Məhkəmə qərarları › İş №3(079)-28/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-28/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-28/2023 20.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, 25 mart 1971-ci ildə Türkiyə Respublikası Batman şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı (Seri №: A06M16833), evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, 1 (bir) azyaşlı uşaq atası, Türkiyə Respublikası, Batman şəhəri, Mərkəz, Özlem dairəsi, 4-cü mərtəbə, 7-ci mənzildə qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 30 yanvar 2023-cü il tarixdə zərərçəkmiş şəxs Özlem X1 Rayon Polis İdarəsinə müraciət edərək 2019-cu ildə Özlem Cengizle ailə həyatı qurduğunu, onunla nikaha düşdükdən sonra Cengizin nikaha düşməkdə əsas məqsədinin burada sərbəst yaşamaq olduğunu öyrəndiyini, birgə nikahdan bir övladının olduğunu, heç vaxt yola gedə bilmədiklərini, evə baxmadığını, psixoloji probleminin olduğunu, evə gəlib girib onu döydüyünü, bu hadisənin dəfələrlə təkrarlanmasına baxmayaraq barəsində tədbir görülmədiyini, onun yaşadığı evdən çıxarılmasına köməklik göstərilməsini xahiş etdiyini, onu çox döyüb təhqir etdiyini, 3 ildir ki, ailə münasibətlərinin pozulduğunu bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 fevral 2023-cü il tarixli, 010493 nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, X7 12 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahatında Türkiyə Respublikası vətəndaşı olduğunu, 26 ildir Naxçıvanda yaşadığını, Azərbaycan dilində sərbəst şəkildə yaza və danışa bildiyini, faktiki olaraq ünvan 2 ünvanında yaşadığını, 2019-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olduğunu, həmin nikahdan 1 övladının dünyaya gəldiyini, ondan əlavə Gülnarənin birinci nikahdan olan azyaşlı oğlunun da onlarla birlikdə yaşadığını, ailə qurduqdan sonra bir müddət Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, daha sonra Babək şəhərindən torpaq alıb ora yaxın evdə kirayədə yaşayaraq ev tikdiklərini, evi tikib köçdükdən sonra Gülnarə ilə münasibətlərinin pozulmağa başladığını, mübahisələri hər dəfə əsassız yerə Gülnarənin çıxardığını, ona acıqlanıb azyaşlı uşaqları tez-tez döyüb incitdiyini, bu kimi səbəblərdən də artıq ailə münasibətlərinin kağız üzərində davam etdiyini, eyni evdə ayrı otaqlarda yaşadıqlarını, Gülnarənin üç ildir ki, onun barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər ünvanladığını, məhkəmə qətnaməsi əsasında birgə nikahdan olan uşağın saxlanılması üçün hazırda aliment müəyyən edildiyini, nikahın pozulması ərəfəsində olduqlarını, 2023-cü ilin yanvar ayında uşağın kirvəsi Xəyal Rzayevin ona zəng edərək Gülnarənin Xəyalın arvadından onlara olan borcunu niyə ödəmədiyini soruşduğunu, özünün isə Gülnarədən niyə belə etdiyini soruşduğunu, Gülnarənin isə onu söyərək qarşılıq verdiyini, əsəbləşib onu bir neçə dəfə şillə ilə vurduğunu, həmin vaxt azyaşlı oğlunun yanlarında olduğunu, bundan bir neçə gün sonra Bakı şəhərinə getdiyini, qayıtdıqda yenə aralarında mübahisə yarandığını, yaşadıqları evin küçəsində oğlunun yanında yenə Gülnarəni təpiklə vurduğunu, hər iki hadisə zamanı ayıq olduğunu, spirtli içki qəbul etmədiyini, törətdiyi əməldən peşman olduğunu, barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərkən tutma tətbiq edildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və şahid qismində izahat verən Zərərçəkmiş şəxs X7 adlı Türkiyə Respublikası vətəndaşı ilə 2019-cu ildə ailə həyatı qurduğunu, bunun ikinci evliliyi olduğunu, birinci nikahından olan oğlu və Cengizle birlikdə bir müddət Naxçıvan şəhərində kirayədə yaşadıqdan sonra, atasının aldığı Babək şəhəri, Sabir küçəsində yerləşən torpaqda ev tikib 2021-ci ilin sentyabrında oraya köçdüklərini, birgə nikahdan bir oğlunun dünyaya gəldiyini, bir müddət normal yola getmələrinə baxmayaraq Cengizin başqa qadınla münasibətinin yarandığını və evə gec gəlməyə başladığını, münasibətlərinin buna görə pozulduğunu, artıq evə və uşağa baxmadığını, evdə ayrı otaqlarda yaşadıqlarını, Cengizin evinə baxmaması və xəyanəti ilə barışa bilmədiyini, buna görə də münasibətlərinin pozulduğunu, dəfələrlə onu qoruması üçün Polisə müraciətlər etdiyini, lakin düzələn heç nə olmadığını, hazırda nikahın pozulması ilə bağlı mübahisələrinin mediasiya mərhələsində olduğunu, 2023-cü ilin yanvar ayının 6-da aralarında mübahisə yarandığını, həmin vaxt şillə ilə dəfələrlə onu vurduğunu, həmçinin başını divara vurduğunu, həmin vaxt qolunda və ayağında göyərmə izləri olduğunu, lakin ekspertiza üçün müayinəyə bundan iki həftə sonra aparıldığından artıq bədənində heç bir izin qalmadığını, lakin Cengizin özünün də bütün bunları etiraf etdiyini, həmçinin bu hadisədən sonra fevral ayının 9-da alimentlə bağlı məhkəməyə müraciət etdiyimdən yenidən yaşadıqları evin küçəsində onu təpiklə vurduğunu, hazırda bütün bədənində xəsarət izləri olduğunu, artıq can güvənliyinin olmadığını, azyaşlı uşaqlarının gözü önündə dəfələrlə döyüldüyünü, bütün bunların nəzərə alınmasını və barəsində qanuni tədbir görülməsini xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Babək rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, X5 əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 79 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində məhkəmə tibbi ekspertizası zamanı hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 06 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən X7 20 fevral 2023-cü il tarixdə saat 10:05-da inzibati qaydada tutulmuş, həmin tarixdə 15:15-də azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi və həmin əməlin X7 tərəfindən törədilməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında şahid kimi dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 79 saylı canlı şəxsin ekspertizası üzrə rəylə bağlı qeyd edir ki, sözügedən rəy sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Belə ki, rəydən bəlli olur ki, ekspertiza xx.xx.2023-cü il tarixdə, inzibati xəta hadisəsinin törədilməsindən kifayət qədər müddət keçdikdən sonra keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə belə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “qeyd” hissəsinin 2-ci bəndində bildirilmişdir ki, bu Məcəllədə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda sağlamlıq əleyhinə olan inzibati xətadır. X5 əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.1 maddələrinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə şəxsə 15 (on beş) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, X5 törətdiyi inzibati xətanın sağlamlıq əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halı nəzərə alan məhkəmə hesab edir ki, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib etmək məqsədilə 20 fevral 2023-cü il tarixdə saat 10:05-da inzibati qaydada tutulmuş, həmin tarixdə 15:15-də azad edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar