Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-28/2022 11.08.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi ilə xx xxxxx 1993-cü ildə Şərur rayonu, Mahmudkənd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şərur rayonu, Mahmudkənd kənd sakini, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, (Fin kod – xxxxxxx) işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 11 avqust 2022-ci il tarixli, 6-1767 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 11 avqust 2022-ci il tarixli, 0444 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə H.Əliyev adına X6 satış məqsədi olmadan şəxsi istehlak miqdarında 0.12 qram “metamfetamin” psixotrop maddəsini əldə etmiş və daşımışdır. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törədilməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətə cəlb edilmənin əsasları müəyyən edilib. Həmin maddənin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində isə inzibati xəta əməlinin anlayış verilib ki, qeyd edilən maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs əməlində qeyd edilən dispozitiv şərtlərin mövcud olması ilə bağlı isə məhkəmə bildirir ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində psixotrop maddə, həmçinin narkotik vasitə, psixotrop maddələrin və prekursorların dövriyyəsi və qanunsuz dövriyyəsinin anlayışları verilmişdir. Həmin maddəyə əsasən psixotrop maddələr - Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu cür təsnif edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı təbii və ya süni maddələr, təbii materiallar, habelə qanunvericiliklə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və sui-istifadə zamanı insanların sağlamlığı üçün təhlükə yaradan digər vasitələr və materiallardır. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların saxlanılması, alınması, bölüşdürülməsi, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla həyata keçirilən narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla bağlı törədilən hər hansı hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıdan aydın olur ki, metamfetamin psixotrop maddədir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsində şəxsi istehlak miqdarının anlayışı öz əksini tapıb. Həmin maddənin 1 və 2-ci hissələrinə əsasən gəlir əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi, habelə həmin şəxslərin narkomanlıq xəstəliyinə düçar olan şəxslərdən fərqləndirilməsinin təmin edilməsi məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarı müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ikinci siyahıya əsasən psixotrop maddə olan metamfetaminin 0,15 qramadək olan miqdarı şəxsi istehlak miqdarına aiddir. Yuxarıda qeyd edilən maddi hüquq normalarını Şəxs törətdiyi əməllə qarışlılıqlı şəkildə tədqiq etdikdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Bu inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, şahidlərin ifadələri və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş axtarış və götürmə aparılması haqqında 09 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 04 ədəd fotoşəkillərdən görünür ki, Şəxs üzərində aparılmış axtarış zamanı təmiz çəkisi 0,12 qram olan ağ rəngli, kristal halında “metamfetamin” psixotrop maddəsinə bənzər maddənin olduğu müəyyən edilmiş və götürülmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli, 208 saylı rəyindən isə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla Babək rayonunu Badaşqan kəndində yaşayan Şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş “0,12 qram metamfetamin psixotrop maddəsinə bənzər maddə” əl yazısı və imzalar olan kağız paketin içərisindəki bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.12 qram ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə psixotrop maddə olan metamfetamindir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin Y.Budaqov adına X1 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı, dispanserdə sidik narko-test vasitəsilə müayinə olunduğu, abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. Bundan əlavə Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında 2-3 ay bundan əvvəl işləmək məqsədilə Bakı şəhərinə getdiyini, orada olduğu müddətdə ilk dəfə Suraxanı rayonu ərazisində tanımadığı bir şəxsin ona qarşılıqsız “şüşə” adı ilə tanınan “metamfetamin” adlı maddə təklif etdiyini, həmin maddəni götürüb istifadə etdiyini, daha sonra Naxçıvana qayıtdığını, 08 avqust 2022-ci il tarixdə orada yaşayan bacısını görmək məqsədilə yenidən Bakıya getdiyini, ilk dəfə maddəni aldığı adamla yenidən həmin yerdə, Suraxanı rayonu ərazisində görüşüb 25 manata bir bükümdə “metamfetamin” aldığını, həmin vaxt ondan istifadə etmədiyini, alıb şalvarının cibinə qoyduğunu, məqsədinin isə ondan istifadə etmək olduğunu, aldığı adamın adını, soyadını bilmədiyini, 09 avqust 2022-ci il tarixdə Naxçıvana qayıtmaq üçün Bakı Beynəlxalq Hava Limanına getdiyini, Naxçıvana saat 1700-da reysinə bilet aldığını, həmin reyslə Naxçıvana qayıtdığını, hava limanından çölə çıxdıqda mülki geyimli şəxslərin ona yaxınlaşdığını, Naxçıvan MR DTX əməkdaşı olduqlarını bildirdiklərini, üzərində qadağan olunmuş maddə olduğu barədə məlumatlı olduqlarını bildirərək bu barədə soruşulduğunu, onun isə cibində “metamfetamin” adlı psixotrop maddə olduğunu bildirdiyini, onun təqdim edilməsini təklif etdiklərini, könüllü olaraq şalvarının sağ cibindən çıxararaq təqdim etdiyini, iki nəfər kişi cinsindən olan əvvəlcədən tanımadığı hal şahidlərinin iştirakı ilə bükümün açıldığını, elektron tərəzidə çəkildiyini, maddənin miqdarının 0.12 qr olduğunu, şəkillərin çəkilərək ağzı möhürlənərək götürüldüyünü, bundan sonra xx.xx.2022-ci il tarixdə Babək Rayon Polis İdarəsində barəsində tutma tətbiq edildiyini, Naxçıvana gəldiyi gün psixotrop maddədən istifadə etmədiyini və sərxoş vəziyyətdə olmadığını, özünün faktiki olaraq evli olmaqla 1 azyaşlı övladının olduğunu, rəsmi nikaha daxil olmadığını, törətdiyi əməldən səmimi peşman olduğunu, belə bir əmələ bir daha yol verməyəcəyini bildirmişdir. Şahid1 verdiyi izahatında Naxçıvan şəhər 5 saylı Mənzil İstismar Təşkilatında çilingər vəzifəsində çalışdığını, xx.xx.2022-ci il tarixdə X8 Limanına getdiyini, saat 19 radələrində DTX əməkdaşı olduğunu bildirən iki nəfərin ona yaxınlaşaraq hadisəyə şahidlik etməsi üçün dəvət olunduğunu, bununla razılaşdığını, orada həmin şəxsin Şərur rayonu Mahmudkənd kənd sakini Şəxs olduğunun ona məlum olduğunu, onu əvvəlcədən tanımadığını, aralarında düşmənçilik ədavət olmadığını polis əməkdaşlarına bildirdiyini, polis idarəsində Turqudun üzərinə baxış keçirilən zaman özündən əlavə bir hal şahidinin də olduğunu, polis əməkdaşlarının ondan üzərində qadağan olunmuş maddə olubolmamasını soruşduqlarını, Turqudun isə əynindəki şalvarın sağ qabaq cibindən kağıza bükülmüş özünün bildirdiyinə görə metamfetamin olan psixotrop maddəni DTX əməkdaşlarına təqdim etdiyini, əməkdaşların həmin bükümü onların iştirakı ilə açdığını, bükümün içərisində şüşəyəbənzər ağ rəngdə maddə olduğunu, sonra əməkdaşların onların iştirakı ilə həmin maddəni elektron tərəzidə çəkdiklərini, şəkillərini çəkdiklərini, maddənin çəkisinin 0.12 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Şahid2 verdiyi izahatında xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq X8 Limanı ərazisində olarkən DTX əməkdaşı kimi özünü təqdim edən şəxslərin ona hadisə ilə bağlı şahidlik etməyi təklif etdiklərini, onun da bu xahişi qəbul etdiyini, orada həmin şəxsin Şərur rayonu Mahmudkənd kənd sakini Şəxs olduğunu bildirdiklərini, onu əvvəlcədən görmədiyini və tanımadığını, aralarında düşmənçilik ədavət olmadığını polis əməkdaşlarına bildirdiyini, polis idarəsində Turqudun üzərinə baxış keçirilən zaman özündən əlavə bir kişi cinsindən olan hal şahidinin də olduğunu, həmin hal şahidini də ilk dəfə gördüyünü, polis əməkdaşlarının Turqud adlı şəxsdən üzərində qadağan olunmuş maddə olub-olmamasını soruşduqlarını, Turqudun isə cibində psixotrop maddə olan metamfetamin olduğunu bildirdiyini, onun könüllü təqdim edilməsinin təklif edildiyini, Turqudun əynindəki şalvarın sağ qabaq cibindən tünd rəngli kağıza bükülmüş özünün bildirdiyinə görə metamfetamin olan psixotrop maddəni DTX əməkdaşlarına təqdim etdiyini, əməkdaşların həmin bükümü onların iştirakı ilə açdığını, telefonla şəkillərini çəkdiyini, bükümün içərisində şüşəyəbənzər şəffaf rəngsiz maddə olduğunu, sonra əməkdaşların onların iştirakı ilə həmin maddəni elektron tərəzidə çəkdiklərini, maddənin çəkisinin 0.12 qram olduğunu, həmin bükümün kağız zərflə qablaşdırıldığını, onların imzası ilə imzalandığını və möhürləndiyini bildirdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinin 4-cü hissəsi ilə müəyyən edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarda istehlakı ilə bağlı əməllər şəxsin inzibati məsuliyyətə, şəxsi istehlak miqdarından yuxarı miqdarla bağlı olan əməllər isə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəbdir. X7 Məcəlləsinin 206-cı maddəsinin qeyd hissəsində satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxsin bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi göstərilsə də hazırda qeyd edilən hal mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətadır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Göstərilən hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən də biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını nəzərə alan məhkəmə hesab edir ki, ona 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İnzibati həbs tənbeh tədbirinin nə vaxtdan hesablanması məsələsinə gəldikdə isə işin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 11 avqust 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması müddəti 11 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.3-cü maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən tibbi yoxlama yalnız şəxsin narkomanlıq xəstəliyinə düçar olmasının ("narkoman" olduğunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyət formasından asılı olmayaraq narkoloji-tibb müəssisələrində həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda Şəxs məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki halını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Şəxs üzərindən götürülmüş 0.12 qram metamfetamin psixotrop maddəsinin hüquqi taleyi ilə bağlı isə qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.11 və 94.12-ci maddələrinin mahiyyətinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən aydın olur ki, ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,12 qram metamfetamin psixotrop maddənin 0.03 qramı tədqiqat üçün istifadə edilmişdir. Qanunvericiliyin qeyd edilən normasını və işin faktiki halını rəhbər tutmaqla iş üzrə götürülmüş maddi sübutun taleyi ilə bağı məsələni müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0.09 qram metamfetamin psixotrop maddə qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Naxçıvan Muxtar Respublikası Narkomanlığa və X2 X5 üzrə Komissiyasının 15 iyul 2015-ci il tarixli, 1-QR nömrəli qərarı ilə müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası ərazisində məhkəmə, istintaq və təhqiqat orqanlarının qərarı əsasında narkotik vasitələrin və psixotrop maddələrin və onların prekusorlarının məhv edilməsini Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası həyata keçirir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, onun barəsində 1 (bir) ay inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin müddəti 11 avqust 2022-ci il tarixdən hesablansın. Bu qərar inzibati həbs tənbeh tədbirinin tətbiqinə dair hissədə dərhal icra olunsun və o Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 0,09 (sıfır tam yüzdə doqquz) qram metamfetamin psixotrop maddə qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə məhv edilsin. Maddi sübutun məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-28/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-28/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver