həmin dövr ərzində onun ödəniş etməsi barədə şöbədə sənəd olmadığını, Şəxs Bakı şəhərində yaşadığını, hazırda isə bacısının evində qaldığını, buna görə onun evinə tələbin yönələ biləcəyi əmlakın olub-olmamasının müəyyən edilməsi üçün baxış keçirilə bilmədiyini qeyd etmişdi. Şəxs məhkəmədə verdiyi izahatında Səkinə ilə 2004-cü ildə ailə qurduğunu, həmçinin onunla uzaq qohumluq münasibətlərinin olduğunu, birgə nikahlarından üç uşaq dünyaya gəldiyini, 2021-ci ildə boşandıqlarını, boşanan zaman ondan bir uşaq üçün 100 manat aliment tutulmasının qərara alındığını, özünün məhkəmə qətnaməsi çıxanadək olan dövr üçün ödəniş etmədiyini, həmin vaxt xəstə olduğunu, bununla bağlı 2022-ci ildə 10 müddətinə inzibati qaydada həbs edildiyini, həmin vaxt həbs edildiyi üçün işini itirdiyini, məhkəmə qətnaməsi çıxdıqdan sonra isə hər ay 300 manat ödədiyini, Naxçıvan şəhərində olanda aliment pulunu əldən verdiyini, Bakı şəhərində olanda isə bunu hesabdan hesaba və Milli ön aparatlarından ödədiyini, tələbkarın Araz restoranında işlədiyini, banka kredit borcu olduğundan onun kartına atdığı pulların kreditə tutulduğunu, buna görə də sonradan alimenti qarşı tərəfin ona göndərdiyi müxtəlif kart hesablarına göndərdiyini, son zamanlar isə tələbkara başqa bir kart almasını təklif etdiyini və onu adına kart alındıqdan sonra alimenti həmin karta köçürdüyünü, Nəqşicahan inşaatda işə girdikdən sonra alimentin hər ay onun əmək haqından tutulduğunu, əmək haqqında tutulma aparıldığı üçün yaranmış aliment borcunun ödənilməsi ilə bağlı hər hansı bir hərəkət etmədiyini, çünki bunun əmək haqqından tutuduğunu düşündüyünü, 2023-cü ilin oktyabr ayında işdən çıxdığını, lakin buna baxmayaraq hər ay ödəniş etdiyini, 2024-cü ilin mart ayının 4-də 40 manat, 29-da 100 manat, fevral ayında iki dəfə olmaqla, bir dəfə 190 manat, bir dəfə isə 140 manat, yanvar ayında 210 manat, 2023-cü ilin dekabr ayında da 210 manat ödəniş etdiyini, 2024-cü ilin yanvar ayında alimenti tələbkarın ona göndərdiyi karta göndərdiyi, hesabın Xətai adlı şəxsə məxsus olduğunu, 2023-cü ilin noyabr ayında ödəniş etsə də məbləğini xatırlamadığını, hazırda oğlunun hərbi xidmətdə olduğunu, onun savaşdığını və barəsində hərbi prokurorluqda iş olduğunu, bunu ona gec dediklərini, buna görə işini-gücünü atıb buraya gəldiyini, bundan sonra onun icra şöbəsinə gətirildiyini, alimentdən başqa uşaqları ara-sıra istədikcə az məbləğlər olmaqla pul verdiyini bildirmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(078)-622/2021 nömrəli icra sənədindən məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qətnaməsi əsasında Şəxs 16 may 2021-ci il tarixdən hesablanmaqla 08 sentyabr 2005-ci il təvəllüdlü X2, 29 iyul 2006-cı il təvəllüdlü X4 və 18 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, üç uşağa görə cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq BaxşZərərçəkmiş şəxs ödənilməsinin qət edilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqlardan Şəxs icra sənədində göstərilən aliment məbləğini tam icra etməməsi, onun hazırda icra sənədi üzrə 5551 manat borcunun olması müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, işdə iştirak edən şəxslərin izahatlarından borclunun işlədiyi dövr ərzində tələbin onun əmək haqqına yönəlməsi, 2023-cü ilin sentyabr ayının 8-də xeyrinə aliment tutulan uşaqlardan birinin 18 yaşı tamam olması, yəni həmin vaxtdan ona münasibətdə borclunun aliment öhdəliyinə xitam verilməsi, bundan sonra onun tələbkara hər ay 200 manat miqdarında aliment ödəməli olması, onun həmin məbləği 2024-cü ilin aprel ayınadək qısa fasilələrlə tələbkara aliment ödəməsi, həmçinin Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin 27 sentyabr 2021-ci ildə qəbul edilməsinə baxmayaraq, onun 04 mart 2022-ci ildə icraya yönəlməsi, borclunun da aliment öhdəliyi üzrə yaranmış əsas borcunun mühüm hissəsinin (təqribən 3700 manat) məhz həmin dövrə təsadüf etməsi müəyyən edilir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan isə onun adına tələbin yönələ biləcək əmlak və gəlirinin olması, həmçinin aliment borcunu ödəməyə maddi imkanın yetərli olması ilə bağlı hər hansı məlumata rast gəlinmir. İşdə iştirak edən şəxslərin izahatlarından görünür ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(078)-622/2021 nömrəli icra sənədi üzrə hərəkətsiz deyil, tələb əvvəlcə onun əmək haqqına yönəlmiş, o, işdən azad olunduqdan sonra isə ardıcıl olaraq hər ay ödənişlər həyata keçirmişdi. "Elektron Məhkəmə" informasiya sistemində onun adına əmlak və gəlirlərinin olmaması ilə qarşılıqlı şəkildə əlaqələndirdikdə, Şəxs maddi imkanının yaranmış borcun ödəməsi üçün yetərli olmadığını deməyə imkan verir. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyəti, yəni məhkəmə qərarının icrası üçün onun faktiki imkanlarının olması, onun həmin icra sənədinin icra ilə bağlı hərəkətsiz qalmamasını, həmçinin icra sənədi üzrə borcunu son zamanlarda ardıcıl, yəni fasiləsiz olaraq ödəməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(078)-622/2021 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 18 aprel 2024-cü il tarixli, ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar